Dünyada bu gün - VİDEO
13 oktyabr 2020 09:04 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

QARS MÜQAVİLƏSİ

(1921)

 

13 oktyabr 1921-ci ildə Türkiyənin Qars şəhərində Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında sülh müqaviləsi imzalanıb. Müqavilə 1921-ci il martın 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində bağlanıb. 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minən müqavilənin bitmə müddəti müəyyənləşdirilməyib. Bu razılaşmadan təxminən 11 ay əvvəl - 14 noyabr 1920-ci ildə Türkiyənin İğdırı ilhaq etməsi və Naxçıvan üzərində Azərbaycanın suverenliyi məsələsində inadkarlığı Azərbaycanla Türkiyə arasında dəhliz açılmasına imkan yaradıb. Naxçıvan və Şərura erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edilib. 1923-cü ildə Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi. Bu, Mustafa Kamal Atatürk İran şahı Rza Pəhləvi ilə Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşma əldə etdikdən sonra mümkün olub. Dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verib. Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verib. Beləliklə, 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım olub.

 

 

AZƏRBAYCAN DƏMİRYOLU İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ

(2005)

 

13 oktyabr – Azərbaycanda Dəmiryolu işçilərinin peşə bayramı günüdür. Bu bayram Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli sərəncamı ilə təsis edilib. Azərbaycan Prezidentinin 2009-cu il 20 iyul tarixli sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və tam olaraq dövlət mülkiyyəti hesab edilib. Cəmiyyətin nizamnaməsi 2010-cu il fevralın 15-də Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

 

 

HÜSEYN SEYİDZADƏ

(1912-1979)

 

Əməkdar incəsənət xadimi, kinorejissor, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Mirəli oğlu Seyidzadə 1912-ci il oktyabrın 13-də İrəvanda anadan olub. Leninqradda rejissorluq kursunda, Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. Müxtəlif illərdə rejissor assistenti, dublyaj rejissoru və ikinci rejissor vəzifələrində çalışıb. Rejissor kimi 43 il ərzində “O olmasın, bu olsun”, “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana”, “Sovqat”, “Əbədi Odlar diyarı” və “Doğma xalqımıza” filmlərini ekranlaşdırıb. 1954-cü ildə rejissor Yan Fridlə birgə çəkdiyi “Doğma xalqımıza” Azərbaycanın ilk rəngli bədii-sənədli filmidir. Hüseyn Seyidzadə 1979-cu il iyunun 2-də vəfat edib. O, aktrisa Ruqiyyə Seyidzadənin oğlu, görkəmli elm və dövlət xadimi Həsən Seyidovun və aktrisa Zəhra Seyidzadənin qardaşıdır.

 

 

MƏHƏMMƏDTAĞI ZEHTABİ

(1923-1998)

 

Cənubi Azərbaycanda türkçülüyün görkəmli tədqiqatçısı, pedaqoq, ədəbiyyatşünas, tarixçi, professor Məhəmmədtağı Zehtabi 13 oktyabr 1923-cü ildə Təbriz yaxınlığındakı Şəbistər qəsəbəsində doğulub. Pişəvəri hökuməti dövründə açılmış Təbriz Universitetinin ilk tələbələrindən olub. Milli Hökumətin süqutundan sonra qaçaq yolla Şimali Azərbaycana mühacirət etdiyi üçün həbs olunaraq Sibirə sürgün edilib. Üç ildən sonra Düşənbəyə göndərilib, oradan isə Azərbaycana gəlib. Azərbaycan Dövlət Universitetində Azərbaycan dili üzrə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb. Daha sonra həmin universitetdə ərəb dili, 1971-ci ildən Bağdad Universitetində qədim türk dili və fars dili müəllimi işləyib. 1979-cu ildə şah rejiminin süqutundan sonra Güney Azərbaycana qayıdaraq, Təbriz Universitetində türk dili və ədəbiyyatından dərs deyib. Təbrizdə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyini yaradıb. “İran türklərinin sərfi”, “Müasir Azərbaycan ədəbi dilinin leksikologiyası”, “Ana dilimizi öyrənək”, “Türkcəm mənim səs bayrağım”, “Sara və Mahmud” və digər əsərlərin müəllifidir. Dilçiliyə aid iki kitabı dərs vəsaiti kimi istifadə olunur. Bədii əsərləri, məqalə və şeirləri ayrı-ayrı vaxtlarda Bağdad, İstanbul, Berlin və Təbrizdə nəşr olunub. Məhəmmədtağı Zehtabi 1998-ci il sentyabrın 23-də doğulduğu Şəbistər qəsəbəsindəki evində ölmüş halda tapılıb. Bəzi güneyli qruplar onun qətlə yetirildiyini iddia edir.

