Azərbaycanda şəxsiyyət vəsiqəsini dəyişməyənlər məsuliyyət daşıyır? - AÇIQLAMA
10 aprel 2020 09:08 (UTC +04:00)

Azərbaycanda şəxsiyyət vəsiqəsini dəyişməyənlər məsuliyyət daşıyır? - AÇIQLAMA

“İstintaq prosesində, hərbi məsələlərdə və ölkədən çıxış zamanı vəsiqənin etibarlılıq müddətinin bitməsi heç bir önəm daşımır”.

Bunu şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsinə görə məsuliyyətin olub-olmaması ilə bağlı Lent.az-a açıqlamasında  tanınmış vəkil Adəm Məmmədov deyib.

Azərbaycan vətəndaşları qanunvericiliyə əsasən, 25, 35 və 50 yaşlarında şəxsiyyət vəsiqələrini dəyişməlidirlər. Görəsən, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar onu vaxtında dəyişməsələr, məsuliyyətə cəlb olunurlarmı? Vəsiqənin dəyişdirilməsi üçün dövlət əvvəlcədən həmin vətəndaşa məlumat verməlidir?

Adəm Məmmədovun sözlərinə görə, bu səbəbdən vəsiqəsini dəyişdirməyən şəxslər heç bir məsuliyyət daşımırlar:

“Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinə görə onu vaxtında dəyişməyənlər üçün hər hansı məsuliyyət nəzərdə tutulmayıb. Bunun üçün İnzibati Xətalar Məcəlləsində heç bir tənbeh tədbiri və ya cəzalanma yoxdur. Həmin məcəllənin 565-ci maddəsinə əsasən, 1 ay şəxsiyyət vəsiqəsiz yaşayanlara əvvəlcə xəbərdarlıq edilir. Təkrar eyni vətəndaşda eyni pozuntu aşkarlanarsa o, 20 manat cərimə edilir. Vəsiqəsini etibarlılıq müddətinə görə dəyişdirməyən vətəndaşlar yalnız notarial əməliyyatlar, alğı-satqı, sənədləşmə işləri həyata keçirə bilməz. İstintaq prosesində, hərbi məsələlərdə və ölkədən çıxış zamanı vəsiqənin etibarlılıq müddətinin bitməsi heç bir önəm daşımır”.

“Müvəkkil” hüquq mərkəzinin sədri Səməd Vəkilov indiki vaxtda şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsinin üzürlü sayılmalı olduğunu vurğulayıb:

“İnzibati Xətalar Məcəlləsində belə bir maddə yoxdur ki, vətəndaşlar vəsiqəni etibarlılıq müddətinə görə vaxtında dəyişmədiyi üçün cəzalansınlar. Hazırkı durumda isə ümumiyyətlə, bu səbəblə insanları hansısa yardımdan, hüquqdan məhrum etmək düzgün deyil. İndiki şəraitdə vətəndaşların sözügedən problemi üzürlü sayılmalıdır. Ona görə ki, insanların evdən çıxmasına məhdudiyyət qoyulub. Vəsiqənin etibarlılıq müdətinin keçməsinə və onun dəyişdirilməsinə dair dövlət hər hansı xəbərdarlıq etmir. Dövlətin belə bir vəzifəsi yoxdur. Bu zaman onun dəyişdirilməsi üçün vətəndaş məsuliyyət daşıyır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20084
avatar

Mehman Nəbiyev

Oxşar yazılar