Evdən çıxmadan psixoloq yardımından faydalanın! - FHN-dən PSİXOLOJİ XİDMƏT
16 aprel 2020 13:56 (UTC +04:00)

Evdən çıxmadan psixoloq yardımından faydalanın! - FHN-dən PSİXOLOJİ XİDMƏT

Siz onları ilk dəfədir görürsünüz. Söhbət Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətti” vasitəsilə vətəndaşlara psixoloji xidmət göstərən fədakar psixoloqlardan gedir.

APA TV-nin məlumatına görə, onlar gecəsini gündüzünə qataraq 24 saat ərzində vətəndaşların problemlərini və qayğılarını dinləyib onlara kömək edir.

Psixoloji yardımın təşkil olunmasında əsas məqsəd çətin vəziyyətdə olan insanların yanında olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejiminə uyğunlaşmağa kömək etməkdir.

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoruXanım Sofiyeva deyir ki, bu günə kimi ən çox müraciət insanların koronavirus infeksiyasına yoluxma qorxusu ilə bağlı olub: “Əsasən təşviş və panika vəziyyətində olan insanlar zəng edir. Həmçinin iş həyatına öyrəşmiş insanlar evdə oturmaqla, gündəlik rejimini düzgün bölüşdürməməklə və digər çətinliklərlə bağlı zənglər edir. Daha sonra əvvəlcədən də psixoloji problemlər yaşamış insanların vəziyyətinin kəskinləşməsi ilə bağlı müraciətlər olur. Psixoloqların əsas məqsədi vətəndaşlara tək olmadıqlarını göstərmək, onlara dəstək olmaq və onların xüsusi karantin rejiminə uyğunlaşmağa yardım etməkdən ibarətdir”.

Xanım Sofiyevanın sözlərinə görə, bu sistem fəaliyyətə başladığı ilk həftədə vətəndaşlardan psixoloji xidmətlərlə bağlı yüzlərlə müraciət qəbul edilib: “Fövqəladə Hallar Nazirliyinin 12 psixoloqu bu işə cəlb olunub. Yardım göstərən psixoloqlar bu işə cəlb olunmamışdan qabaq xüsusi təlim keçiblər. Yəni onlar telefon rabitəsi vasitəsilə təcili psixoloji yardımın göstərilməsi üzrə xüsusi treninqlərə cəlb olunublar. Xidmətin fəaliyyətə başladığı bir həftə ərzində psixoloqlarımıza ölkənin istənilən nöqtəsindən 350-dən çox zənglər olub”.

24 saat ərzində vətəndaşlara psixoloji xidmət göstərən psixoloq Brilyant Abdullayeva deyir ki, gördüyü iş olduqca məsuliyyətli və bir o qədər də vacibdir: “Biz onlarla psixoloji söhbət apararaq, problemin nə olduğunu öyrənirik və ilkin psixoloji yardım göstəririk. Tövsiyəmiz budur ki, hazırkı karantin rejimi ilə əlaqədar olduqları şəraitə adaptasiya olsunlar, vaxtlarını səmərəli keçirsinlər. Bizim “qaynar xətt”ə müraciət edə bilərlər. Gün ərzində 24 saat fəaliyyət göstəririk”.

Psixoloqun dediyinə görə, gün ərzində təxminən 50-60 vətəndaş psixoloji problemlərlə bağlı müraciət edir: “Ən çox zənglər koronavirusla (COVİD-19) bağlı olur. İnsanlar bu virusa yoluxmaqdan qorxurlar. Həmçinin onlar yaşlı valideynlərinə görə narahatdırlar və buna görə də gərginlik keçirirlər. Bizə gün ərzində 50-60 zəng olur”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin 112 Çağrı Mərkəzinin psixoloji xidmət mərkəzi aprelin 8-dən fəaliyyət göstərir.

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312
avatar

Oxşar yazılar