Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətin bütün taksiləri koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün gündəlik dezinfeksiya edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə sürücülər antiseptik məhlullar, spirt, əlcək, maska və lazımi profilaktik vasitələrlə təmin olunurlar. Taksilərdə sərnişinlərin avtomobildən istifadə zamanı əllərini spirtləməsi üçün spirtlə dolu xüsusi aparat yerləşdirilib.
Bununla yanaşı, “Bakı Taksi Xidməti”ndən koronavirusla bağlı müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir. Belə ki, qurumun tabeliyindəki bütün taksilərdə həm sürücülərin, həm də taksidən istifadə edən sərnişinlərin koronavirus infeksiyasının profilaktikası ilə bağlı məlumatlandırılması üçün xüsusi lövhələr yerləşdirilib. Həmçinin xidmət əməkdaşlarının bu sahədə maarifləndirilməsi məqsədilə qurum daxilində məlumat xarakterli lövhələr asılıb.
Ümumilikdə profilaktik işlər davamlı xarakter daşıyır və vətəndaşların sağlamlığının qorunması üçün sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.