Martın 1-də qocaman ziyalı, respublikanın əməkdar jurnalisti Hidayət Əkbər oğlu Zeynalov vəfat edib.
Lent.az bildirir ki, Hidayət Zeynalov 1926-cı ildə Qazaxda doğulub. Bakı darülfünunun fars dili və ədəbiyyatı fakültəsini bitirsə də ömrünü, taleyini jurnalistikaya bağlayıb.
Hidayət Zeynalov 40 ildən artıq "Kommunist" qəzetində çalışıb. Ştatdankənar müxbirlikdən başlayaraq şöbə müdiri vəzifəsinəqədər yüksəlib. O zaman respublikanın əsas mətbu orqanında yüzlərlə problemin işıqlandırılmasında və həllində şəxsən iştirak edib. Onlarla gənc jurnalistin peşə bacarıqlarına yiyələnməsinə yardım göstərib. Müasirləri onu həm də gözəl oçerklərin, xüsusən də Azərbaycanda çox az yazılan təbiət oçerklərinin müəllifi kimi tanıyıblar. Oçerkləri dəfə dəfə kitab halında nəşr olunub. Yazdığı yazılar uzun illər örnək kimi Azərbaycn Dövlət Universitetinin jurnalistika fakültəsində tədris edilib.
Hidayət Zeynalov dövrünün ən nüfuzlu jurnalist mükafatı sayılan Qızıl qələm mükafatına layiq görülüb. Respublikanın əməkdar jurnalisti olub.
Hidayət Zeynalov üçün mətbuat yalnız peşəkar fəaliyyət sahəsi olmayıb. Jurnalistin ailə həyatı da peşəsi ilə bağlı olub. Ömür gün yoldaşı Məryəmxanım Həsənzadə ilə çiyin çiyinə eyni redaksiyada milli mətbuatın inkişafına xidmət ediblər. Hidayət Zeynalovun ailəsi o zaman keçmiş SSRİ-də bəlkə də yeganə ailə idi ki, burada hər kəs ixtisasca jurnalist idi. Oğlanları Araz və Aqşin Zeynalovlar, gəlinləri Afaq Vasifqızı və Rəbiyə Şıxəliyeva çağdaş mətbuatda tanınan imzalardır.
Hidayət Zeynalov yazıçı Elxan Qaraqanın və reper Orxan Zeynallının babasıdır.
Allah rəhmət eləsin!