 

 

MARQARET TETÇER

(1925-2013)

 

Britaniyalı siyasətçi, Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir Marqaret Tetçer 1925-ci ilin bu günü Şimali İngiltərənin Linkolnşir qraflığının Qrantem şəhərində protestant tacir ailəsində anadan olub. 1947-ci ildə Oksford Universitetinin Somerville kollecindən məzun olduqdan sonra kimya sektorunda işləmək üçün Kolçesterə köçüb. 1951-ci ildə yenicə tanış olduğu Denis Tetçer ilə evlənib və bu evlilikdən əkiz övladları dünyaya gəlib. 1959-cu ildə ilk dəfə parlamentə üzv seçilib. 1975-ci ildə Mühafizəkarlar Partiyasına rəhbərlik etməyə başlayıb. 1979-cu il seçkilərində isə qələbə qazanaraq 1990-cı ilə qədər Böyük Britaniya hökumətinə rəhbərlik edib. 1992-ci ildə baronessa tituluna layiq görülüb. Böyük Britaniyanın tarixində yeganə qadın baş nazir olub. “Dəmir Ledi” ləqəbi ilə tanınan Marqaret Tetçer 8 aprel 2013-cü ildə vəfat edib.

 

 

RƏŞİD ŞƏFƏQ

(1940-2017)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Camal oğlu Əliyev 1940-cı il oktyabrın 13-də Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbinin violonçel sinfində, Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində Cövdət Hacıyev və Qara Qarayevin sinfində təhsil alıb. 1970-ci ildə Bakı şəhər 190 saylı ümumtəhsil məktəbinin nəzdində uşaq opera studiyasını yaradıb, 1995-ci ildə isə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində respublikamızda ilk Uşaq Mahnı Teatrını təşkil edib. Uzun illər Azərbaycan Teleradio Verilişləri Şirkətinin Niyazi adına Simfonik Orkestrinin direktoru vəzifəsində çalışıb. Uşaqlar üçün 500-ə qədər mahnı, vokal məcmuələrinin, çoxlu sayda musiqili tamaşaların, opera-nağıllarının, romans-rübainin, xor əsərlərinin müəllifidir. Rəşid Şəfəq 2017-ci il avqustun 24-də Bakıda vəfat edib.

 

 

TURQUT ÖZAL

(1927-1993)

 

Türkiyə Respublikasının 8-ci prezidenti Turqut Özal 13 oktyabr 1927-ci ildə Malatyada anadan olub. Dörd yaşında Bileciyin Söyüd rayonuna köçüb, ilk təhsilinə burada başlayıb, lakin orta məktəbi Mardində bitirib. Təhsilini Konya Liseyində, İstanbul Texniki Universitetinin Elektrik mühəndisliyi və ABŞ-ın Texas Texniki Universitetinin İqtisadiyyat fakültələrində davam etdirib. 1983-cü ildə Ana Vətən Partiyasını qurub və elə həmin il keçirilən seçkilərdə partiyasının uğur qazanması nəticəsində Türkiyənin 19-cu baş naziri olub. Bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynayıb. 1989-cu ilə qədər hökumətə rəhbərlik edib, həmin il oktyabrın 31-də isə prezident seçilib. Turqut Özal Azərbaycan da daxil olmaqla 5 ölkəni əhatə edən 12 günlük Türküstan səyahətindən sonra 17 aprel 1993-cü ildə vəfat edib və İstanbulda dəfn olunub.

 

 

HAMLET QURBANOV

(1938-1995)

 

Azərbaycanın əməkdar artisti, aktyor Hamlet Ağadadaş oğlu Qurbanov 1938-ci ilin bu günü Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda rejissor Mehdi Məmmədov kursunda təhsil alıb. 1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında işləyib. Bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb. Azərbaycan televiziyasının hazırladığı tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilib. Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə vəfat edib. O, aktyor Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın oğlu, aktrisa Gülşən Qurbanovanın və rejissor, kino rəssamı Firəngiz Qurbanovanın ögey qardaşıdır.

 

 

CAMAL QAŞIQÇI

(1958-2018)

 

Səudiyyəli jurnalist və yazıçı Camal Qaşıqçı 1958-ci il oktyabrın 13-də Mədinə şəhərində anadan olub. İndiana Dövlət Universitetində təhsil alıb. Müxtəlif illərdə baş redaktor və redaksiya müdiri, Əfqanıstan, Küveyt və Sudan kimi ölkələrdə müxbir kimi çalışıb. 1987-ci ildən 1995-ci ilə qədər “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladendən bir neçə dəfə müsahibə alıb. 2016-cı ildə Donald Trampı açıq şəkildə tənqid etdiyinə görə ona jurnalistika ilə məşğul olmaq qadağan edilib. Məcburiyyətdən Səudiyyə Ərəbistanını tərk edib və 2017-ci ilin sentyabr ayından ABŞ-da yaşamağa başlayıb, burada "Vaşinqton Post" qəzetində köşə yazarı kimi fəaliyyət göstərib. Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və ondan günlərlə xəbər alınmayıb. Türkiyə hüquq-mühafizə orqanları tanınmış jurnalistin konsulluqda işgəncə ilə öldürüldüyünü bəyan edib.

 

 

İLQAR İBRAHİMOV

(1976-1990)

 

20 Yanvar şəhidi İlqar Rəşid oğlu İbrahimov 13 oktyabr 1976-cı ildə Bakıda doğulub. 52 və 167 nömrəli məktəblərdə təhsil alıb. İlqar İbrahimov 1990-cı il yanvarın 20-də sovet əsgərləri tərəfindən güllələnərək qətlə yetirilib və Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

ƏHMƏD CAVAD

(1892-1937)

 

Azərbaycanlı şair, tərcüməçi, professor Əhməd Cavad Məhəmməd oğlu Axundzadənin anım günüdür. O, 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində anadan olub. Molla məktəbində, Gəncə Müsəlman Ruhani Seminariyasında və Azərbaycan Ali Pedaqoji İnstitutunda təhsil alıb. Müxtəlif illərdə müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edib, dövlət himninin və milli marşların əksəriyyətinin sözlərini yazıb. Azərbaycanın sovet işğalından sonra mütəmadi təqiblərə məruz qalıb. 1937-ci ilin 4 iyununda həbs olunan Əhməd Cavad oktyabrın 12-dən 13-ə keçən gecə güllələnib.

 

 

BƏKİR ÇOBANZADƏ

(1893-1938)

 

Ədəbiyyatşünas, şair, türkoloq, filologiya elmləri doktoru, professor Bəkir Vahab oğlu Çobanzadənin xatirə günüdür. O, 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olub. 1908-ci ildə ib­tidai gimnaziyanı bitirib və Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən təhsilini davam endirmək məqsədilə İstanbula göndərilib. 1914-cü ildə İstanbul li­seyinin ədəbiyyat şöbəsini və İstanbul Universiteti nəzdində ərəb və fransız dilləri üzrə ali kursları bitirərək, mək­təb və liseylərdə bu dilləri tədris etmək hüququ alıb. Elə həmin il Budapeşt Universitetinin Tarix-filologiya fakültəsinə daxil olub və oranı 1918-ci ildə bitirib. 27 yaşında ikən doktorluq dissertasiyası müdafiə etdikdən sonra Tavriya Universitetinin dəvəti ilə Krıma qayıdıb və Dilçilik kafedrasının dosenti təyin edilib. 1922-ci il martın 15-də professor, 1924-cü ildə isə Krım Universitetinin rektoru seçilib. 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin və Yeni Türk Əlifbası Komitəsinin dəvəti ilə Bakıya gəlib və burada türk dili və ədəbiyyatı kafedrasının professoru seçilib, 1925-ci ildə isə Şərq fakültəsinin dekanı olub. 1925-1933-cü illərdə Azərbaycan Terminologiya Komitəsinin humani­tar bölməsinin sədr müavini, sədri və rəhbəri olub. Türk dili və ədəbiyyatı problemləri ilə bağlı 350-dən çox kitab və məqalələrin müəllifi olan Bəkir Çobanzadə 1937-ci il yanvarın 28-də həbs olunub, 20 dəqiqə sürən məhkəmədə ona ölüm hökmü kəsilib və 1938-ci il oktyabrın 13-də hökm icra olunub.

 

 

HƏNƏFİ ZEYNALLI

(1896-1937)

 

Müəllim, ədəbiyyatşünas, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri Hənəfi Baba oğlu Zeynallı da bu gün xatırlanır. O, 1896-cı il martın 24-də Bakı şəhərində dəmirçi ailəsində anadan olub. Bakıda 7 saylı rus-tatar məktəbdə, 3 saylı Alekseyev Ali-İbtidai məktəbdə, Moskvada Ali Texniki məktəbdə, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində təhsil alıb. Müxtəlif illərdə dosent, baş redaktor və şöbə müdiri vəzifələrində çalışıb, “Azərbaycan ədib və şairlər ittifaqı” rəyasət heyətinin sədr müavini, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin folklor komissiyasının sədri olub. Orta və ali məktəbin ədəbiyyat dərsliklərinin müəlliflərindən biri, V.İ.Leninin əsərlərinin (altı cilddə) ilk tərcüməçisi, redaktoru və naşiri olub. Bir sıra əsərlərin, kitab və məqalələrin müəllifidir. Hənəfi Zeynallı 1937-ci il yanvarın 28-də Ruhulla Axundovun əksinqilabi qrupunun üzvü kimi həbs olunub və güllələnməsi haqqında hökm 1937-ci il oktyabrın 13-də Bakıda icra olunub.

