Mərdəkan qəsəbəsində uzunluğu 2450 metr olan Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Hacı Zeynalabdin Tağıyev küçəsində aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri yaradılıb.
Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Daha sonra küçələrə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun bəzi hissələrinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, ölkə başçısının tapşırıq və sərəncamları əsasında, cari il ərzində Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan ümumi uzunluğu 21 km olan küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. İlin sonuna qədər təmir olunuş küçə və yolların ümumi uzunluğu 34 km-ə çatdırılacaq.