Bu il aprelin 8-dən etibarən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə nazirliyin psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi təşkil olunub.
Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın Təşkili Şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva APA-ya açıqlamasında bildirib ki, nazirliyin əsas istiqamət fəaliyyəti təbii və texnogen xarakterli hadisələrdən insanların qorunması, fəlakətlərin qarşısını alınması və nəticələrinin aradan qaldırılması ibarətdir: “Biz ölkə vətəndaşlarının dinc, rahat həyatını, təhlükəsizliyini təmin etmək üçün xidmət edirik. İnsanların təhlükəsizliyi dedikdə isə təkcə onların salamatlığı və sağlamlığı nəzərdə tutulmur, həm də psixoloji sağlamlıq deyilən məfhum var. Hazırda ölkədə xüsusi karantin rejimidir. Belə hallar insanlarda psixoloji fəsadlar yarada bilir. Ona görə də koronavirus pandemiyasına qarşı aparılan cavab tədbirlərində tətbiq olunan karantin rejimində insanlarda yarana biləcək psixoloji fəsadlar zamanı onların yanında olmaq, onlara dəstək vermək, onları problemləri ilə tək buraxmamaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin “112 Qaynar Xətti” vasitəsi ilə psixoloqlar tərəfindən həyata keçirilən psixoloji yardım xidməti yaradılıb”.
X.Sofiyeva qeyd edib ki, nazirliyinin 12 psixoloqu bu işə cəlb edilib: “Yardım göstərən psixoloqlar bu işə başlamazdan əvvəl telefon vasitəsi ilə insanlara təcili psixoloji yardım göstərilməsi ilə bağlı təlim keçiblər. Bir həftə ərzində artıq ölkənin istənilən bölgəsindən xidmətə zənglər daxil olub. Burada 24 saat fasiləsiz xidmət həyata keçirilir. Əsasən problemlər koronavirus pandemiyası ilə bağlıdır. Belə ki, zənglər həm özünün, həm də yaxının infeksiyaya yoluxma qorxusu, valideynlərinə görə narahatlıq keçirənlərlə bağlıdır. Daha sonra iş həyatına öyrənən insanların evdə oturmaqla bağlı karantin rejimini düzgün və səmərəli bölüşdürməməsi ilə bağlı yaranan çətinliklər var. Psixoloqların əsas vəzifəsi vətəndaşlara tək olmadıqlarını göstərmək, onlara dəstək olmaq, xüsusi karantin rejiminə uyğunlaşmaq üçün onlara yardım etməkdən ibarətdir. Sevindirici hal odur ki, təkrar zəng edib psixoloqlarımızla danışmaq istəyənlər, bu xidməti yarandığımız üçün bizə təşəkkür edənlər çoxdur”.
Fövqəladə Hallar Nazirliyinin psixoloqu, baş leytenant Brilyant Abdullayeva da APA-ya bildirib ki, yardım xidmətinə ən çox zəng COVİD-19 virusu ilə bağlı gəlir: “İnsanlar bu virusa yoluxmaqdan qorxurlar. Yaşlı valideynlərinə görə gərgin olanlar narahatlıq keçirənlər var. Bizə gün ərzində 50-60 zəng daxil olur. Həftə ərzində respublikanın bütün regionlarından ümumilikdə 350 müraciət olub. Biz onlarla psixoloji söhbət apararaq, problemin nə olduğunu müəyyənləşdiririk. Vətəndaşlara mənəvi psixoloji yardım göstəririk. Vətəndaşlara tövsiyəmiz budur ki, ölkədəki karantin rejimi qaydalarına, olduqları şəraitə adaptasiya olsunlar, vaxtlarını səmərəli keçirsinlər. Çətinlik yaransa, Fövqəladə Hallar Nazirliyinin “112 Qaynar Xətti”nə müraciət etsinlər”.