 

 

QAMBAY VƏZİROV

(1899-1937)

 

Azərbaycanın görkəmli hərb xadimi, general-mayor Qambay Məmməd oğlu Vəzirovun anım günüdür. O, 19 avqust 1899-cu ildə İrəvan quberniyasının Gümrü şəhərində dünyaya gəlib. İrəvan gimnaziyasında 7 illik orta məktəbi bitirib. 1918-ci ildə səfərbərliyə alınıb və altı ay Türkiyədə hərbi təhsil alıb. 1919-cu ildə hərbi məktəbi başa vurduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmət edib. 1920-1922-ci illərdə bolşevik qoşunlarının tərkibində Qazax və Qarabağ bölgələrində daşnaklara qarşı döyüşlərdə iştirak edib. 1922-ci ildə ali hərbi təhsil almaq üçün Moskvaya – Frunze adına Hərbi Akademiyaya göndərilib. Üç illik hərbi təhsildən sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi-Siyasi Məktəbinin rəisi təyin olunub. 1930-cu ilin noyabrında Belarus Hərbi Diyarının 111-ci atıcı alayının komandiri və eyni zamanda Jizdra şəhərinin qarnizon rəhbəri, 1932-ci ildə 77-ci Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilib, bilik və təcrübəsini respublikada hərbi kadrların hazırlanmasına həsr edib. "Qırmızı Ulduz" ordeni ilə təltif olunan Qambay Vəzirov 1937-ci ildə saxta ittihamlar əsasında həbs edilərək oktyabrın 13-də güllələnib.

 

 

MƏCİD ŞAMXALOV

(1907-1984)

 

Azərbaycanın əməkdar artisti, dramaturq Məcid Baba oğlu Şamxalovun xatirə günüdür. O, 1907-ci il mayın 2-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. Süleyman Sani Axundovun rus-tatar məktəbini bitirib, Dövlət Teatr Texnikumunda təhsil alıb. Azərbaycan Akademik Dram Teatrında aktyor işləyib. İlk ədəbi-ictimai fəaliyyəti isə "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanıb. İlk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunub. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutaraq, qızıl medala layiq görülüb. Xidmətlərinə görə bir sıra orden və medallarla təltif olunub. Onun əsərləri əsasında “Qız qalası əfsanəsi”, “Lətif”, “Bakılılar”, “Qara daşlar”, “Məhəbbət oyunu” filmləri çəkilib. “Qayınana” filmi ilə daha çox populyarlıq qazanan Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat edib.

 

 

MİKAYIL ƏLƏKBƏROV

(1924-1943)

 

Sovet İttifaqı Qəhrəmanı Mikayıl Məhəmməd oğlu Ələkbərov da bu gün xatırlanır. O, 1924-cü il iyulun 23-də Abşeron rayonunun Saray kəndində anadan olub. Bakı Dәnizçilik Mәktәbinin kursantı olub, Böyük Vәtәn müharibәsinin ilk günlәrindәn Xәzәrdә üzәn barjlarda cәbhә üçün yanacaq daşınmasında iştirak edib. 1942-ci ildә könüllü olaraq cәbhәyә gedib vә Ukraynanın düşmәndәn azad edilmәsindә igidlik göstәrib. Mikayıl Ələkbərov 1943-cü ilin oktyabrında Dneprin sağ sahili uğrundakı döyüşlәrdә ağır yaralanaraq hәlak olub və Dnepropetrovskun Rudka kəndində dəfn edilib. 1943-cü il oktyabrın 26-da Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Saray və Rudkadakı məktəblərə onun adı verilib.

 

 

VASİM MƏMMƏDƏLİYEV

(1942-2019)

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Vasim Məmmədəli oğlu Məmmədəliyevin anım günüdür. O, 1942-ci il avqustun 27-də Bakıda anadan olub. 113 saylı orta məktəbdə və Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. Universitetin əyani aspiranturasından Tbilisiyə ezam edilərək orada akademik G.V.Seretelinin rəhbərliyi altında alimlik dərəcəsi alıb. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, BDU-nun prorektoru, İlahiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb. Akademik Ziya Bünyadov ilə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. 160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. “Şöhrət” ordeni və Dağıstan Respublikasının əməkdar elm xadimi fəxri adı ilə təltif edilib. Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, Azərbaycanın xalq artisti, tarzən Vamiq Məmmədəliyevin qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3088
avatar

Oxşar yazılar