Hava yolları şirkətlərindən əvvəldən aldığı bileti qaytarmaq istəyənlərə TƏKLİFLƏR
08 aprel 2020 16:19 (UTC +04:00)

Hava yolları şirkətlərindən əvvəldən aldığı bileti qaytarmaq istəyənlərə TƏKLİFLƏR

“Koronavirus pandemiyası ilə bağlı əksər hava yolları şirkəti xarici ölkələrə uçuşları karantin bitənə qədər ləğv edib. Bu səbəbdən bəzən əvvəldən bilet alan vətəndaşlarla turizm şirkətləri arasında narazılıq yaranır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmov deyib. Onun sözlərinə görə, müştərilər pandemiya ilə əlaqədar aldıqları bileti geri qaytararaq pullarını dərhal geri almaq istəyirlər: “Bu səbəbdən də turizm şirkətləri bəzən çətinliklə üzləşir. Pandemiyadan əvvəl bilet geri qaytarılanda turizm şirkətləri pulu dərhal geri qaytarır və növbəti hesabat dövründə digər satışlarla hava yolları şirkətləri ilə əvəzləyirdilər. Çünki bilet alınan kimi turizm şirkətləri pulu dərhal hava yolları şirkətlərinə ötürmürdülər. İndi isə pulun geri qaytarılması vaxt aparır. Çünki hava yolları şirkəti tərəfindən pulların turizm şirkətlərinə qaytarılması 45-60 gün vaxt çəkə bilər. Daha da tez ola bilər təbii ki, amma maksimum bu qədər çəkə bilər. Bunu normal qarşılayan vətəndaşlar da olur, amma bəzən pulu dərhal geri istəyirlər. Hazırda satışların olmaması səbəbindən isə şirkətlər operativ formada pulu müştərilərə geri qaytarmaqda çətinliklərlə üzləşdirib”.

G. Qəhrəmanov bildirib ki, hava yolları şirkətləri həmin müştərilərə bir neçə təklif edir: “Bu təkliflərdən biri hava yolları şirkəti tərəfindən alternativ olaraq biletlərin bir il ərzində cəriməsiz dəyişdirilməsidir. İkinci məsələ isə eyni məbləğə uçuş vauçerilərindən istifadə imkanları təklif edirlər ki, bundan da il ərzində hansısa səfərdə istifadə etmək olar. Yəni tutaq ki, vətəndaş Kiyevə getməli idi, amma artıq ora gedəsi olmayacaq. Daha sonra il ərzində hansısa ölkəyə gedəcəksə, həmin məbləğdə vauçerdən istifadə edə bilər. Fərqi yoxdur, müştəri hansı turizm şirkəti vasitəsilə gedir, vauçeri Hava Yolları həmin müştərinin adına təqdim edir.

Təəssüf ki, bu məlumatlar bütün müştərilərdə olmadığı üçün onlar məsələyə şübhə ilə yanaşırlar. Bu, beynəlxalq praktikada da var və hazırda bir neçə hava yolu şirkəti tərəfindən tətbiq edilir. Pandemiya nəticəsində uçuşlar dayanıb və hamı buna anlayışla yanaşmalıdır. Müştəri və turizm şirkəti arasında narazılığın yaranması təbii ki, şirkətin özünün də marağında deyil. Çünki pandemiyadan sonra şirkət müştərisini itirmək istəmir. Hamı bir-birinə anlayışla yanaşsa, bu məsələ həllini tapa bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198
avatar

Oxşar yazılar