Dünyada bu gün - VİDEO
27 oktyabr 2020 09:04 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

TEODOR RUZVELT

(1858-1919)

 

Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti Teodor Ruzvelt 1858-ci il oktyabrın 27-də Nyu-Yorkda aristokrat ailəsində anadan olub. Harvard Universitetində təhsil alıb. Nyu-York Polis İdarəsinin sədri, Dəniz Donanmasının katibi, Nyu-Yorkun qubernatoru və ABŞ-ın vitse-prezidenti vəzifələrində çalışıb. 1901-1909-cu illərdə ABŞ-ın prezidenti olub. 1904-1905-ci illər Rus-Yapon müharibəsi zamanı iki ölkə arasında sülh sazişinin imzalanmasında vasitəçi olduğuna görə 1906-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb. Birləşmiş Ştatların dünyanın nəhəng hərbi dövlətinə çevrilməsinin əsasını qoyub. Teodor Ruzvelt 6 yanvar 1919-cu ildə Nyu-Yorkda vəfat edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

 

 

MÜRSƏL BƏDİROV

(1931-2003)

 

Azərbaycanın xalq artisti, opera müğənnisi Mürsəl Tağı oğlu Bədirov 27 oktyabr 1931-ci ildə Dağıstanda doğulub. Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində təhsil alıb. 1956-cı ildə təhsilini başa vurduqdan sonra Opera və Balet Teatrında solist vəzifəsinə götürülüb. Teatrda işlədiyi illərdə "Karmen", "Yevgeni Onegin", "Alay oğlu", "Məzhəkəçilər", "Bahadır və Sona" və başqa operalarda yaddaqalan obrazlar yaradıb. "Əməkdə fərqlənməyə görə" medalı və bir çox mükafatlarla təltif olunub. Mürsəl Bədirov 26 fevral 2003-cü ildə Bakıda vəfat edib.

 

 

CƏMİL ƏHMƏDLİ

(1931-2010)

 

Azərbaycanın əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Cəmil Teymur oğlu Əhmədli 1931-ci ilin bu günü Gədəbəy rayonunun Söyüdlü kəndində müəllim ailəsində doğulub. Azərbaycan Dövlət Universitetinin Fəlsəfə şöbəsində təhsil alıb. Müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi katib, baş elmi işçi, şöbə müdiri, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Fəlsəfə kafedrasının müdiri, Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasının müdiri vəzifələrində işləyib. Onun təşəbbüsü və rəhbərliyi ilə 1969-cu ildə Azərbaycanda ilk sosioloji laboratoriya yaradılıb. 16 monoqrafiyanın, 400-dən artıq məqalənin müəllifidir. Cəmil Əhmədli 2010-cu il fevralın 9-da dünyasını dəyişib. O, görkəmli Azərbaycan riyaziyyatçısı Qoşqar Əhmədovun qardaşıdır.

 

 

RAMİZ ABUTALIBOV

(1937)

 

Görkəmli diplomat və ictimai xadim Ramiz Abutalıb oğlu Abutalıbov 1937-ci il oktyabrın 27-də Ordubad şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsində və Moskvada Ümumittifaq xarici ticarət və İctimai Elmlər akademiyalarında təhsil alıb. 1971-1979 və 1985-1992-ci illərdə Parisdə UNESCO-nun əməkdaşı olub. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsində Xarici ölkələrlə əlaqələr şöbəsinin rəisi, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə komissiyasının sədri, Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri və UNESCO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində çalışıb. Böyük Britaniyada nəşr olunmuş "Kim kimdir?" ("Who is Who?") ensiklopediyasında 259 sovet diplomatı arasında yeganə azərbaycanlı olub. Azərbaycanın mühacirət liderlərinin həyat və fəaliyyətləri ilə bağlı əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində böyük rolu olub. Parisdə “Azərbaycan evi” cəmiyyətinin yaradıcılarından biri, Dağlıq Qarabağ münaqişəsinə dair Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir. Ramiz Abutalibov Fransanın ən yüksək mükafatı olan "Fəxri Legion" ordeninə, Rusiyanın "Puşkin" medalına, "Azərbaycan Diplomatiyasının 90 illiyi" medalına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

