Keçmiş döyüşçülər: “Məsələ vətəndirsə, yaşımız 18-dir!” - VİDEO
05 oktyabr 2020 14:20 (UTC +04:00)

Keçmiş döyüşçülər: “Məsələ vətəndirsə, yaşımız 18-dir!” - VİDEO

Qarabağ döyüşlərinin iştirakçısı olan, müxtəlif vaxtlarda düşmənə qarşı uğurlu əməliyyatlarda iştirak edən keçmiş döyüşçülər yenidən döyüşlərə qatılmaq istəyirlər.

Lent.az APA TV-yə istinadən məlumat verir ki, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinə toplanan döyüşçülər bu təşəbbüs ətrafında müzakirələr aparıblar.

Onlar dəfələrlə ağır güllə yaraları almalarına baxmayaraq, hər an Ali Baş Komandanın əmri ilə döyüşlərə qatılmaq arzusunda olduqlarını əzmlə vurğulayıblar.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahov deyir ki, Qarabağ ərazilərini yaxşı tanıdığımız üçün bizim səfərbərliyə alınmağımız yaxşı olar: “Mən və dostlarımız belə düşünürük ki, biz keçmiş döyüşlərdə iştirak edib, Dağlıq Qarabağ ərazilərini yaxşı tanıdığımız üçün bizim səfərbərliyə alınmağımız yaxşı olar. Biz sağlamlığımızı qismən itirmiş olsaq belə, vətən, torpaq naminə sağlamlıq vəziyyətimizdən asılı olmayaraq, döyüşlərdə canla-başla iştirak edə bilərik. Erməniləri tarixən hamımız tanıyırıq. Onlar bir torpaqda yaşayıb sonra oranı özününküləşdirməyi bacaran millətdir. Ancaq biz buna imkan verməyəcəyik”.

Keçmiş döyüşçü Mehman Məmmədov deyir ki, 90-cı illərdə onların arxasında havadarları olmasaydı, biz onları çoxdan əzib keçmişdik: “Erməniləri hamımız çox gözəl tanıyırıq. İşləri ancaq və ancaq başqa dövlətlərdən torpaq iddialarıdır. Amma onlar bizim qarşımızda heç bir zaman dayana bilməzlər. Yalnız arxalarında duran bəzi güclərə görə bizim əraziləri işğal ediblər. 90-cı illərdə onların arxasında havadarları olmasaydı, biz onları çoxdan əzib keçmişdik”.

Ermənilərin bütün hiyləgər, mənfur əməllərinə yaxşı bələd olan qazilər bu döyüşlərdə də onların öz əməllərini həyata keçirmək üçün bütün iyrənc vasitələrdən istifadə edəcəklərini bildirirlər. Çünki ermənilər açıq döyüşlərdən hər zaman qaçan, yalnız hiylə və saxtakarlıqla, dünyanın heç bir ordusunda olmayan yalançı hərbi taktikalara əl atan toplumdurlar. Lakin hər zaman bu taktikaları onları gülünc vəziyyətə salıb. Onlar öz təcrübəsizliklərini, qorxaqlıqlarını bu yollarla pərdələməyə çalışıblar:

İstefada olan zabit İlhan Binnətovun sözlərinə görə, ermənilər körpələrə, uşaqlara, qadınlara zülm etməyi, dinc insanlara əzab verməyi özlərinə qəhrəmanlıq bilirlər: “Biz illər ərzində ermənilərin mənfurluğunu, şərəfsizliyini, qəddarlığını gördük. Onlar körpələrə, uşaqlara, qadınlara zülm etməyi, dinc insanlara əzab verməyi özlərinə qəhrəmanlıq bilirlər. Ermənilər qorxaq, bədbəxt bir millətdir. Amma biz onları qısa vaxtda yerlərində oturtmağı bacaracağıq. Onlar paşinyanları ilə birlikdə ağ bayraq qaldırıb təslim olsunlar”.

Qarabağ qazisi Mahir Əhmədov da döyüşə hazır olduğunu deyir: “Bugünkü gün də döyüşə hazıram. Ali Baş Komandanın əmrin gözləyirəm. İnşallah ki, bizim də vaxtımız gələr və çağırılarıq”.

Qarabağ qazisi Elçin Manafov hərbçi, zabit, qazi üçün ehtiyatda olan məfhumu yoxdur deyir: “Hərbçi, zabit, qazi üçün ehtiyatda olan məfhumu yoxdur. Çünki veteran, qazi hər zaman əsgərdir. Məsələ vətəndirsə, yaşımız 18-dir. Ali Baş Komandan nə zaman bizə də əmr verərsə, canla-başla döyüşlərə qatılmağa hazırıq. İnşallah qısa zaman ərzində ordumuzun tam qələbə xəbərin eşidərik”.

Allah arzunuza çatdırsın, əziz qazilər! Ən böyük dualarımız isə illər öncə sizlərin başlatmış olduğu, uğrunda minlərlə şəhid verdiyimiz bu haqq mübarizəsini indi layiqincə davam etdirən Azərbaycan əsgəri üçündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar