Azərbaycanda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayonun Bayıl və “20-ci sahə” ərazisində yerləşən küçələr, yeraltı keçidlərdə, parklar və yaşayış evlərinin ətrafında Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir.
Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, işlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunublar: “Rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək. Eyni zamanda sakinlərimizə Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyi, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirik”.