 

AĞAVERDİ PAŞAYEV

(1950)

 

Azərbaycanın xalq artisti, professor, dirijor Ağaverdi Ağaəli oğlu Paşayev 27 oktyabr 1950-ci ildə Bakıda anadan olub. 12 saylı musiqi məktəbində, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasında tar ixtisası üzrə təhsil alıb. Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətə başladığı dövrdən həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xalq çalğı alətləri” kafedrasında, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dirijorluq fənnindən dərs deyib. 1999-cu ildə Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Mahnı və Rəqs Ansamblına rəhbər təyin edilib. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının Xalq Çalğı Alətləri orkestri üçün orijinal əsərləri və işləmələr daxildir. Prezident təqaüdçüsüAğaverdi Paşayev "Şöhrət" ordeni, "Qızıl Cəng" beynəlxalq mükafatı, "Humay" milli mükafatı və "TÜRKSOY"-un 20 illik yubiley medalı ilə təltif olunub.

 

 

RAFAEL ƏSƏDOV

(1952-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Rafael Əvəz oğlu Əsədov 1952-ci ilin bu günü Gəncədə dünyaya gəlib. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Hәrbi Artilleriya Akademiyasında davam etdirib. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda xidmət edib. 1991-ci ildən Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olub. Rafael Əsədov 1992-ci il noyabrın 12-də Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olub və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

 

İQOR MAKEYEV

(1971-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı İqor Vladimiroviç Makeyev 1971-ci ilin oktyabrın 27-də Gəncə şəhərində fəhlə ailəsində anadan olub. Burada 39 saylı orta məktəbi və 8 saylı texniki-peşə məktəbini bitirib, avtomobil çilingəri peşəsinə yiyələnib. 1990-cı ildə hərbi xidmətə çağırılıb və çavuş məktəbində təhsil alıb. Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar hərbi xidmətini yarımçıq qoyaraq Gəncəyə qayıdıb, Daxili İşlər Nazirliyinin qoşun hissələrindən birinə yazılıb. Cəbhənin Ağdam və Ağdərə istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərib. İqor Makeyev 2 avqust 1992-ci ildə Ağdərənin "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub və Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

XƏDİCƏ QAYIBOVA

(1893-1938)

 

Azərbaycanın ilk qadın pianoçularından biri Xədicə Osman qızı Qayıbovanın anım günüdür. O, 1893-cü il mayın 24-də Tiflis şəhərində ruhani ailəsində dünyaya gəlib. Tiflisdə “Müqəddəs Nina” qızlar məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tiflisdəki məktəblərin birində Azərbaycan dilindən dərs deyib, Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri olub, Azərbaycan Dövlət Konservatoriyasında elmi-tədqiqat musiqi kabinetinə rəhbərlik edib, eyni zamanda konsertlərdə çıxış edib. 1937-ci ildə Türkiyənin xeyrinə casusluqda və müsavatçılıqda günahlandırılaraq həbs olunan Xədicə Qayıbova 1938-ci il oktyabrın 19-da əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilib, oktyabrın 27-də isə hökm icra edilib.

 

 

ASƏF ZEYNALLI

(1909-1932)

 

Azərbaycan bəstəkarı Asəf Zeynalabdin oğlu Zeynallının xatirə günüdür. O, 1909-cu il aprelin 5-də Dərbənddə doğulub. Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfində təhsil alıb. Türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Azərbaycan musiqi tarixində romans janrının banisidir. “Vətən”, “Sual”, “Seyran” və bir çox başqa romansların müəllifidir. "Uşaq süitası" əsəri ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub. Əlliyə yaxın Azərbaycan xalq mahnısını nota köçürüb. Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də 23 yaşında vəfat edib. Əvvəlcə Çəmbərəkənd qəbiristanlığında dəfn olunsa da, sonradan məzarı “Qurd qapısı” qəbiristanlığına köçürülüb. Bakı musiqi kolleci və paytaxt küçələrindən biri adını daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946
avatar

Oxşar yazılar