Hansı xəstəliklər görməyə təsir edir?
07 iyun 2020 09:16 (UTC +04:00)

Hansı xəstəliklər görməyə təsir edir?

Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva e-tibb.az üçün yazdı:

Gözlər qəlbin aynasıdır. Bu söz həm həqiqi, həm də məcazi mənada doğrudur. İnsan emosiyalarını gözləriylə ifadə edə bilir, insanın ruh halını da, psixoloji vəziyyətini də gözlərdən oxumaq olur.
Çox unikal yaradılmış insan orqanizmində baş verən patoloji dəyişikliklər görmə orqanına da təsir edir. Ən çox damar şəbəkəsindən təşkil olunmuş orqanlardan biri olan göz ürək-damar mənşəli, vaskulyar xəstəliklərdə, endokrin sistemin patologiyalarında, daxili orqanlardakı patoloji vəziyyətlərdə, nevroloji, immunoloji xəstəliklərdə müəyyən təsirə məruz qalır. Bu sistem xəstəlikləri, yəni ümumi xəstəliklər görməni müxtəlif dərəcədə zədələyir. 

Ürək-damar sistemilə əlaqədar olaraq ortaya çıxan göz xəstəliklərindən Retinanın Mərkəzi Arteriyasının (RMA) kəskin keçməməzliyi, retinanın mərkəzi Venasının trombozu, hipertonik retinopatiya, aterosklerotik neyropatiya, gicgah arteriyasının arteriiti zamanı görmə sinirinin nevriti və s. göstərmək olar.
Damar divarının ateroskleroz zamanı lokal zədələnməsi, qanın laxtalanmasının pozulması hallarında RMA okkluziyası baş verə bilər. Yaşlılarda yuxu arteriyasında, cavanlarda ürəkdə yaranmış embol bu xəstəliyə ən çox səbəb olan haldı. Buna görə də bu xəstəliklə üzləşmiş pasientlər yuxu arteriyası müayinəsi və exokardioqramma müayinəsinə göndərilir. Ürək qapağı zədələnməsi, aritmiyası olan şəxslərdə bu xəstəliyin yüksək riski var.

Göz dibi zədələnməsilə müşahidə olunan arterial hipertoniya (AH) mərhələsindən asılı olaraq müxtəlif oftalmoloji simptomlarla kəskin və remissiya vəziyyətində keçir. AH zamanı mikrosirkulyasiya pozulur, damar divarının hipertrofiyası, arteriyaların lokal spazmı, venulalarda ödem, kapilyarlarda qan dövranı zəifləməsi müşahidə olunur. Göz dibi müayinəsi bəzən hipertoniya xəstəliyinin ilk simptomlarını aşkarlayır, diaqnozun qoyulmasına yardımçı olur. Heç bir narahatçılıq keçirməyən şəxsdə təsadüfən göz dibi müayinəsilə arterial hipertoniya müəyyən edilən hallar tez tez  olur. Göz dibi damarlarında baş verən dəyişikliklərə görə AH xəstəliyinin dinamikası, inkişaf mərhələsi və proqnoz haqqında nəticə çıxarılır. 3 mərhələyə bölünən belə dəyişikliklər xəstəliyin aktiv müalicəsinin vacibliyini təyin edir.
Ürək-damar sistemi patologiyalarında təyin olunan bəzi müalicələr gözdə ağırlaşmalar yarada bilir. Məsələn, kardial aritmiyalar zamanı təyin olunan “Amiadaron” buynuz qişa qatı dəyişikliyi törədə bilər, qanın durulaşdırılması məqsədilə təyin olunan preparatlar qansızmalar verə bilir və s.
Yuxarıda qeyd olunan bütün vəziyyətlərdə profilaktika məqsədilə hər bir pasient 6 aydan bir göz dibi müayinəsindən keçməlidir. Vaxtında aşkarlanıb müalicə olunsa xəstəliklər görmədə iz buraxmaz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7387
avatar

Oxşar yazılar