İmtahan binalarına giriş qaydaları açıqlandı - VİDEOÇARX
03 iyun 2020 10:34 (UTC +04:00)

İmtahan binalarına giriş qaydaları açıqlandı - VİDEOÇARX

Dövlət İmtahan Mərkəzi tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx hazırlanıb.

DİM-dən Lent.az-a verilən məlumata görə, video imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq hazırlanıb.

Videoçarxda deyilir ki, bu il COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində bir sıra kütləvi tədbirlərə, o cümlədən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlara bir müddət ara verilmişdi: “Lakin həyat davam edir. Məhz buna görə də bizlər yeni şəraitə uyğunlaşmalı və həyatın normal axışını bərpa etmək üçün zəruri tədbirləri həyata keçirməliyik. Bu il orta məktəblərin buraxılış imtahanları, eləcə də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının pandemiya şəraitinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzi imtahan kampaniyası müddətində virusun yayılmasının qarşısını almaq məqsədilə imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirir. Binaların və otaqların dezinfeksiyası, havalandırılması, müvafiq yerlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə təmin olunması və onların təlimatlandırılması bu tədbirlərdən bəziləridir. 

Lakin bu tədbirlərin tam səmərəli olması üçün imtahan iştirakçıları da özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmalı və ümumi imtahan qaydaları ilə yanaşı, müvafiq profilaktik qaydalara da riayət etməlidirlər.

Hər bir imtahan iştirakçısı imtahandan əvvəl imtahana buraxılış vərəqəsi ilə bir yerdə sağlamlıq haqqında bəyannaməni çap edib imzalamalı və onu digər sənədlərlə birlikdə imtahan nəzarətçisinə təqdim etməlidir”.

Həmçinin qeyd edilir ki, imtahan iştirakçısı özündə COVID-19 infeksiyasının əlamətlərini müşahidə etdiyi halda evdən çıxmamalı və 103 təcili tibbi yardım xidmətinə müraciət etməli, imtahan müddətində özündə yüksək temperatur və ya üşütmə kimi əlamətlər hiss edənlər isə bu barədə mütləq imtahan nəzarətçisinə məlumat verməlidirlər. Bundan başqa, hər bir iştirakçı bütün imtahan prosesi boyu qoruyucu maska geyinməlidir.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və tələb olunduğu təqdirdə müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir. Başqa heç bir halda maskanı çıxartmaq olmaz.

Qeyd olunanlarla yanaşı imtahan günü imtahan binasına gələn iştirakçıların aşağıdakı qaydalara riayət etməsi zəruridir:

- əlləri sabunla yumaq və ya xüsusi maye ilə dezinfeksiya etmək;

- imtahan binasının daxilində və ya qarşısında sıx toplaşmamaq;

- əllə görüşməmək və insanlarla ən az 2 metr məsafə saxlamaq;

- asqırarkən və ya öskürərkən ağzı salfet və ya dirsəyin iç tərəfi ilə örtmək;

- istifadə etdikləri hər hansı ləvazimatı bir-birinə ötürməmək.

İmtahan binasında hərəkət edərkən divarlara və əşyalara təmas etməmək, yuyulmamış və ya dezinfeksiya olunmamış əllərlə üzə toxunmamaq məsləhət görülür.

Psixoloji məqamlar

Məlumdur ki, bəzi insanlar imtahan zamanı qısa müddətə də olsa, müəyyən təlaş keçirə bilərlər. İnsan təlaş və ya həyəcan hissi keçirdikdə nəbzi və nəfəs alması sürətlənir. Üzdə maska olduqda bu hal nəfəs almağa qismən çətinlik yarada bilər.

Bu tip halların qarşısını almaq üçün evdə məşq etməyiniz, o cümlədən maska geyinərək test tapşırıqları və məsələlər həll etməyiniz, eləcə də imtahandan bir gün əvvəl ağır yeməklərdən uzaq durmağınız, sağlam qidalanmağınız, vaxtında yatmağınız məsləhətdir. 

Bundan başqa, imtahana münasibəti və düşüncələri müsbət şəkildə nizamlamaq, o cümlədən imtahan nəticələrinə ifrat mənalar yükləməmək, öz dəyərinizi imtahan nəticələrinə bağlamamaq, başqaları ilə rəqabətə girməmək, realist olmaq, qorxu və şübhələrinizi paylaşmaq, pozitiv düşünmək və pozitiv təlqinlər etmək imtahan təlaşını aradan qaldırmaq üçün effektiv metodlardır:

“İmtahan günü ən yaxşı bildiyiniz mövzuları yadınıza salaraq özünüzə inamı artırın. İmtahan zamanı diqqətinizi tapşırıqlara yönəldin və çətinlik yarandıqda əvvəlcə yaxşı bildiyiniz sualları cavablandırın. Bu beyninizdə stress mərkəzinin sakitləşməsinə, müsbət emosiyalar yaranmasına, beynin məntiqi düşüncəyə cavabdeh hissəsinin aktivləşməsinə səbəb olacaq və potensialınızdan maksimum istifadə etməyinizə yardım edəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7717
avatar

Aygün İbrahimli

Oxşar yazılar