7 oğul istərəm  - 25 il əvvəl Hadrutda tarix yazan kəşfiyyatçılarımızın hekayəti LENT.az-da
11 aprel 2022 19:00 (UTC +04:00)

7 oğul istərəm - 25 il əvvəl Hadrutda tarix yazan kəşfiyyatçılarımızın hekayəti LENT.az-da

...Alxanlını keçib, üzü dağlara, Hadruta doğru irəliləyirik. Məşhur filmdə deyildiyi kimi, yol doğrudan da həyatdır, var-dövlətdir. Sərt döngələri də var, dolayları da. Amma şüşə kimidir, rahatdır. Hadrutu, bu yerləri Allah sanki kefinin kök vaxtında yaradıb. Cənnət deyilən də elə burasıdır, bəlkə də. 

- Nə qədər gəlmişik?  

Sürücümüz Murad dillənir: 

- Təxminən 30 kilometr gəlmişik. Rahat gəldik amma. 

Hə, rahat gəldik. Amma düz 25 il əvvəl 8 azərbaycanlı kəşfiyyatçı bu qədər yolu, yol nədi e, sıx meşələri, dağları aşaraq, dərələri keçərək bu yerlərə döyüş tapşırığını yerinə yetirmək üçün gəlmişdilər. Bizim rahat, təhlükəsiz gəldiyimiz yolları keçərək...

Həmin vaxt ermənilərin, düşmənin silahlı qüvvələrinin əlindəydi bu yerlər. Və bu səkkiz qəhrəmanın qarşısında döyüş tapşırığı qoyulmuşdu. Onlar bu tapşırığı yerinə yetirməliydilər.

...Onlar bunu bacardılar. Və nəinki bacardılar, dünya hərb tarixinə yazılacaq elə bir hərəkət etdilər ki, sonradan düşmən belə heyrət içində etiraf edəcəkdi...

Hadrutdayıq. Düz, 25 il əvvəl, bu vədlərdə 8 azərbaycanlı kəşfiyyatçının qəhrəmanlıqla tarix yazdığı bir yerdə...

***

Zaman: 1997-ci il, 7 aprel 

Məkan: Horadiz 

Kəşfiyyatçılar, leytenant Elxan Ataxan oğlu Ağayev, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuşlar Anar Üzeyir oğlu Rzayev, Dinar İbrahim oğlu Mustafayev, Aqşin Əli oğlu Həsənov, Nizami Səfi oğlu Ələkbərov,  Fariz Şamil oğlu Cavadov, Aqil Mürsəl oğlu Əhmədov düşmənin arxasına göndərilir. Xüsusi Təyinatlı Qüvvələrinin sabiqi , ordenli polkovnik Xətai Baxışov deyir ki, bu, çox vacib bir əməliyyat idi.

Onlar üç gün ermənilərin əhatəsində müxtəlif manevrlər edərək döyüşdülər. Əsasən də gecələr ermənilərin mövqelərinə ciddi zərbələr vurublar. Həmin döyüşlər gedən zamanı əraziyə ermənilərin danışıqlarını izləmək məqsədi ilə Bakıdan döyüş bölgəsinə radio danışıqları tuta bilən xüsusi apart da aparılıb. O aparatla düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək olurdu. Əslində, həmin gün düşmən arxasına iki kəşfiyyat qrupu göndərilibmiş.  Hər ikisi döyüş tapşırığını uğurla yerinə yetirib. Qruplardan biri geri qayıtsa da, digəri düşmən pusqusuna düşür. Onlar düşmənlə sona qədər vuruşur, silah-sursat bitdiyi üçün son anda özlərini məhv edərək şəhid olurlar. Amma səkkiz nəfərdən biri sağ qala bilir. Söhbət çavuş Aqil Əhmədovdan gedir. 

