ABBASQULU AĞA BAKIXANOV
(1794-1847)
1. Azərbaycan tarixçisi, şair, yazıçı, alim, mütəfəkkir və tərcüməçi Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakının o vaxtkı adı Xilə olan Əmircan kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə general Yermolovun dəvəti ilə Tiflisə gələrək, Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub. "Qanuni-Qüdsi", "Kəşfül-qəraib", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm", “Ümumi coğrafiya” və başqa əsərlərin müəllifidir. Qüdsi təxəllüsü ilə şeirlər yazıb. 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Abbasqulu ağa Bakıxanov 1847-ci il mayın 31-də Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Fatimə Vadisi adlanan yerdə dəfn olunub.
TOFİQ İSMAYILOV
(1933-1991)
2. Akademik, texnika elmləri doktoru, professor Tofiq Kazım oğlu İsmayılov 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olub. Moskva şəhərində Elektrotexniki Rabitə İnstitutunda təhsil alıb. Müxtəlif illərdə baş mühəndis, şöbə müdiri, baş direktor, baş konstruktor vəzifələrində çalışıb. 1967-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyası sistemində işləyib. Azərbaycan Neft Kimya İnstitutunun informasiya-ölçü texnika kafedrasının professoru olub, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib. Onun fəaliyyətində astro-fizika, elmi-tətbiqi cihazqayırma problemləri sahəsində irəli sürdüyü elmi mülahizələr əhəmiyyətli yer tutub. 200-dən çox elmi işin müəllifidir, onlardan 90-ı isə ixtiradır. SSRİ-nin sonuncu Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycanın ilk Dövlət Katibi təyin edilib. Respublika Dövlət Mükafatına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib. Tofiq İsmayılov 1991-ci ilin noyabrın 20-də Qarabağın Qarakənd kəndi üzərində ermənilərin "Mi-8" hərbi vertolyotunu vurması nəticəsində həlak olub və Fəxri Xiyabanda dəfn olunub.
TƏLƏT QASIMOV
(1933-2013)
3. Azərbaycanın xalq artisti Tələt Məmmədağa oğlu Qasımov 1933-cü ilin bu günü Bakı şəhərində anadan olub. Əvvəlcə dini musiqiyə meyl edib və mərsiyəxan olub, sonradan isə xanəndəlik sənətinə gəlib. "Azərkonsert" Birliyinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Musiqi mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində keçirilən konsertlərdə təmsil edib. Onun ifasında “Rast”, “Şur”, “Zabul-Segah” muğam-dəstgahları, “Şüştər” təsnifi Azərbaycan Televiziyasının "Qızıl Fond"unda saxlanılır. Tələt Qasımov 2013-cü il iyulun 28-də ürək tutmasından vəfat edib.
FƏXRƏDDİN KƏRİMOV
(1954)
4. Azərbaycanın xalq artisti, dirijor Fəxrəddin Nuri oğlu Kərimov 21 iyun 1954-cü ildə Bakıda anadan olub. Bülbül adına orta ixtisas məktəbində, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının skripka sinfində və Leninqrad Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu şöbəsində təhsil alıb. Leninqrad Opera və Balet Teatrında təcrübəçi-dirijor olub, Türkiyənin Memar Sinan İncəsənət Universitetinin nəzdindəki Dövlət Konservatoriyasının simfonik orkestrinə dirijorluq edib, İzmir Dövlət Opera və Balet Teatrında baş dirijor vəzifəsində çalışıb. Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru olan sənətkar Bakı Musiqi Akademiyasının vokal və opera hazırlığı kafedrasının dosentidir. Fəxrəddin Kərimov Prezident Mükafatına və Prezidentin fərdi təqaüdünə layiq görülüb.
