Gözləri koronavirusdan qorumaq yolları: Linzanı eynəklə əvəz edin...
25 mart 2020 12:23 (UTC +04:00)

Gözləri koronavirusdan qorumaq yolları: Linzanı eynəklə əvəz edin...


Koronavirus (Covid 19) yüngül formadan ağır formaya qədər özünü göstərən tənəffüs yollarının infeksion (yoluxucu) xəstəliyidir. Xəstəliyə yoluxduqdan sonra 2-14 gün ərzində nəfəs darlığı, öskürək, qızdırma müşahidə olunur. Yaşlı, sistemik xəstəliyi olan insanlarda isə xəstəlik daha ağır şəkildə  özünü büruzə verir. Bu xəstəlik müxtəlif yollarla yoluxa bilər:

1. Ağızdan (daha çox əllərlə, havadan )

2. Hava-damcı yolu ilə tənəffüs yollarından

3. Gözlər vasitəsilə (infektə əllərlə gözə toxunduqda, havadan virusun gözününüzə təması)

Əgər siz kontakt linza istifadə edirsinizsə, bir müddət buna ara verməlisiniz. Eynək istifadə etməlisiniz. Çünki əllərlə kontakt linzaya təmas etməmək, xəstəliyə yoluxma riskini azaldır, həmçinin eynək xaricdən gözününüzü baryer kimi qoruyur. Gözlərinizi qaşımamalısınız. Hər hansı müalicə səbəbiylə gözünüzə damcı damızdırırsınızsa, həm əvvəldən, həm də sonradan əllərinizi sabunla yuyun. Əllərinizi yumaq mümkun deyilsə, o zaman dezinfeksiyaedici vasitələrdən istifadə edin. Əgər qızdırmanız varsa, nəfəs almada çətinlik və öskürək varsa, gözünüzə təcili müdaxilə tələb edən xəstəlik yoxdursa, mütləq evdə qalın. Əgər təcili bir müdaxilə lazım olan göz xəstəliyiniz varsa, koronavirus xəstəliyinin əlamətlərinə bənzər əlamətlər müşahidə edirsinizsə, mütləq öncədən koronavirusla mübarizə mərkəzi ilə əlaqə saxlayın, onlardan köməklik istəyin.

Virusologiya ilə bağlı tədqiqat jurnalında dərc olunmuş məqalədə bildirilirdi ki, Çində Covid-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilimiş 30 xəstənin birinin gözündə viruslu konyuktivit aşkarlanmışdı. Bu isə göstərir ki, gözün konyuktivasından da yoluxma mümkündür. Konyuktivit olan xəstələrdə gözlərdə qızarıqlıq, axıntı olur. Əgər sizdə tənəffus darlığı, öskürək, qızdırma və gözlərdə qızarıqlıq, axıntı varsa, birbaşa xəstəxanaya getməyin. Öncə xəstəxana ilə əlaqə yaradın və onların təlimatlarına uyğun hərəkət edin.

İlk dəfə olaraq 2019-cu ildə dekabr ayında koronavirus haqqında məlumatı Çinin Uhan şəhərindəki xəstəxananın oftalmoloqu Li Wenliang  sosial şəbəkələrdə yaymışdı. O, yeni yaranan təhlükəli və yoluxucu tənəffüs yollarının xəstəliyi haqqında əhaliyə xəbərdarlıq edirdi. Hətta sosial şəbəkələrdə yaydığı  məlumatlara görə, Çin polisi Li Wenlianga xəbərdarlıq da edib. Oftalmoloq özü də qlaukoma xəstəsini (qara su xəstəliyi) müayinə edərkən koronovirusa yoluxub və xəstəliyin ağırlaşması olan ağciyər çatışmazlığından fevral ayında vəfat edib...

Beynəlxalq səhiyyə qurumları (ÜST, Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzi) Covid 19 xəstəliyinə qarşı  aşağıdakıları etməyimizi tövsiyyə edir:

1. Əlləri ən azı 20 saniyəlik müddətdə tez-tez yuyun.

2.  Asqırdıqdan, öskürdükdən, burnunuzu sildikdən və tualetdən istifadə etdikdən  sonra əllərinizi sabunla yuyun.

3. Əgər əllərinizi yumaq üçün şərait yoxdursa, dezinfeksiyaedici vasitələrdən  istifadə edin.

4. Üzünüzə, ağzınıza, burnunuza əl vurmaqdan çəkinin.

5. Tənəffüs yollarının yoluxucu xəstəliyi olan insanlarla aranızda 2 metrə qədər məsafə saxlayın.

6. Siz özünüz tənəffüs yollarının yoluxucu xəstəliyi ilə xəstələndinizsə, evdə qalın.

7.  Əgər sizdə şəkərli diabet, arteriyal hipertenziya, immun sisteminin zəifliyi, xərçəng xəstəliyi varsa, yaşlı insansınızsa evdə qalın.

8. Əgər öskürürsünüzsə, asqırırsınızsa ağzınızı və burnunuzu salfetlə bağlayın, salfeti istifadə etdikdən sonra atın və əllərinizi sabunla yuyun və ya dezinfektant maddə ilə dezinfeksiya edin.

9. Evinizdə tez-tez toxunduğunuz əşyaları, qapı tutacaqlarını dezinfeksiya edin. (e-tibb.az) 

Mehriban Əlizadə-Oftalmoloq, uzman həkim

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756
avatar

Oxşar yazılar