Azərbaycanda bu peşələrdə daha çox qadınlar çalışır – RƏSMİ
06 mart 2020 13:42 (UTC +04:00)

Azərbaycanda bu peşələrdə daha çox qadınlar çalışır – RƏSMİ

2020-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib, onların 52,1 faizi nəsilvermə qabiliyyətinə malikdir. Ötən il doğulan 141,2 min körpədən 46,8 faizi qız uşaqlarının payına düşüb.

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, qadınların sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin isə 66,0 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,7 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların  42,6 faizi qadınlardır.

Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075
avatar

Aygün İbrahimli

Oxşar yazılar