Apteklərdə tibbi maskaların qiyməti bahalaşıb və artıq qıtlıq yaranmağa başlayıb.
Qripdən, müxtəlif viruslardan qorunmaq üçün istifadə olunan tibbi maskaların satışında yaranan problem dünyada, xüsusilə Çində koronavirusun geniş yayılması ilə əlaqələndirilir.
Qeyd edək ki, infeksionistlər qripdən, eləcə də viruslardan qorunmaq üçün maskalardan istifadəni vacib hesab edir və xəstəlikdən 60-70 faiz qoruduğunu vurğulayırlar. Üstəlik, qripə artıq yoluxan insanların maskalardan istifadəsi vacib hesab olunur.
Vəziyyətin necə olduğunu öyrənmək üçün Lent.az Bakı şəhərində müxtəlif ərazilərdə yerləşən apteklərdə sorğu keçirib. Məlum olub ki, hər aptekdə maskalar müxtəlif qiymətə satılır.
Metronun “Memar Əcəmi” stansiyasının çıxışında yerləşən bəzi apteklərdə maska, ümumiyyətlə, yox idi.
Satıcı bildirdi ki, olmamasının səbəbi qiymət artımı ilə bağlıdır: “Qiymət artıb. Gətirsək, 30 qəpikdən verməliyik. Dərman şirkətlərinin özündə də qıtlıq yaranıb. Ona görə də qiymətlər yüksəlib. Amma soruşanlar çoxdur. Ona görə qiyməti baha olsa da, bu gün götürəcəm. Onu da deyim ki, bizə ancaq bir bağlama verilir, içində 50 ədəd olur”.
“Xətai” metrostansiyasının çıxışında yerləşən aptekdə isə maska hələ də 10 qəpikdən satılır: “Çalışırıq ki, qiyməti yüksəltməyək. Hələ ki biri 10 qəpikdir. Amma ucuz qiymətə satışların nə zamana kimi davam edəcəyini deyə bilmərəm”.
Başqa bir aptekdə isə maskaların qiyməti artıq 20 qəpikdən satılırdı. Xanım satıcı bildirdi ki, gün ərzində onlara yalnız bir bağlama maska verilir. Bu səbəbdən də onlar satışa məhdudiyyət tətbiq edir.
Qeyd edək ki, bəzi yerlərdə sakinlər maskaların 50 qəpikdən satıldığını da deyir.
“Maska satışındakı bu cür qiymət fərqinin səbəbləri qiymətlərin dövlət tərəfindən yox, bazarın özündə formalaşması ilə bağlıdır”.
Bunu Lent.az-a açıqlamasında “Zeytun” Apteklər Şəbəkəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda şirkətdə maska sayı məhduddur: “Keçmişdə - hardasa 5 ay əvvəl aldığımız maskaları artıq satmışıq. Onların qiymətində artım olmayıb. Neçə qatlı olmasından asılı olaraq qiymətlər 5-7 qəpik arasında dəyişib ki, həmin maskalar da əczaxanalarda 10 qəpikdən satılırdı. Amma hazırda yeni götürdüyümüz maska qiymətlərində artım var. Məsələn, bu gün götürdüyümüz maskaların qiyməti 16 qəpik idi. Nazik və qalınlığından asılı olaraq 12-13 qəpik, 16-18 qəpiyə olan maskalar da var. Bu qiymət bizdəki satış qiymətidir. Apteklərdə müəyyən qiymət tətbiq edir”.
Şirkətin nümayəndəsi onu da qeyd edib ki, maskalar ölkəyə hazırda, ümumiyyətlə gətirilmir: “Hamısı əvvəlcədən gətiriləndir. Maska Azərbaycana, əsasən Çindən və İrandan gətirilirdi. Amma buna baxmayaraq, biz may ayına kimi, qeyd etdiyim qiymətlərdə satışı həyata keçirə biləcəyik. Əczaxanalara bir qutu verməyimizin səbəbi onunla bağlıdır ki, bəzi insanlar kütəlvi şəkildə maskanı alır və daha sonra “qara bazar”da 50 qəpiyə və daha baha qiymətə satırlar. Bunun qarşısını almaq üçün bizim şəbəkənin apteklərinə hər müştəriyə 5 ədəddən artıq maska verməmələrini tövsiyə etmişik".