ADİL QAÇAYOĞLU
(1955-2008)
1. Azərbaycanlı jurnalist Adil Qaçay oğlu Atakişiyev 1955-ci il iyunun 3-də Ağdamda anadan olub. Orta məktəbi Balakən rayonunda bitirib. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. İlk iş yeri “Şən həyat” (indiki “Balakən”) qəzeti olub. 1981-1991-ci illərdə “Azərbaycan gəncləri”ndə çalışıb. Sonrakı illərdə “Həyat”, “Yeni fikir”, “Ülfət” qəzetlərində işləyib. 1990-cı illərin ikinci yarısında populyar “Panorama” gündəliyinin baş redaktor müavini olub. Bundan sonra “Detektiv”, “525-ci qəzet”, “Yeni yüzil”, “Bizim əsr”, “GÜN Səhər” və “Yeni Müsavat” qəzetlərində çalışıb. Müxtəlif mövzulu publisistik yazıların müəllifi, xüsusilə də futbol yazarı kimi tanınan Adil Qaçayoğlu 2008-ci il mayın 4-də Bakı şəhərində vəfat edib.
AFAQ MƏSUD
(1957)
2. Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimiAfaq Məsud 3 iyun 1957-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, “Azərbaycantelefilm”in direktoru, Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb. Bir neçə kitabın müəllifidir. Əsərləri əsasında “Sərçələr”, “Qonaqlıq”, “Gecə”, “Cəza”, “Dovşanın ölümü” televiziya filmləri çəkilib. TÜRKSOY-un medalı, “Humay” Milli Akademiyası mükafatı və “Şöhrət” ordeni ilətəltif edilib. Afaq Məsud 16 may 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. O, xalq yazıçısıƏli Vəliyevinnəvəsi, görkəmli ədəbiyyatşünas alimMəsud Əlioğlununqızıdır.
NƏRİMAN ƏBDÜLRƏHMANLI
(1958)
3. Azərbaycan yazıçısı, publisist, tərcüməçi və ssenarist Nəriman Hacı oğlu Əbdülrəhmanlı 1958-ci ilin iyununda Qaraçöp mahalının Düzəyrəm kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetində və Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb.Müxtəlif nəşriyyat, qəzet və jurnallarda, “Azərbaycanfilm” kinostudiyasının «Yaddaş» sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafiə Nazirliyinin kino-telestudiyasında və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində müxtəlif vəzifələrdə işləyib.Bir neçə kitabın müəllifidir.Onun ssenariləri əsasında “Haray”, “Miras”, “Əzablı yollarla”, “Qara Volqa”, “Turan sevgisi”, “Tale yolları” və başqa filmlər çəkilib. Beynəlxalq Sənət Mükafatına, “Qızıl kəlmə”, “Şans” və “Ədəbiyyat adamı”mükafatlarına layiq görülüb.
FRANS KAFKA
(1883-1924)
4. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biri, almandilli Avstriya yazıçısı Frans Kafkanın anım günüdür. O, 1883-cü il iyulun 3-də Çexiyanın Praqa şəhərində yəhudi ailəsində anadan olub.Praqadakı Alman Gimnaziyasında və Karl-Ferdinand Universitetində təhsil alıb. Vəkil təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlib. “Məhkəmə”, “Yanvarçı”, “Çevrilmə”, “Cəza müstəmləkəsi”, “Kənd həkimi” və “Milenaya məktublar” kimi əsərlərin müəllifidir. Frans Kafka1924-cü ilin iyununda Avstriyada vərəm xəstəliyindən vəfat edib.
MİRZƏ MANSUR MANSUROV
(1887-1967)
5. Azərbaycanın əməkdar incəsənət xadimi,tarzən Mirzə Mansur Məşədi Məlik oğlu Mansurovun xatirə günüdür. O, 1887-ci il yanvarın 5-də Bakıda anadan olub.Rus-tatar məktəbində,Üzeyir Hacıbəyovuntəşkil etdiyi Dövlət Türk Musiqi Məktəbində təhsil alıb. Həmin məktəbdə, daha sonra Azərbaycan Dövlət Konservatoriyasındamuğamdan dərs deyib. Üzeyir Hacıbəyovun təşəbbüsü ilə tar sinfi üçün ilk muğam tədris proqramını tərtib edib. Onun yenilik verdiyi 4 tardan biri Ermitaj, ikincisi Luvr, üçüncüsü İstanbul muzeylərində qorunur, sonuncu tarı isə özünə saxlayıb. “Rast”, “Dügah” və “Zabul” muğamları ilk dəfə onun ifasında nota salınıb. Mirzə Mansur Mansurov 1967-ci ilin iyununda vəfat edib. O, Bakı muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəy Mansurovunoğlu, Azərbaycan musiqisinintədqiqatçısıMəşədi Süleyman bəy Mansurovun qardaşı, tarzənƏnvər Mansurovunatası,ictimai-siyasi xadim Arif Mansurovun babasıdır.
