“Yoluxmanın səviyyəsinə iki təməl məsələ təsir edir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, yoluxduğu bilinməyən insanlar yoluxmanın səviyyəsinə təsir göstərir: “Yoluxduğunu bilməyən insanlarla bağlı maska taxılması, sosial məsafənin qorunması əsasdır. İkinci, yoluxmaya, yoluxan insanların küçəyə çıxması təsir edir. Bu insanlar küçəyə çıxmamalıdır”.
TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, son dövrlər jurnalistlər arasında da yoluxma halları qeydə alınır, onlar arasında da yoluxduğunu bilməyənlər ola bilər: “Ona görə də tələblərə riayət etmək əsasdır. Bir məqamı da qeyd edim. Xüsusi rejimli xəstəxanalarda yoluxma azdır. Məsələn, Neftçilər Xəstəxanasında cəmi 7 nəfər yoluxub, onlar da xəstəxanada deyil, kənarda, evlərdə yoluxub”.