Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyarəsi yerli vaxtla saat 21.12-də Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində “Koca Yusuf” sərnişinləri və təyyarədki digər heyət 17 xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, təyyarəni qarşılayanlar arasında xüsusi karantin şəraitdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də olub.
Türkiyənin Çindəki səfiri Abdulkadir Emin Önen bildirib ki, Çindən gətiriləcək digər 6 nəfər təxliyə olunmaq istəməyib. Onlar bunun səbəbini bəzi sosial şəbəkələrdə barələrində olan şəxsi bilgilərinin paylaşılmasını göstəriblər. Onlar bu məlumatların açıqlanmasına həssas yanaşdıqlarını, bu səbədən də ailələri ilə birgə Çində qalmağa üstünlük verdiklərini bildiriblər.
Səhiyyə naziri Fəxrəddin Qoca isə deyib ki, Çindən təxliyə olunanların heç birində koronavirus (2019-nCoV) ölümcül virus aşkarlanmayıb. Nazir bildirib ki, təyyarədə olan tibbi heyət də daxil olmaqla, 62 nəfər 14 gün karantin şəraitində saxlandıqdan sonra səhhətlərində hər hansı bir təhlükə qeydə alınmasa, istədikləri yerə gedə biləcək.