NAZİM HİKMƏT
(1902-1963)
6. Bu gün Türkiyənin məşhur şairi, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim Nazim Hikmətin anım günüdür. O, 1902-ci il yanvarın 15-də Yunanıstanın Selanik şəhərində zadəgan ailəsində doğulub. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik Məktəbinə daxil olub, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilib.1921-ci ildə Sovet Rusiyasına gedib, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. Siyasi baxışlarına görə dəfələrlə həbs olunub. O, türk poeziyasına sərbəst şeir vəznini gətirib. 1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayıb. Bəstəkar Arif Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazıb, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələyiblər. Nazim Hikmət1963-cü ilin iyununda Moskvadavəfat edib.
MƏHƏMMƏD ƏLİ
(1942-2016)
7. “Bütün zamanların ən böyük boksçusu” olaraq qəbul edilən Afro-Amerikan və İrlandiya əsilli əfsanəvi peşəkarABŞboksçusu Məhəmməd Əlinin xatirə günüdür. O,1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Əsl adı Kassius Marsellus Kley olan boksçu 12 yaşından həvəskar boksla məşğul olaraq, bir neçə ay ərzində ştatlararası keçirilən məşhur “Qızıl Əlcək” turnirinin qalibi olub. O, boksçular arasında 6 dəfə bu turnirin qalibi olan yeganə boksçudur. 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında ilk böyük qələbəsini qazanıb və qızıl medala sahib olub. 1960-cı ilədək həvəskar karyerası ərzində keçirdiyi 105 döyüşün 100-də qələbə qazanaraq, yalnız 5 döyüşdə məğlub olub.1964-cü ildə Sonni Listonu məğlub edərək dünya çempionu olduqdan sonra İslamı qəbul edib. 1981-ci ildə Trevor Berbikə uduzaraq peşəkar karyerasını bitirib. 2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə ABŞ prezidenti Corc Buş tərəfindən “Azadlıq Medalı” ilə təltif edilib. Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli 2016-cı ilin iyununda dünyasını dəyişib.
MOBİLƏHMƏDOV
(1931-2006)
8. Azərbaycanın xalq artisti, vokal ifaçı və teatr aktyoru Mobil Salman oğlu Əhmədovun xatirə günüdür. O, 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün sinfində təhsil alıb. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Azərbaycan Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Daha sonra Musiqili Komediya Teatrına solist vəzifəsinə dəvət olunub. Qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Bir neçə filmdə yaddaqalan obrazlar yaradıb. Radionun fondunda 600-dən çox lent yazısı saxlanılır. Mobil Əhmədov 2006-cı il iyununda Bakıda vəfat edib və Gəncədə dəfn olunub.
MİKAYIL MİRZƏ
(1947-2006)
9. Azərbaycanın xalq artisti, aktyor, ssenari müəllifi, qiraətçi Mikayıl Şahvələd oğlu Mirzə də bu gün xatırlanır. O, 1947-ci il yanvarın 1-də Ağsu rayonunun Talış kəndində doğulub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. İnstitutun Tədris Teatrında, müxtəlif fasilələrlə Azərbaycan Milli Dram Teatrında aktyor və Bakı Mədəni-Maarif Texnikumunundirektoru vəzifələrində işləyib. “Vaqif”, “Fərhad və Şirin”, “Bizim qəribə taleyimiz”, “Dəli yığıncağı”,”Od gəlini”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Topal Teymur”, “Üzeyir ömrü” kimi film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. İki dəfə Milli Məclisə deputat seçilib. Mikayıl Mirzə 2006-cı ilin iyununda dünyasını dəyişib və İkinci Fəxri Xiyabanda dəfn olunub.
ELDAR TAĞIZADƏ
(1963-1992)
10. Azərbaycanın Milli Qəhrəmanı Eldar Abdulla oğlu Tağızadənin anım günüdür. O, 6 sentyabr 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Botanika İnistitutunda çalışıb. Daha sonra əmək fəaliyyətini daxili işlər orqanlarında davam etdirib. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçib və baş leytenant rütbəsi alıb, əməliyyat müvəkkili vəzifəsində çalışıb. 1991-ci ildə kapitan rütbəsi ilə DİN-in Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edilib. 1992-ci il iyunun 3-də təhlükəli qatilin zərərsizləşdirilməsi məqsədilə keçirilən əməliyyat zamanı qəhrəmancasına həlak olub və BakıdaŞəhidlər Xiyabanındadəfn edilib. Azərbaycan Prezidentinin3 sentyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Təhsil aldığı 164 saylı orta məktəb onun adını daşıyır.