Azərbaycanda tanınmış vəkil elektron maska ixtira edib - VİDEO
09 aprel 2020 12:16 (UTC +04:00)

Azərbaycanda tanınmış vəkil elektron maska ixtira edib - VİDEO

Koronavirusun sürətlə yayıldığı bir zamanda hər kəs bu virusdan qorunmağın müxtəlif yollarını axtarır. Tanınmış vəkil Türkel Süleymanlı da özünün yeni yaratdığı maska ilə bu sahədə elmə töhfə vermək niyyətindədir. Onun yeni yaratdığı “E-MASK”  isə digərlərindən fərqli olaraq, elektron maskadır. Bəli, düz eşitdiniz - elektron maska: “Bu maskanı işlək hala gətirmək üçün xüsusi düyməsi var ki, onun vasitəsilə maskanı taxan zaman işə salmaq mümkündür. İstifadə etmədikdə isə asanlıqla söndürərək, dezinfeksiya edib təmiz bir yerdə saxlamaq lazımdır”.
 
İxtiraçı deyir ki, innovativ yeniliklərlə təchiz olunan maska adi qoruyucular kimi, sadəcə, virusun keçməsinə sərhəd qoymur, həm də xüsusi qurğular vasitəsi ilə virusları anındaca məhv edir: “Bu maskada xüsusi elektron müdafiə sistemi qurulur. İki batareya ilə işləməsi nəzərdə tutulur. Maskanın ön hissəsində virusların öldürülməsi üçün nəzərdə tutulan elektron cihaz var. Ümumilikdə isə maskanı idarə etmək üçün xüsusi çip var. Xaricdən daxil olmağa çalışan viruslar maskanın qoruyucu mexanizmi vasitəsilə əngəllənir və insan orqanizminə daxil olmasının qarşısı alınır”.

Elektron maskanın digər maskalardan üstünlüyü həm də ondan ibarətdir ki, bu maskalar uzun müddətli istifadə üçün yararlıdır. Hətta bir neçə gün istifadə edilən maska aylar sonra yenidən istifadə edilə bilər. Eyni zamanda yeni maskanı asanlıqla dezinfeksiya etmək də mümkündür.   

İxtiraçı maskanı hazırlayarkən bütün gigiyenik və elmi qaydalara əməl edildiyini deyir.  Ona bu işdə bakterioloq Əbülfət Alıyev və bu ixtiraya müsbət rəy verən biologiya elmləri doktoru Ramiz Əliyev də yaxından köməklik göstəriblər. Alimlər hesab edir ki, “E-MASK” adlanan yeni elektron respiratorun daha da təkmilləşdirilməsi təkcə koronavirusla mübarizədə deyil, digər təhlükəli infeksiyalara da qarşı kömək edə biləcək:   “Batareyaların gücü təxminən 6-7 saat müddətinə nəzərdə tutulub. Əgər ehtiyac yaranarsa, enerji yığan cihaz vasitəsilə yenidən enerji yığa bilər. Bununla yanaşı, “poverbank” vasitəsilə də enerji yığması mümkündür”.

Türkel Süleymanlı yeni maskanın elektron detallarının əldə edilməsinin heç də çətin olmadığını deyir. Onun sözlərinə görə, həmin elektrik çipləri istənilən elektrik məhsulların satışı mağazalarından almaq mümkündür: “Bizim hesablamalarımıza görə, 3 ay müddətinə bir maskanı istifadə etmək mümkündür. Hesab edirik ki, bu maska istehsala buraxılsa qısa bir zamanda ölkəmiz yüz minlərlə hətta milyon ədəd maska istehsal edə bilər. Çünki plastik və elektron sənayemiz inkişaf edib artıq”.

Bu məqamda hər kəsi bir sual düşündürür. Əgər sözügedən maska istehsal olunarsa, onun satış qiyməti neçə ola bilər? İxtiraçı deyir ki, yeni maska elektron, eyni zamanda uzun müddətli istifadəyə yararlı olduğundan, qiyməti 50 manat civarında müəyyənləşə bilər. 

Müəlliflər maskanın patentini almaq üçün artıq Əqli Mülkiyyət Agentliyinə də müraciət ediblər. 

Təki bütün ixtiralar millətə, dövlətə xeyirli olsun!
 
İlahə Vəliyeva 
Üzeyir Ağayev 
APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1826
avatar

Oxşar yazılar