Dünyanın bu günü - VİDEO
29 avqust 2020 09:10 (UTC +04:00)

Dünyanın bu günü - VİDEO

MƏLİK MƏHƏRRƏMOV

(1920-2004)

ƏTRAFLI
Project GLO
Sovet İttifaqı Qəhrəmanı Məlik Məlik oğlu Məhərrəmov 29 avqust 1920-ci ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. 1939-cu Bakıda Xalq Təsərrüfatı Texnikumunu bitirdikdən sonra sovet ordusu sıralarına çağırılıb. İkinci Dünya müharibəsində Berlinədək şərəfli döyüş yolu keçib, Belarus və Ukrayna uğrundakı döyüşlərdə xüsusilə fərqlənib. Daha sonra Rusiyanın Vladimir şəhərində hərbi məktəbi, Frunze adına Hərbi Akademiyanı bitirib. Atıcı diviziyada batalyon komandiri, alayın qərargah rəisi, Xızı, Ağdaş, Sabirabad, Kürdəmir rayonlarında və Bakı şəhərinin Nərimanov rayonunda hərbi komissar, Azərbaycan Dövlət Universitetində hərbi kafedranın rəisi olub. 1973-cü ildə ehtiyata çıxsa da, universitetdə fəaliyyətini davam etdirib, əvvəl kadrlar şöbəsinin, sonra isə ömrünün sonuna qədər Birinci şöbənin rəisi vəzifələrində çalışıb. Müstəqil Azərbaycanın “Şöhrət” ordeni, keçmiş SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilən Məlik Məhərrəmov 2004-cü il iyulun 16-da Bakı şəhərində vəfat edib.

MİRZƏ AĞABƏYLİ

(1950)

Azərbaycanın əməkdar artisti, tanınmış səhnə ustası Mirzə Qasım oğlu Ağabəyli 1950-ci il avqustun 29-da Bakı şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1975-ci ildə həmin institutu bitirib. Təyinatla bir müddət Şəki Dövlət Dram Teatrında və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Tədris Teatrında aktyor vəzifəsində işləyib. 1982-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Teatrında çalışıb, bu teatrın səhnəsində bir sıra yaddaqalan obrazlar yaradıb. Eyni zamanda “Mozalan” satirik kino jurnalında və televiziya filmlərində çəkilib. "Qəzəlxan" filmində oynadığı Ağahüseyn və "Yük" filmində yaratdığı Ağamusa Nağıyev rolu ona böyük populyarlıq qazandırıb. 1992-ci ildə işdən azad olunub və Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsi işləyib. 1994-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdindəki "Bəri bax" kinostudiyasında bədii rəhbər, 2008-ci ildə "Sınaq film" prodüser mərkəzində koordinator vəzifəsində çalışıb. 2008-ci ildə yenidən Akademik Milli Dram Teatrına qayıdıb.

MAYKL CEKSON

(1958-2009)

"Pop musiqisinin kralı" olaraq tanınan afroamerikalı müğənni, musiqiçi, bəstəkar və rəqqas Maykl Cozef Cekson 1958-ci ilin bu günü ABŞ-ın İndiana ştatının Qari şəhərində doğulub. Kiçik yaşlarından musiqi qabiliyyəti və qeyri-adi səsi ilə fərqlənib. Atasının qurduğu və özündən böyük dörd qardaşının daxil olduğu “Jackson 5” ailə ansamblının ən gənc vokalçısı olub. İlk albomu olan “Off the Wall” 1979-cu ildə işıq üzü görüb. XX əsrin 80-ci illəri yaradıcılığının “qızıl” dövrü sayılır. 1982-ci ildə işıq üzü görən “Thriller” albomu dünyada ən çox satılan albom kimi də tarixə düşüb. Bir nəfərin əldə etdiyi rekordların sayına görə Ginnesin Rekordlar Kitabında birinci yeri tutur. Qızıl, platin və brilyant diskləri nəzərə almasaq, 372 rəsmi mükafat qazanıb. Maykl Cekson 2009-cu il iyunun 25-də dozadan artıq dərman qəbul etməsi səbəbindən vəfat edib.

ÇİNGİZ MUSTAFAYEV

(1960-1992)

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Fuad oğlu Mustafayev 29 avqust 1960-cı ildə Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakıya köçüb. 1977-ci ildə Yasamal rayonundakı 167 saylı məktəbi bitirib. 1977-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra təyinatla Dəvəçi rayonunda üç il həkim işləyib. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə alıb. 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı agentlik və televiziyalarına yol tapmasında böyük rol oynayıb. “215 KL” studiyasının yaradıcısı olub. Çingiz Mustafayev 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Yaşadığı binanın önündə barelyefi vurulub. DİN-in Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri və Azərbaycan gəmilərindən biri onun adını daşıyır.

RÜSTƏM MİRZƏYEV

(1963-1993)

Şəhid Rüstəm Jora oğlu Mirzəyev 1963-cü il avqustun 29-da Laçın rayonunda anadan olub. 1970-1980-ci illərdə burada 1 saylı şəhər məktəbində təhsil alıb. 1981-1983-cü illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Laçına qayıdıb. 1985-1988-ci illərdə paytaxtdakı “Murad” kooperativində işləyib. Ermənistanın Azərbaycana təcavüzü başlayanda yerli müdafiə batalyonunda kəşfiyyatçı-döyüşçü kimi bir neçə çətin əməliyyatlarda iştirak edib. 1991-ci ilin noyabr ayında Laçın Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinə sıravi heyətə işə qəbul edilib. Polis nəfəri kimi Laçın rayonunun Güləbird, Səfiyan, Suarası, Hoçaz, Pircahan kəndləri, Şuşa şəhəri, Kərkicahan, Malıbəyli, Daşaltı kəndləri, Kəlbəcər-Murovdağ-Ağdərə istiqamətində gedən qanlı döyüşlərdə şəxsi igidlik nümunələri göstərib. 13 fevral 1993-cü ildə Ağdərəyə köməyə göndərilən Laçın polisinə məxsus avtomobil Murovdağın çətin keçidlərinin birində qəzaya uğrayıb. Döyüşçü dostları ilə birlikdə həlak olan Rüstəm Mirzəyev Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.

QURBAN PİRİMOV

(1880-1965)

Azərbaycanın xalq artisti, tarzən Qurban Baxşəli oğlu Pirimovun anım günüdür. O, 1880-ci ilin oktyabr ayında Ağdamın Abdal Gülablı kəndində anadan olub. Müasir Azərbaycan tarının yaradıcısı Sadıqcandan dərs alıb. 15 yaşından etibarən Qarabağ toylarında məşhur xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını bəyənib və onu özünə tarzən götürüb. 1905-ci ildə Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasına valeh olub və İslam Abdullayevin razılığı ilə onu özü ilə Bakıya gətirib. Həmin vaxtdan etibarən Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyündə çıxış edib. 1908-ci ildə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasında orkestrin solisti olub. 40 il Azərbaycan Opera və Balet Teatrında çalışıb. 1910-1912-ci illərdə Varşava, Riqa və Moskva şəhərlərində ifa etdiyi muğam və təsniflər "Sport-rekord" firması tərəfindən qrammofon valına yazılıb. Qurban Pirimov 1965-ci il avqustun 29-da Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

BÖYÜKAĞA QASIMZADƏ

(1916-1957)

Görkəmli şair və tərcüməçi Böyükağa Qasımzadənin xatirə günüdür. O, 18 mart 1916-cı ildə Bakının Maştağa kəndində doğulub. Bakıda yeddiillik məktəbi bitirərək fəhlə fakültəsində, sonra Azərbaycan Sənaye İnstitutunda təhsil alıb. İlk şeirlərini məktəblilərə həsr edib. Onun ilk kitabı – "Murad" poeması 1937-ci ildə çapdan çıxıb. 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsini bitirib. İkinci Dünya müharibəsinin ilk günlərində səfərbərliyə alınıb, hərbi məktəbdə kursantlıqdan siyasi şöbənin təlimatçısına, Zaqafqaziya cəbhəsində "Döyüşçü" qəzeti redaksiyasında məsul katibliyə qədər yol keçib. Hərbi klubda rəis vəzifəsində işləyib. Ordudan tərxis ediləndən sonra "Ədəbiyyat qəzeti"ndə incəsənət şöbəsinin, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri olub. A.S.Puşkin, N.Nekrasov, N.V.Qoqol, T.Şevçenko, İ.Franko, M.Bajan, P.Tıçina kimi rus və Ukrayna ədiblərinin və bir sıra xarici ölkə yazıçılarının poetik əsərlərini Azərbaycan dilinə çevirib. Füzulinin "Yeddi cam" əsərini, M.F.Axundovun "Puşkinin ölümünə Şərq poeması"nı farscadan tərcümə edib. Böyükağa Qasımzadə 1957-ci il avqustun 29-da 41 yaşında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2395
avatar

Oxşar yazılar