İşğaldakı ərazilərin təhrif edilmiş xəritələrindən istifadənin qarşısı alınır - RƏSMİ
23 oktyabr 2020 14:39 (UTC +04:00)

İşğaldakı ərazilərin təhrif edilmiş xəritələrindən istifadənin qarşısı alınır - RƏSMİ

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq işlər davam etdirilir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, xarici şirkətlərin və digər qurumların internet səhifələrində yerləşdirilmiş xəritələrdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizlə əlaqədar təhrif halları aşkarlanıb, bu təşkilatlarla aparılmış iş nəticəsində təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb. Görülmüş tədbirlər çərçivəsində müəyyən xəritələrdən işğal edilmiş ərazilərimizdə yaradılmış qanunsuz rejimə istinadlar çıxarılıb, Şuşa və Xankəndi başda olmaqla bir çox yaşayış məntəqələrimizin adlarının düzgün formada verilməsi təmin edilib. 

Azərbaycan toponimlərinə düzgün istinad edilməsinin təşviqi və gələcəkdə baş verə biləcək təhrif hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiqlənib.

Tədbirlər Planı çərçivəsində Nazirlər Kabinetinin rəhbərliyi ilə ölkəmizə aid coğrafi adların düzgün yazıldığı və beynəlxalq standartlara uyğun elektron xəritələrin (rəqəmsal, interaktiv və yüksək dəqiqlikli) hazırlanması, beynəlxalq platformalara inteqrasiya edilməsi məqsədilə alternativ platformanın (internet resurs) yaradılması, açıq kateqoriyalı milli məkan məlumatlarının formalaşdırılması siyasətinin hazırlanması, xəritə yaradan beynəlxalq təşkilatlarla davamlı əlaqələrin qurulması, müvafiq danışıqların aparılması, təqdim edilən coğrafi məlumatların beynəlxalq standartlara uyğunlaşdırılmaqla daima yenilənməsi, milli transliterasiya (bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi) standartı əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması, internet platformalarında yayılmış xəritələrdə təhrif hallarının aradan qaldırılması işinə gənclər təşkilatlarının və diaspora qurumlarının cəlb edilməsi və bir çox digər istiqamətlərdə intensiv iş aparılmaqdadır.

Görülmüş tədbirlər çərçivəsində internet platformalarında yayılmış xəritələrdə işğal altındakı ərazilərdə toponimlərimizin təhrif olunmasının qarşısının alınması, sosial şəbəkələrdə və internet platformalarında Azərbaycan həqiqətlərinin daha aktiv təbliğində gənclər və könüllülər təşkilatlarının, ali təhsil müəssisələrində və dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin rolunun gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə işçi qruplar formalaşdırılmış, təhrif halları ilə bağlı beynəlxalq platformalara şikayətlərin ünvanlanması, sosial şəbəkələrdə etiraz aksiyalarının təşkil edilməsi ilə bağlı mütəmadi tədbirlər görülməkdədir.

Aparılmış işlər nəticəsində xaricdəki diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız vasitəsilə xaricdə keçirilən tədbirlərdə Azərbaycan ərazilərini təhrif olunmuş formada təqdim edən xəritələrin və digər vəsaitlərin həmin tədbirlərdən yığışdırılması, məsələ ilə bağlı təşkilatçıların maarifləndirilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır.   

Bundan əlavə GİS (Coğrafi informasiya sistemi) proqram təminatı əsasında inzibati rayonların sərhədləri, şəhərlərin, rayon mərkəzlərinin və digər yaşayış məntəqələrinin adları və sərhədləri, küçələrinin adları ilə bağlı məlumatları özündə əks etdirən müvafiq elektron baza yaradılıb. GİS formatında hazırlanmış məlumat bazasının özəl sektor nümayəndələrinin də cəlb edilməsilə açıq tipli məlumat formatına çevrilməsi istiqamətində tədbirlər davam etməkdədir.

Həmçinin, respublikanın bütün şəhər və rayonları üzrə 4 590 şəhər, rayon, qəsəbə, kənd və inzibati ərazi vahidlərinin adları ilkin variantda rus və ingilis dillərində hazırlanıb.

Eyni zamanda ölkəmizin ərazi bütövlüyü ilə bağlı yanlış məlumatları əks etdirən əyani vəsaitlərin (həmçinin kitab, dəftər, qlobus, jurnal, qəzet, broşura kimi kağız məlumat daşıyıcıları və elektron informasiya daşıyıcıları) respublika ərazisinə idxalına nəzarətin gücləndirilməsi və aşkarlanan halların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad hallarının qarşısının alınması istiqamətində işlər davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754
avatar

Oxşar yazılar