Dünyada bu gün - VİDEO
21 oktyabr 2020 09:02 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

ALFRED NOBEL

(1833-1896)

 

İsveç mühəndis-kimyaçısı, ixtiraçı və mühəndis Alfred Nobel 21 oktyabr 1833-cü ildə İsveçin Stokholm şəhərində anadan olub. Ailəsi 1837-ci ildə Finlandiyaya, 1842-ci ildə isə Sankt-Peterburqa köçüb. Ev təhsili alıb, Parisdə kimya sahəsindəki biliklərini dərinləşdirib. Parisdə laboratoriyada, daha sonra atasının zavodunda işləyib. Dinamiti kəşf edib, tüstüsüz barıtın tərkibini tapıb. London Kral Cəmiyyətinin və İsveç Elmlər Akademiyasının üzvü olub. 1875-ci ildə Nobel və qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" – “Nobel Qardaşları şirkəti”ni yaradıblar. Az müddətdə Abşeronun bir sıra neft mədənlərinin sahibi olub, zavodlar alıb və xeyli kapitala yiyələniblər. Nobel Alfred 1896-cı il dekabrın 10-da San-Remo şəhərində vəfat edib. Onun ölümündən sonra qalan kapital Nobel Fondunu təşkil edib. Nobel mükafatları Alfred Nobel tərəfindən qurulan dərnəyin insanlığa xidmət edən şəxslərə təqdim etdiyi ən nüfuzlu mükafatdır.

 

 

MURAD GƏRAY BƏY TLEXAS

(1874-1920)

 

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru, milliyyətcə çərkəz olan Murad Gəray bəy Tlexas 1874-cü il oktyabrın 21-də Kuban vilayətinin Krasnodar şəhərində hərbçi ailəsində doğulub. İlk təhsilini Maykopda alıb, sonra Sankt-Peterburq Mixaylovski Artilleriya Məktəbini bitirib. 1912-1913-cü illərdə 51-ci artilleriya briqadasında kapitan rütbəsində xidmət edib və Port-Artur savaşına, Birinci Dünya müharibəsinə qatılıb. Əlahiddə Azərbaycan Korpusunun tərkibində olan 2-ci nişançı topçu briqadasının komandiri, Bakı istehkamçılar hissəsinin rəisi təyin edilib. Baş Qərargahda Baş Artilleriya İdarəsinin rəisi, Bakı möhkəmləndirilmiş rayonunun general-qubernatoru olub. Döyüşlərdə göstərdiyi igidliyə görə “Müqəddəs Georgi”, “Müqəddəs Anna”, “Müqəddəs Vladimir” ordenləri və medallarla təltif edilib. Bolşevik işğalından sonra həbs olunan Murad Gəray bəy Tlexas 1920-ci il mayın 29-da güllələnib.

 

 

AŞIQ KAMANDAR

(1932-2000)

 

Çağdaş Azərbaycan aşıq sənətinin və Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Kamandar Həmid oğlu Əfəndiyev 1932-ci ilin bu günü Gürcüstanın Borçalı mahalının Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olub. Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olub. 72 saz havasını böyük ustalıqla ifa edib. "Fəxri", "Qaragöz balam", "Doğma Gürcüstanım" və bir neçə saz havasının yaradıcısıdır. Bir çox kitabın müəllifidir. Azərbaycan və Gürcüstan teleradio şirkətlərinin qızıl fondunda çoxlu lent yazıları saxlanılır. "Şərəf" ordeni ilə təltif olunan Aşıq Kamandar 2000-ci il oktyabrın 25-də Marneulidə vəfat edib.

 

 

XƏLİL RZA ULUTÜRK

(1932-1994)

 

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, filologiya elmləri namizədi Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 2 saylı şəhər orta məktəbində təhsil alıb. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olub. 1948-ci ildə “Abşeron” adlı ilk şeirini yazıb. 1949-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. 1950-1960-cı illərdə Azərbaycan Pedaqoji Universitetində baş müəllim işləyib. 1957-1959-cu illərdə Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun nəzdindəki ali ədəbiyyat kurslarında təhsil alıb. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsinə görə 1990-cı il yanvarın 26-da SSRİ xüsusi xidmət orqanları tərəfindən həbs edilib və bir müddət həbsdə olub. 31 yanvar 1992-ci ildə oğlu Təbriz Xəlilbəyli Daşaltı əməliyyatı zamanı şəhid olub. Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif edilib.

