33 ildir ruha çevrilən arzular – Onlar yaşasaydı...
19 yanvar 2023 20:15 (UTC +04:00)

33 ildir ruha çevrilən arzular – Onlar yaşasaydı...

Onların da arzuları vardı. Amma həmin gecə özləri ilə birgə ruha çevrildi...

Bəs, 33 il əvvəl məhv edilən həmin gənclik yaşasaydı, bu gün harada necə olacaqdırlar? 

Bəli, o gecə yaşanmasaydı indi kimisi həkim, kimisi cərəyan edən olayları dünyaya çatdıran jurnalist, kimisi isə xalqımızın çəkdiyi əzabları şagirdlərə danışan müəllim idi. 

Onların da arzuları vardı. Ən kiçiyindən tutmuş, ən yaşlısına qədər... 

Bəlkə, o zaman 14 yaşlı İlqar İbrahimovun üzərindən tank keçməsə idi, indi 37 yaşında insanların həyatını xilas edən həkim olardı. Hələ balaca olduğundan reallaşdıra bilmədiyi arzularına çatmış olardı. Amma olmadı... 

Hətta bəzi gənclər var ki, onların necə, harada öldüyü belə bəlli olmadı. 19 yaşlı Fuad Həsənov kimi...

Həmin gecə ölənləri geyim parçaları ilə seçirmişlər:

“Anamın dediklərini eşidəndə insanın damarlarında qanı donur. Həkimlər ölənlərin qalıqlarını toplayıblar, qohumları isə əzizlərinin qalıqlarını geyim parçaları ilə tapırdılar” – deyir gecənin şahidləri. 

Dəhşətli gecənin şahidlərindən biri ilk saatlarda gənclərlə mitinq meydanına gedərkən yolda rus tankları ilə qarşılaşır. Yanlarından keçən tanklardan birinin qəfildən dayandığını və üzərilərinə doğru hərəkət etdiyini dilə gətirən azərbaycanlı, o anları belə xatırlayıb:

"Həm üzərimizə gəlir, həm atəş açırdılar. Qapını açdım uşaqlar tullandı. Tankın tırtılları sanki işıq saçırdı. Tank gəlib maşının üstündən keçdi. Öldüyümü fikirləşdim amma sağ qalmışdım. Sinəm, ciyərlərim, ayaqlarım əzildi, amma həyatda qaldım".

Bir də ölənlər içərisində bəzi arzularını gerçəkləşdirsələr də, hələ də ailəsi üçün çalışan yaşlılarımız vardı. 67 yaşlı Bafadar Səfərov kimi... 

O, xəstəxanaya nəvəsinin yanına gedərkən yolda hərbçilər tərəfindən atəşə tutulmuş, aldığı xəsarətlərdən yerindəcə həlak olmuşdu. Babasının ölümündən xəbərsiz olan nəvə gecə boyu xəstəxana künclərində babasının yolunu gözləyə-gözləyə qalmışdı.

Hə, hər şeydən xəbərsiz evində yemək bişirənlərdə də var idi həmin gecə. 77 yaşlı Sürəyyə nənə kimi. O, mətbəxdə xörək hazırlayarkən tanklardan ətraf binaların atəşə tutulması zamanı gicgah nahiyəsindən aldığı yaradan elə əli xörəkdə yerindəcə həlak olmuşdu.

Müharibə görən cəmiyyətlərin bir-birinə bənzər cəhətləri var. Hansı ki, ən böyük uğurlarını təcavüzkarlara qarşı dirənişlərində görürlər. Elə həmin gün bizim xalq da istiqlal uğrunda mübarizəni millət olaraq aparırdı. 

Görünür, o gecə sanki insan qırılmırdı, canlıların üstündən keçilirdi. Vəhşicəsinə...

Bu da belə... Bəlkə onlardan biri də cinayətkar olacaqdı. Amma yaşayacaqdı, Azərbaycanın olacaqdı...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7524
avatar

Fidan İlqar

Oxşar yazılar