Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirlərinin ön sıralarında yer alan gömrükçülər sərhəddən keçən şəxslərin yoxlanılmasında, mal və nəqliyyat vasitələrinin həm dezinfeksiya edilməsi, həm də təhlükəsizlik tədbirlərinə uyğun şəkildə təyinat nöqtəsinə çatdırılmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan məlumata görə, bundan başqa gömrükçülər ölkədə könüllülük prinsipiylə həyata keçirilən müxtəlif aksiyalarda da fəal iştirak edirlər. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun əməkdaşları karantin rejimi ilə əlaqədar rayon ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkiblər. Ümumilikdə, 57 ailəyə gündəlik qida məhsullarından ibarət ərzaq yardımı göstərən gömrükçülər, ailələrlə profilaktik söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə ediblər.
Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.