Biz Aqillə bağlı məqama qayıdacağıq. İndilikdə isə bir xəritədən bəhs edək sizlərə. Söhbət ondan gedir kəşfiyyatçılarımız özlərini partlatmamışdan qabaq əllərindəki qeydlər olan rabitə cədvəlini gizlətməyə macal tapmışdılar. O cədvəli meşədə gizlətmişdilər. Və o cədvəl bu günə qədər də tapılmayıb… 

***

...Hə, kəşfiyyatçılar sonuncu gün, aprelin 10-u son tapşırıqları da yekunlaşdırıb geri qayıtmalı idilər. Bax, burada fotoda gördüyünüz bu dərədə axşama kimi  gizlənib gecə yola düşmək qərarına gəlirlər.

Amma son anda qrupun komandiri Elxan Ağayevin tapşırığı ilə dağılmış kəndə tərəf üz tutur, dağılmış bir evin zirzəmisində gizlənirlər. Bu zirzəmi isə dar və kiçik olur. Onlar bir-birinə sarılmış vəziyyətdə olurlar ki, düşmən onları görməsin. Bu yerdə bir məqama diqqət! 
Əslində, ermənilər, daha doğrusu bir erməni onları görmüşdü. Bu hələ əməliyyatın ikinci günü olmuşdu. Bir yaşlı erməni qadınla rastlaşmışdılar onlar. Amma onu öldürməmişdilər. 

“Qorxmazlar” adlı bu qrupdan sağ qalan Aqil Əhmədovun Lent.az-a dediklərindən: 

- Çox yorulmuşduq. Gecə yola düşəcəkdik, azca dincəlməliydik. Elə bugünkü kimi çox gözəl hava varıydı. Birdən Dinar dedi ki, bizi gördülər. Elə bunu demişdi ki, hər tərəfdən atəşə tutulduq. Elxan onlara tərəf bir qumbara ataraq döyüş əmrini verdi. Evdən çıxmaq lazım idi... 

Kəşfiyyatçılar bir təhər o xaraba evi tərk edirlər. Amma hər tərəfdən düşmən onların üstünə gəlir. Komandir yaxınlıqdakı təpəyə doğru hərəkət əmri verir. Onlar döyüşə-döyüşə ərazini tərk etmək istəyirlər. Amma qüvvələr təbii ki qeyri-bərabər idi. Onlarla düşmən məhv edilsə də, ardı gəlirdi. Düşmənin əsas məqsədi isə “Qorxmazları” sağ ələ keçirmək idi. 

- Düşmən görəndə ki, biz qaçacağıq  onlar da mühasirəni daraltmağa çalışırdılar. Yaxınlıqdakı təpəyə qaçırdıq ki, oradan da bizi gülləyə tutdular. Belə olan halda, məcbur qalıb, o biri təpəyə sarı qaçmağa başladıq. Oralar tam açıqlıq idi, daldalanmaq yeri yox idi. 

Və bu vaxt güllə Aqili ağır yaralayır. Huşunu itirir. “Qorxmazlar”ın yeddisi isə yenidən dərədə gizlənmək qərarına gəlirlər. Amma artıq son güllələri qalmışdı. Onlar da tükənəndən sonra əsir düşəcəkdilər. Hamının göz komandirə, Elxana dikilir. Qərarı o verməliydi. Amma komandir elə bir qərar verir ki… 

Hə, onlar bir yerə yığışıb, hamısı bir anda əllərindəki qumbaraları partladırlar. Sonradan, lap sonradan ermənilər huşsuz halda əsir götürdükləri Aqilə leytenant Vüqar Yarəhmədovun fotosunu göstərəcəkdilər. Qumbaranın halqası Vüqarın dişində qalıbmış... 
Düşmən kəşfiyyatçılarımızın belə hərəkət əl atacağını gözləmirmiş. 

Özlərini şəhid edən, həm də eyni zamanda onlara yaxınlaşan düşmən əsgərlərini öldürən  “Qorxmazlar”ın meyitlərini Cəbrayıl rayonunun Daşkəsən kəndinə aparır ermənilər. Həmin ərazidə onların hərbi hisəssəi varmış. Elə o hərbi hissənin yanındaca dəfn edirlər. Polkovnik Xətai Baxışovun Lent.az-a dediklərindən: 

“Düşmən yeddi kəşfiyyatçımızı dəfn edəndən sonra hər dəfə öz əsgərlərini onların qəbri üstünə gətirirmişlər. Orada andiçmə mərasimləri keçirirmişlər. Bizim kəşfiyyatçıları öz əsgərlərinə nümunə göstərirmişlər ki, siz də belə qəhrəman olun”. 

Onların nəşini bir də 6 aydan sonra, oktyabrın 14-də almaq mümkün olur. 7 oğul, qardaş, qəhrəman elə bir-birinin yanında, 2-ci Fəxri Xiyabanda dəfn edilir.

Prezident Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilirlər. Həmin vaxt isə Aqil erməni əsirliyində işgəncələr altındaydı. Ona ağlasığmaz işgəncələr verib Azərbaycan xüsusi təyinatlarının sayını, dislokasiya yerini soruşurlar. Susduqca isə daha çox döyür, vururdular. Bir erməni polkovniki isə qarnındakı tikişləri paslı bir qələmlə sökür, ləzzətlə ağrıdıb-ağrıtmadığını soruşurmuş. 

Bir gün ona şəhid olmuş 7 kəşfiyyatçının fotolarını göstərirlər. Aqil məhz bir də onda xəbər tutur ki, dostları şəhid olub. Aqili isə azca özünə gələndən sonra məhkəmə qarşısına çıxarırlar. Məhkəmə ona ölüm hökmü kəsir. Düz bir il on bir ay ölüm hökmü altında qalır. 

Aqilin dediklərindən: 
“Hər dəfə ayaq səsi gələndə, dəmir qapı açılanda elə bilirdim ki, güllələməyə aparırlar. Bu qədər işgəncədən sonra isə doğrudan da ölmək istəyirdim”. 

Həmin gün, onun kamerasının qapısı yenə də açılır. Onun gözlərini bağlayıb oradan çıxarırlar. 
“Mən elə bildim güllələməyə aparırlar. Sən demə, erməni əsirlərlə dəyişməyə aparırmışlar”. 

Əsirlikdən gələndən sonra şəhid olmuş əsgər yoldaşlarının ailələrini axtarıb tapır. Fəxri xiyabana onların qəbirlərinin üstünə gedir tez-tez. Deyir, bu cür ayrılığı qəbul edə bilmirəm: “Kaş burda 7 yox, 8 qəbir olaydı”. 

Bura Hadrut şəhərinin yaxınlığında “Qorxmazlar”ın qəhrəmanlıqla şəhid olduğu bu yer isə indi ziyarətə çevrilib. 

Bura 7 oğulun valideynləri üçün təskinlik yeridi. 

Aprelin 10-u da eləydi... 
Həmişə də belə olacaq... 

***

“Biz 25 ildir ki, bir ailəyik. 25 ildir dərdimiz də birdir, sevincimiz də. 23 il Şəhidlər Xiyabanında gedib balalarımızı ziyarət edirdik. İndi iki ildir bura gəlirik, bu müqəddəs yerə”. Belə dedilər bizə 7 qorxmazın yaxınları...

Hə, lap yaddan çıxmamış, Vüqar Yarəhmədovun şəhidliyindən 6 ay sonra onun oğlu dünyaya gəlir: adını da elə Vüqar qoyurlar. Atası kimi kəşfiyyatçı olub Vüqar da. 
Vüqarın ruhu salamlayırdı oğlunu. 

Hə, o yeddi qorxmazın ruhları indi rahatdır. Çünki onların şəhid olduğu bu cənnət məkanda uğrunda canlarını fəda etdikləri Azərbaycan bayrağı dalğalanır. Onlar özləri isə cənnətdə…
Bakı-Hadrut

Fotolar İlkin Nəbiyevindi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7521
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar