Fəqərə problemləri bir çox nevroloji əlamətlərlər özünü büruzə verir. E-tibb.az xəbər verir ki, bunu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi, nevroloq Yeganə Rəşidova APA TV-nin “Öncə sağlıq” proqramında deyib. Onun sözlərinə görə, boyun, döş və bel fəqərələrində olan problemlərin hər birinin özünəməxsus klinik əlamətləri var.
Həkim qeyd edib ki, boyun fəqərələrində olan problemlərin əlamətləri miqrenin əlamətlərinə bənzəyir, amma söhbət zamanı bir az dinləyəndə xəstə özü öz diaqnozunu qoymuş olur. Y. Rəşidova deyib ki, baş ağrıları, başın bir tərəfində olan keyləşmə, ürəkbulanma, qollarda keyimə boyun fəqərələrində olan problemlər- yırtıqlar və ya protruziyalarla bağlı yarana bilər: “Bəzi xəstələr deyir ki, boyunda yaranan ağrını həmin nahiyəni ovandan, hətta dirsəklə əzələni əzəndən, ovuşdurandan sonra keçir. Buna qətiyyən yol vermək olmaz. Bunlar ciddi fəsadlara səbəb ola bilər”.
Nevroloq bildirib ki, bəzən insanlar baş gicəllənməsinə görə, başla bağlı bütün müayinələrdən keçsələr də, heç bir səbəb tapılmır: “Belə hallarda sanki boyun yaddan çıxır. Amma bu, boyunda olan problemlə də bağlı olur”.
Mütəxəssis onu da deyib ki, bəzən ürək nahiyəsində olan ağrıların da səbəbi döş fəqərələrində yaranan problemlər olur. Döş fəqərələrində olan problemlər hətta qaraciyərə qədər ağrı verə bilir.
Onun sözlərinə görə, bel fəqərələrindəki problemlər zamanı ayaqlara, çanağa, bud nahiyəsinə, hətta qarına ağrılar yayılır. Bel ağrılarının bir çox hallarda bel fəqərələrində olan yırtıqlar, protruziyalardan qaynaqlandığını deyən həkim qeyd edib ki, ağrı bu problemlərlə əlaqədar olmaya da bilər.
Nevroloq, çox böyük ölçülü fəqərarası disk yırtıqlarının bəzən ağrı vermədiyini, əksinə çox kiçik ölçülü yırtıq zamanı şiddətli ağrı yarandığını da nəzərə çatdırıb. Y.Rəşidova bu problemlərin diaqnostikası, müalicə üsulları barədə ətraflı məlumat verib, sualları cavablandırıb.
Ətraflı videoda tanış ola bilərsiniz: