Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə koronavirus pandemiyası səbəbindən 3,9 dəfə azalaraq 1 073,4 min nəfər olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ölkə vətəndaşlarının 30,9%-i İrana, 27,7%-i Gürcüstana, 19,5%-i Rusiyaya, 13,2%-i Türkiyəyə, 8,7%-i digər ölkələrə səfər edib. Gedənlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,6 dəfə, Türkiyəyə gedənlərin sayı 3,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,5 dəfə azalıb.
“2020-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 76,7%-i dəmir yolu və avtomobil, 20,8%-i hava, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib”, - komitədən bildirilib.