Koronavirus təhlükəsi ilə bağlı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən 5 nəfərin vəziyyətində ciddi dəyişiklik yoxdur.
Bu barədə Lent.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.
Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər Çində təhsil alan 27 yaşlı Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan 28 yaşlı xanımın və onun 27 yaşlı həyat yoldaşının heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaq.
Çində təhsil alan 22 yaşlı Azərbaycan vətəndaşı sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir və lazımı yardım göstərilir.
Çində təhsil alan digər 22 yaşlı Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan 23 yaşlı Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur.
Bu şəxslər ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.
Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən və səhhətində heç bir problem olmadığından evinə buraxılıb.