Bakı sakini retro avtomobillərdən ibarət kolleksiya yaradıb - REPORTAJ
14 fevral 2020 11:48 (UTC +04:00)

Bakı sakini retro avtomobillərdən ibarət kolleksiya yaradıb - REPORTAJ

Gündəlik həyatımızda istifadə etdiyimiz avtomobillərdən başqa elə maşınlar da var ki, onlar hansısa tarixi dövrü, hansısa xatirəni hələ də özündə yaşadır. Bəli, düz bildiniz. Söhbət klassik avtomobillərdən gedir.

Ölkəmizdə də bu qəbildən olan avtomobillərin həvəskarları kifayət qədərdir. Bu məşğuliyyəti öz hobbisinə çevirən paytaxt sakini Azad Kərimovun şəxsi kolleksiyasında  nə az, nə çox - düz 30 retro avtomobil var. Onda retro avtomobillərə maraq isə uşaqlıqdan yaranıb: “Uşaqlıq illərimdə Malakan bağının yanında böyük bir maşın dükan var idi. Orada “ZİM”, “QAZ-21” markalı avtomobillər satılırdı. Mən dəfələrlə gedib pəncərədən boylanaraq maşınlara baxırdım. Bir də “Beşmərtəbə” dairəsində də həmin maşınlardan satırdılar. Mənim o dövrdə klassik maşınlara marağım var idi. Sonra yeni maşınlar çıxdı. Məndə isə maraq elə retro maşınlara qaldı”. 

Kolleksiyasında ən qədim maşının 1937-ci il istehsalı olan “OPEL Kadett” markalı avtomobil olduğunu deyən qəhrəmanımız bildirir ki, 40 ilə yaxındır bu işlə məşğuldur: “Yəni mən zövqümü həmişə antik əşyalardan almışam. Mənə elə gəlir ki, bu hiss məndə uşaqlıqdan yaranıb. Kolleksiyama ilk maşını 1981-ci ildə əlavə etmişəm. O vaxt ona “Zapı” deyərdilər. Qozbel “Zaporojets” idi. Kolleksiyamda birinci maşınım o olub. Sonra onu qardaşıma bağışladım. O da onu kiməsə bağışladı”. 

Azad Kərimovun sözlərinə görə, retro avtomobilləri və onların ehtiyat hissələrini axtarıb tapmaq çox çətin prosesdir: “Hərdən olur ki, bir detalı aylarla axtarırsan, amma tapa bilmirsən. Ümumiyyətlə, hansısa maşını yığmaq istəyəndə birinci onun ehtiyat hissələrini axtarmağa başlayıram. Detalların 80 faizini tapandan sonra təmir işlərinə başlayıram. Heç vaxt hansısa maşının arxasınca düşmürəm ki, mən bu avtomobili tapacağam. Yəni qarşıma hansı maşın çıxırsa, başlayıram onu yığmağa”.

Qarajında Rusiya, Almaniya və ABŞ istehsalı olan avtomobillərin çoxluq təşkil etdiyini deyən həmsöhbətimizin kolleksiyasında II Dünya müharibəsinin şahidi olmuş maşınlar da var: “Maşınların ölkəmizə gətirilməsi çox çətin prosesdir. Ölkəyə 1941-ci il istehsalı olan avtomobili gətirmişəm. Həmin maşın İkinci Dünya müharibəsində də istifadə olunub. Dedim, mənim kolleksiyamda da belə bir maşın olsun. Onu nə rəngləmişəm, nə də hansısa bir detalını dəyişmişəm. Necə var, elə də qalıb. Həmin maşını Gürcüstandan gətirmişəm”.

Kolleksioner qeyd edir ki, sovet istehsalı olan maşınları tapmaq və təmir etmək daha asan başa gəlir: “Kolleksiyada Rusiya istehsalı olan maşınlar daha çox üstünlük təşkil edir. Ona görə ki, həmin maşınlar daha rahat tapılır. Həm də onların ehtiyat hissələrini əldə etmək daha asandır. O qədər olub ki, maşınların ehtiyat hissələrini mənə bağışlayıblar. Bilirlər ki, bu maşınların həvəskarıyam. Qarajından çıxarıb deyir ki, məndə bu ehtiyat hissələri var. Ona görə sovet maşınlarını yığmaq daha asandır”.

Azad Kərimov bildirir ki, bir neçə ildir Bakıda Retro avtomobil həvəskarlarının klubu fəaliyyət göstərir: “Mənim kimi klassik avtomobil həvəskarları bir yerdə toplaşırıq. Hər il yeni ilin birinci bazar günündə Qoşa Qala qapısının yanında bir yerə yığışırıq. Bunu artıq ənənəyə çevirmişik. Klubu yaratmışıq ki, bir-birimizə dəstək olaq”.

Övladlarının da bu sahəyə marağının olduğunu deyən qəhrəmanımızın kolleksiyasında ən dəyərli maşın 1967-ci ildə istehsal edilən “Volkswagen Beetle” markalı avtomobildir: 
“Qızımın 18 yaşı tamam olanda həmin maşını ona hədiyyə etmişəm. Elə bil ki, o maşın kolleksiyamın əvəzedilməzi idi. O, mənim topladığım ilk maşınlardan idi. Sonra əlimə maşınlar düşdükcə onları kolleksiyaya çevirdim. Sonra gördüm mən bu işi bacarıram. Yenə də maşınlar düşəndə alıb yığırdım”.

Azad Kərimov Bakıda baş tutan retro avtomobillərin sərgilərində, paradlarda da iştirak edir: “Azərbaycan Avtomobil Federasiyası sərgi yaradır. Elə olmayıb ki, mən onların sərgisində iştirak etməyim. Həmişə bu tip sərgilərdə, paradlarda iştirak etmişəm və onları da hər zaman dəstəkləmişəm”.

Xatırladaq ki, hər il avqustun 26-da AAF-ın təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8016
avatar

Oxşar yazılar