Səbinə Əvəzqızı
27 aprel 2022 14:05 (UTC +04:00)

Səbinə Əvəzqızı

8 yaşında HƏYATA ƏLVİDA və ya ipdən sallanan uşaqlıq...

...ipi asmağa boyu necə çatdı?

Sənin 8 yaşın ola və gedib bir yoğun ip tapasan, sonra ilgəyə çevirəsən, onu sallamaq üçün hündür yer seçəsən və boynuna keçirib həyata əlvida deyəsən. Prosesi bu cür sıra ilə düşünəndə hadisənin dəhşəti gözünün önündə daha aydın görünür. O balaca əlləri heç əsmədimi? Hündürlüyə necə qalxdı, ipi asmağa boyu çatdımı? Ürəyi quş kimi çırpınıb, dizləri əsib onu yerə yıxa bilmədimi? Həyata bu qədərmi doymuşdu ki, bütün bunlara yekə kişi kimi güc gəlib özünü ipdən sallandıra bildi?..

Bu cavabsız sualların özü də ipdən sallanmış vəziyyətdədir. 

Söhbət bu gün Bakıda Nəsimi rayonu, Naxçıvani küçəsi ev 36-da özünü asaraq öldürən bir uşağın acı sonluğundan gedir. İntiharı böyüklər törədəndə belə qəbuledilməzdir, lakin bu “böyük işi”ni uşaq edirsə, bu artıq dözülməzdir. Uşaq intiharına dözən bir cəmiyyət də yuxarıdakı suallar kimi ipdən sallanır artıq.

Bu 8 yaşlı balacanı o ipə kim və hansı səbəb apardı? Necə oldu ki, bu balaca həyatdan zövq almaqdan bezdi? Bəlkə bu ölümün günahını da təhlükəli oyunlar yaradan proqramçıların, qorxulu filmlərin üstünə ataq, elə ən asanı budur. Amma hadisə ilə bağlı ilkin məlumatlardan məlum olur ki, vəziyyət fərqlidir. Deyilənə görə, oğlan məktəbdə zorakılığa məruz qalırmış. Hətta bu balaca intihar etməzdən əvvəl anasına sinif yoldaşlarının onu incitdiyini etiraf edib. Və bu etirafdan həmən sonra uşaq otağına gedib özünü asıb. Bu uşağın belə tezliklə özünü asa bilməsi də onu göstərir ki, əvvəlcədən müəyyən hazırlıqları var imiş. Yoxsa, bir balaca üçün intiharı bu cür tez reallaşdırmaq mümkün olmazdı. Bəs valideynlər heç şübhələnə bilməyibmi? 
Ən acısı isə demək olar ki, xərçəng kimi cəmiyyətə metastaz verən zorakılıqdır. Adına MƏKTƏB dediyimiz o boyda böyük bir müəssisədə bu zorakılığı görmək beləmi çətin idi? Axı o MƏKTƏB onun üçündür ki, həyatı sevən və savadlı gələcək yetişdirməklə cəmiyyəti sağlamlaşdıraq. 

Uşaqlığında zorakılığa məruz qalıb ciddi sarsıntı yaşayan, ildırım vuran psixologiya ilə cəmiyyətə atılanlardan nə gözləyək? Bu gələcək hər birimizin qatilinə çevriləcək. Və günah yalnız onlarda olmayacaq. 

Sonda. Hər dəfə xəstəxanalara gedəndə, kimyaterapiya kimi çox ağır müalicə kursu almağa, saatlarla klinik ölüm halında neştər altında uzanmağa razılaşanları görəndə, nədənsə ağlıma intihar edənlər gəlir və onları yumşaq ifadə etsəm, elə qınayıram ki... 

İnsan həyatı bu qədər ucuz olmamalıdır. Bəlkə də bizim balaca bunları dərk edəcək qədər böyüyə bilmədi?..

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11931
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar