Martın 27-si Azərbaycanda Elm Günüdür.
Lent.az Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA)
istinadən xəbər verir ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanda Elm Günü, eyni zamanda, AMEA-nın yaradıldığı günə təsadüf edir.
Belə ki, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində mühüm uğurlar əldə etməyə nail olub: “Ölkəmizdə elmin sistemli inkişafında XX əsr xüsusi mərhələ təşkil edir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. Ulu Öndərin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib.
AMEA alimləri Sovet dövründə fəaliyyət göstərdikləri müddətdə Azərbaycan elminin təbliği və əldə olunan nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmətlər göstəriblər. Bu illərdə xalqımızın ictimai-siyasi fikir tarixi araşdırılıb, neft və qaz yataqlarının kəşfi, işlənməsi sahəsində uğurlar əldə edilib, mexanika, riyaziyyat, informatika sahələrində əhəmiyyətli tədqiqatlar aparılıb, nüfuzlu elmi məktəblər yaradılıb, Azərbaycan dili və ədəbi dil tarixi öyrənilib.
Müstəqillik illərində də AMEA-da elmin inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Akademiyanın strukturu əsaslı olaraq təkmilləşdirilib, fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırılıb, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafı, Azərbaycan elminin dünya elminə inteqrasiyası sahəsində konkret addımlar atılıb”.
Məlumatda göstərilir ki, elmi fəaliyyət sahəsində hüquqi islahatların ən böyük uğuru Milli Məclisin 2016-cı il iyunun 14-də qəbul etdiyi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanı ilə ölkədə tətbiq olunan “Elm haqqında” Azərbaycan Respublikası Qanunudur.
Bu il həm də AMEA-nın yaradılmasının 75 ili tamam olur.