MİŞEL PLATİNİ
(1955)
5. Fransanın məşhur futbolçu və məşqçisi Mişel Fransua Platini 1955-ci il iyunun 21-də bu ölkənin Lotaringiya əyalətinin Jyof şəhərində anadan olub. Fransa milli futbol komandasının heyətində 72 oyun keçirib, 41 qol vurub. 1984-cü il Avropa çempionatının qalibi olub. “France Football” nəşri onu XX əsrin ən yaxşı fransız futbolçusu elan edib. Mişel Platini Fernando Sastre ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsinə rəhbərlik edib. 1988-1990-cı illərdə UEFA-nın texniki inkişaf komitəsində çalışıb. 2002-ci ildən UEFA və FİFA-nın İcraiyyə Komitəsinin üzvü olub. 2006-cı ildə FİFA-nın texniki inkişaf komitəsinin sədri və Fransa Futbol Federasiyasının vitse-prezidenti vəzifələrində çalışıb. 2007-ci il yanvarın 26-da UEFA prezidenti seçilib, eyni zamanda FİFA-nın vitse-prezidenti olub. Mişel Platini 2016-cı il sentyabrın 14-də UEFA prezidenti postundan istefa verib.
NİKKOLO MAKİAVELLİ
(1469-1527)
6. İtalyan siyasi xadimi, yazıçı, tarixçi və hərb nəzəriyyəçisi Nikkolo Makiavellinin anım günüdür. O, 1469-cu il mayın 3-də İtaliyanın Florensiya şəhərində anadan olub. İtaliyada humanizm hərəkatının yol açdığı təhsil proqramına uyğun olaraq qrammatika, məntiq, latın dili və mədəniyyəti təhsili alıb. 1484-cü ildə katib və səfir kimi Florensiya hökumət xidmətinə daxil olub. Florensiya Respublikası ləğv edildiksən sonra 1513-cü ildə sui-qəsddə ittiham edilərək həbs olunub və 1520-ci ildə əfv edilib. İtalyan İntibah hərəkatının ən əhəmiyyətli nümayəndələrindən biridir. "Tit Livinin birinci dekadası haqqında düşüncələr", "Hökmdar", "Knyaz", "Florensiyanın tarixi" və başqa əsərlərin müəllifidir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün istənizlən vasitəni məqbul sayan makiavellizm nəzəriyyəsinin banisi sayılan Makiavelli 1527-ci ilin iyununda Florensiyada vəfat edib.
SUKARNO
(1901-1970)
7. İndoneziyanın ilk prezidenti Əhməd Sukarno da bu gün xatırlanır. O, 6 iyun 1901-ci ildə Surabae şəhərində anadan olub. Holland orta məktəbində təhsil alıb, daha sonra inşaat mühəndisliyi fakültəsini bitirib. 1927-ci ildə yaradılan anti-imperialist, anti-kapitalist müstəqillik partiyası olan Partai Nasional İndoneziyanın ilk lideri olub. Üç il Yaponiya ordusunda tərcüməçi işləyib. Yaponiyanın geri çəkilməsindən sonra 19 avqust 1945-ci ildə ölkəsinin müstəqilliyini elan edib və 1949-cu ildə İndoneziyanın ilk prezidenti seçilib. 1960-cı illərin əvvəllərində İndoneziya iqtisadiyyatı ağır böhran keçirən zaman müxtəlif siyasi qüvvələrin prezidentin siyasətindən narazılığı çevrilişlə nəticələnib. O, 1966-cı ildə baş nazir, bir il sonra isə prezident vəzifəsindən uzaqlaşdırılıb. Sukarno 1970-ci ilin iyununda vəfat edib.
RAUF GÜLMƏMMƏDOV
(1944-1999)
8. Azərbaycanın dövlət və siyasi xadimi Rauf Məmməd oğlu Gülməmmədovun xatirə günüdür. O, 2 yanvar 1944-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. Nərimanov rayon Mənzil İstismar İdarəsinin mühəndisi, Binəqədi rayon Mənzil İstismar İdarəsinin rəisi, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Tikinti İdarəsinin rəisi, Təmir-Tikinti Trestinin müdiri, Bakı Baş Mənzil İstehsalat İdarəsinin rəisi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1992-ci ildə Baş nazirin müavini, daha sonra , Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Rauf Gülməmmədov 1999-cu ilin iyununda Bakı şəhərində vəfat edib.