Piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyin artırılması məqsədilə hazırda Bakı Nəqliyyat Agentliyi yol kəsişmələrində bir sıra işləri yekunlaşdırmaq üzrədir.
Agentlikdən Lent.az-a verilən məlumata görə, görülən işlərə aşağıdakılar daxildir:
yol infrastrukturunun imkan verdiyi 40-dan artıq kəsişmədə bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi;
80-dən artıq nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyalarının (bölmə) quraşdırılması.
Ümumilikdə həyata keçirilən bu tədbirlər yol kəsişmələrində təhlükəsizliyi artırır, piyadaların rahatlığını təmin edir, piyada keçidlərindən istifadəni stimullaşdırır və əlçatanlığın artırılmasına şərait yaradır.
Qurumdan həmçinin bildirilib ki, mərhələli şəkildə bütün yol kəsişmələrində bu kimi tədbirlər həyata keçiriləcək.