Ağcabədinin Poladlı kəndindəki bu məktəb binası uzun illərdir təmir olunmadığından, qəzalı vəziyyətə düşüb.
APA TV xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, 1988-ci ildə tikilərək istifadəyə verilən təhsil ocağında bu günə qədər əsaslı təmir işləri aparılmayıb. Elə bu səbəbdən məktəb binasının divarlarında çatlar yaranıb, döşəməsi sıradan çıxıb.
Sakinlərin sözlərinə görə, son günlər əsən güclü külək isə şüşələri sındırıb, dam örtüyünü yararsız vəziyyətə salıb.
- “Uşaqların biri 8-ci sinifdə oxuyur, biri 11-i qurtarır. Uşaqları məktəbə göndərməyə qorxuruq. Məktəb qəzalı vəziyyətdədir. Biz aidiyyəti orqanlara məlumat vermişik. Amma hələ ki nəticə yoxdur”.
- “Mənim də övladlarım bu məktəbdə oxuyur. And olsun Allaha, uşaqları məktəbə göndərməyə qorxuram. Həm antisanitariya, həm də qəzalı vəziyyətdir. Gəlsinlər baxsınlar, nə lazımdırsa, eləsinlər. Belə məktəb heç bir yerdə yoxdur. Ən ucqar kəndlərdə də məktəb tikirlər. Cənab prezidentimiz bu işləri bütün respublikaya şamil edib. Deyib, bütün kəndlər üçün məktəblər tikilsin, şərait yaradılsın. Bu uşaqlar bizim gələcəyimizdir”.
Valideynlərin şikayətinə münasibət bildirən məktəbin direktoru Əfiqə Mustafayeva deyir ki, küləyin fəsadlarını araşdırmaq üçün Təhsil Nazirliyinin nümayəndələri məktəbdə olub, videoçəkilişlər apararaq məktəbin vəziyyəti barədə nazirə ətraflı məlumat veriblər: “Bu yaxınlarda məktəbdə olublar. Təhsil Nazirliyindən də gəliblər. Videoçəkilişlər ediblər. Külək məktəbin şüşələrini sındırıb, damını uçurub. Bu məqsədlə gəlmişdilər. Bu vəziyyət barədə regional idarədən də, Təhsil Nazirliyindən də gəlib baxıblar. Ən qısa vaxtda tikintisi nəzərdə tutulub”.
Ağcabədi rayon Təhsil şöbəsindən isə bildirilib ki, bu il rayon üzrə 2 məktəb üçün yeni bina tikiləcək. Onlardan biri Poladlı kənd tam orta məktəbidir.
Qeyd edək ki, Poladlı kənd tam orta məktəbində 285 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur.