Dənizdə işləyənlərə hava XƏBƏRDARLIĞI - Güclü külək əsəcək, dalğanın hündürlüyü...
06 fevral 2020 19:34 (UTC +04:00)

Dənizdə işləyənlərə hava XƏBƏRDARLIĞI - Güclü külək əsəcək, dalğanın hündürlüyü...


Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

Agentlikdən Lent.az-a verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, dəniz akvatoriyasında fevralın 8-i axşamdan 10-u gündüzədək Şimal-Qərb küləyinin sürəti 20-25 metr saniyədən arabir 30-35 metr saniyəyədək güclənəcək. Güclü külək fevralın 9 -da açıq dənizdə arabir 38-40 metr saniyəyədək şiddətlənəcək. Dalğanın hündürlüyünün 3-5 metrdən 7-9 metrə çatacağı və daha çox olacağı proqnozlaşdırılır.

Məlumatda qeyd edilir ki, hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək.

 “Vurğulamaq istərdik ki, Milli Mərkəz təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunacaq. Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək.

Bu gün həmçinin dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir”, - məlumatda vurğulanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8693
avatar

Aygün İbrahimli

Oxşar yazılar