Cinayət məsuliyyətindən azad etmə qaydası dəyişir
11 aprel 2020 16:20 (UTC +04:00)

Cinayət məsuliyyətindən azad etmə qaydası dəyişir


Şərti məhkum etmənin ləğv edilməsi və cinayət məsuliyyətindən azad etmə qaydası dəyişir.

APA-nın məlumatına görə, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər. Təklif edilən dəyişikliyə əsasən, məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, məhkumu tamamilə və ya qismən əlavə cəzadan da azad edə bilər. Şərti məhkum etmə ləğv edildikdə məhkumun əlavə cəzası olmadığı və ya o, əlavə cəzadan tamamilə azad edildiyi hallarda məhkəmə, həmçinin, şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edir.

Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə qaydası ilə bağlı da Cinayət Məcəlləsinin 72-ci bəndinə yeni 2-ci və 3-cü bəndlərin əlavə olunması təklif edilir. Beləliklə, böyük ictimai təhlükə törətməyən cinayət, o cümlədən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma, zəruri müdafiə həddini aşmaqla və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma əməlləri iştirakçılıqla törədildiyi hallarda zərərçəkmişə dəymiş ziyan cinayət iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş ziyanın həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödəniləcək.

Bu prinsip dələduzluq, mənimsəmə və ya israf etmə, əmlakı qəsdən məhv etmə və ya zədələmə, təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma, əmtəə nişanlarından qanunsuz istifadə etmə, bilə-bilə yalan reklam etmə, insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə, qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma, qiymətli kağızlar bazarında manipulyasiyalar, saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma, gömrük ödənişlərinin ödənilməsindən yayınma, müflisləşmə zamanı qanunsuz hərəkətlər, qəsdən müflisləşmə, saxta müflisləşmə, vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət əməllərinə də şamil olunacaq.

Eyni zamanda dələduzluq, mənimsəmə və ya israf etmə, əmlakı qəsdən məhv etmə və ya zədələmə, təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma, əmtəə nişanlarından qanunsuz istifadə etmə, bilə-bilə yalan reklam etmə, insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə, qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma, qiymətli kağızlar bazarında manipulyasiyalar, saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma, gömrük ödənişlərinin ödənilməsindən yayınma, müflisləşmə zamanı qanunsuz hərəkətlər, qəsdən müflisləşmə, saxta müflisləşmə, vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət əməlləri şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın 10 faizi miqdarında müəyyən olunacaq.

Təklif edilən digər dəyişiklik avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilmə ilə bağlıdır.

Əgər hazırda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq, mənimsəmə və ya israf etmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə, xüsusilə külli miqdarda ziyan vurmaqla təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilirsə, dəyişikliyə əsasən əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli deyil, 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcək.

Hazırda xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq, mütəşəkkil dəstə tərəfindən külli miqdarda, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə mənimsəmə və ya israf etmə əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Dəyişikliyə əsasən, bu halda cinayət nəticəsində vurulmuş ziyanın iki misli deyil, 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilmə tətbiq olunacaq.

Eyni zamanda Cinayət Məcəlləsinə yeni - 80-1. maddəsinin (Zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə) əlavə edilməsi təklif olunur. Bu maddə dələduzluq, mənimsəmə və ya israf etmə, əmlakı qəsdən məhv etmə və ya zədələmə, təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma, əmtəə nişanlarından qanunsuz istifadə etmə, bilə-bilə yalan reklam etmə, insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə, qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma, qiymətli kağızlar bazarında manipulyasiyalar, saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma, gömrük ödənişlərinin ödənilməsindən yayınma, müflisləşmə zamanı qanunsuz hərəkətlər, qəsdən müflisləşmə, saxta müflisləşmə, vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət əməllərinə şamil olunacaq. Eyni zamanda bu maddənin səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə (şəxs inayət məsuliyyətindən yalnız bir dəfə azad edilir), yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə), məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə (şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə) hallarına da şamil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1549
avatar

Oxşar yazılar