 

 

TÜNZALƏ AĞAYEVA

(1976)

 

Azərbaycanın xalq artisti, bəstəkar və müğənni Tünzalə Qabil qızı Ağayeva 1976-cı il oktyabrın 21-də Tovuz şəhərində anadan olub. Tovuzda musiqi məktəbinin piano sinfində, Gəncədə Qəmbər Hüseynli adına musiqi texnikumunun fortepiano sinfində və Bakı Musiqi Akademiyasında təhsil alıb. "Mən fəxr edirəm ki, Azərbaycanlıyam", "Biz gəlirik", "İgidlər", "Şəhidim", "Bizim zaman" və başqa albomları işıq üzü görüb. Bir çox beynəlxalq musiqi müsabiqələrinin qalibi olub. 2012-ci ilin sentyabrında Türkiyədə “Avropa Qəzetçilər Dərnəyi” tərəfindən “İlin ən yaxşı sənətçisi” adına layiq görülüb.

 

 

ASİF RƏHİMOV

(1974-1994)

 

Şəhid Asif Dadaş oğlu Rəhimov 1974-cü ilin bu günü doğulub. 1993-cü il noyabrın 7-də Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb. Asif Rəhimov 1994-cü il aprelin 20-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olub və Hacıqabul rayonunun Atbulaq kəndində dəfn olunub.

 

 

ELTUN İSGƏNDƏROV

(1990-2009)

 

Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonunun Əhmədbəyli kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 2008-ci ildən Milli Ordunun Sərhəd Xidmətində qulluq edib. 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib. Sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atılan zaman əsgər və zabitlərimizin həyatını xilas etmək məqsədilə özünü qumbaranın üzərinə atıb və qəhrəmancasına həlak olub. Samux rayonunun Əhmədbəyli kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Prezidentinin 25 iyun 2009-cu il tarixli fərmanı ilə Eltun İsgəndərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Təhsil aldığı orta məktəbə adı verilib və qarşısında büstü qoyulub.

 

 

AZAD ŞƏMSİYEV

(1916-1967)

 

Neft və qaz quyularının qazılması sahəsində tanınmış alim, texnika elmləri doktoru, professor Azad Əhməd oğlu Şəmşiyevin anım günüdür. O, 7 may 1916-cı ildə Şuşa şəhərində anadan olub. Azərbaycan Sənaye İnstitutunda təhsil alıb. İkinci Dünya müharibəsində iştirak edib. Əmək fəaliyyətinə qazma ustası köməkçisi vəzifəsində başlayıb. Avstriyanın Vyana şəhərində sovet neft idarəsində böyük mühəndis, şirkətin direktoru, Azərbaycan EA-nın Azərbaycan Neft-qaz yataqlarının işlənilməsi İnstitutunda böyük elmi işçi vəzifələrində çalışıb. 30-dan artıq elmi məqalənin və bir monoqrafiyanın müəllifidir. “Qırmızı Ulduz” ordeni və medallarla təltif olunan Azad Şəmşiyev 21 oktyabr 1967-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

NƏZAKƏT MƏMMƏDOVA

(1944-1980)

 

Azərbaycanın əməkdar artisti, müğənni Nəzakət Əli qızı Məmmədovanın xatirə günüdür. O, 28 fevral 1944-cü ildə Gəncə şəhərində anadan olub. Xarici Dillər İnstitutuna daxil olsa da, təhsilini Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda və İncəsənət İnstitutunda davam etdirib. Bir müddət "Lalə" qızlar ansamblında çalışıb, 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunub və 1971-ci ildə tamaşaçılar qarşısına Leyli rolunda çıxıb. "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınıb, bir sıra ölkələrdə qastrol səfərlərində olub. Nəzakət Məmmədova 1980-ci il oktyabrın 21-də estetik əməliyyat zamanı həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898
avatar

Oxşar yazılar