Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur.
Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon dollar məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.
Azərbaycan ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.
Azərbaycanın ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcəkdir.