Gəncədə valideynlərini itirən qız: “Anamın səsi gəlmirdi, atam məni çağırırdı...” - VİDEO
14 oktyabr 2020 11:05 (UTC +04:00)

Gəncədə valideynlərini itirən qız: “Anamın səsi gəlmirdi, atam məni çağırırdı...” - VİDEO

Oktyabrın 11-də Gəncə şəhərinə Ermənistan tərəfindən endirilən raket zərbəsi şəhərdə təkcə dağıntılar törətmədi. 10 nəfərin həyatına son qoyan bu terror həm də uşaqların acı xatirəsinə çevrilib yaddaşlarına yazıldı. Ayrı-ayrı ailələrdən olan 3 uşaq isə hər iki valideynini itirərək daha böyük acı yaşadı.

 

Əməkdaşlarımız raket zərbəsindən həlak olan Anar və Nurçin Əlizadələrin övladları və yaxınları ilə görüşüb.

 

Hüseynin 8 yaşı var. Hadisə baş verəndə o, nənəsigildə olduğundan, nə baş verdiyini tam dərk edə bilmir. Ancaq böyüklərin belə şüuruna sığışmayan dəhşətli bir hadisənin baş verdiyini bəlkə də illər sonra anlayacaq. Nə evlərinin, nə də valideynlərinin orda olmadığını görəndə hələ çox suallar verəcək bu uşaq: “Onlar mənim anamla atamı şəhid elədilər. Allah bacımı saxladı”.

 

 

Hüseyndən fərqli olaraq, bacısı Sevil həmin gecə valideynləri ilə birlikdə olub: “Onlar yatmışdılar, mən kinoya baxırdım. Çox bərk səs gəldi. Divarla arxasındakı ayna mənim üstümə düşmüşdü. Mən onları çəkdim, durdum getdim onların yanına, atam məni çağırırdı. Mamamın səsi gəlmirdi, amma atam məni çağırırdı. Getdim, onların otağına keçə bilmirdim, ikinci mərtəbə bizə aşmışdı”.

 

Oktyabrın 11-də Gəncəyə atılan raket onların binasına düşmüşdü. Bundan əvvəl şəhər bir neçə dəfə hədəfə alınmışdı. Sevil deyir ki, bu dəfə onların binasının hədəf olacağı heç ağlına da gəlməzdi. Valideynlərini itirdiyini isə hələ də qəbul edə bilmir: “Dedim, bəlkə mən tərəfə aşıb, onlar tərəfə yox, onlara heç nə olmayıb. Qışqırdım nə qədər, atamla anamı çağırdım, gördüm, yox, səsləri gəlmir, o tərəfə gedəndə gördüm ora çox pisdir”.

 

İndi bu uşaqlar hər birimizə əmanətdir. Qohumları onlara sahib çıxıb, xalqımızın bu haqq savaşında günahsız yerə valideynlərini itirən bu uşaqları göz bəbəyi kimi qoruyacaqlarını deyirlər: “Erməni ekstremistlərinin, terroristlərinin törətdikləri bu vəhşiliklər birinci vəhşilik deyildi. Azərbaycan xalqı bu vəhşiliyi yaşamışdı, görmüşdü. Xocalı faciəsini görmüşdük, bilirdik. Növbəti dəfə terrora əl atdılar. Bu hadisələrlə bu xalqı qıra, sındıra bilməyəcəklər. Azərbaycan xalqı o qədər sıx, həmrəyik, cənab Prezidentimizin ətrafında sıxlaşmışıq”.

 

Yaşadığımız acılar bizi birləşdirir, mətinləşdirir. Yaşları az olsa da, bu uşaqlar da məğrur durmağı bacarır. Çünki qələbəyə inanır, o günün uzaqda olmadığını bilirlər. Şəhidlərimizin qanı yerdə qalmayacaq, qələbə müjdəsi onların da ruhunu şad edəcək.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3547
avatar

Oxşar yazılar