3-4 zəngli saata  oyanırsan? - Psixi riskdəsən
17 may 2025 12:47 (UTC +04:00)

3-4 zəngli saata oyanırsan? - Psixi riskdəsən

Bəzi insanlar üçün səhərlər, sadəcə bir günün başlanğıcı deyil, bir döyüşə hazırlıqdır. Onlar gedəcəkləri yerə gecikməmək üçün zəngli saatlarını bir-birinin ardınca 3-4 dəfə qururlar. Tətil günləri belə, bədənləri rahatlıq istəyərkən beyinləri “nə isə unudulub” siqnalı verir. Anidən oyanmaq, tələsik saatı yoxlamaq və bir müddət sonra bunun sadəcə vərdişdən qaynaqlandığını başa düşmək…

Bu halın psixoloji səbəbləri nədir? Səksəkədə olmağın insan beyninə hansı zərərləri var?

Psixoloq Nizami Orucov Lent.az-a açıqlamasında bildirib ki, bu vəziyyətin bədənə və psixikaya ciddi təsirləri ola bilər:

“Adətən belə insanlar içində dərin məsuliyyət hissi və performans təzyiqi daşıyırlar. Onlar üçün zəngi qaçırmaq sadəcə işə gecikmək yox, sanki “uğursuz olmaq” deməkdir. Beyin daim “nə isə səhv getməsin” düşüncəsi ilə oyaq qalır. Bu hal həm də daxili tənqidçi ilə bağlıdır. İnsan özünə qarşı çox tələbkar olur və səhvlərə dözümsüz yanaşır. Bununla yanaşı, xroniki narahatlıq yaşayan insanlarda da bədən yatdığı halda beyin daim xəbərdarlıq siqnalı verir — sanki təhlükəyə qarşı hazır vəziyyətdə qalır. Bəzən bu vərdişin kökündə uşaqlıqda yaşanan cəza, tənqid və ya illərlə davam edən gərgin rejim dayanır. Beyin “təhlükə yoxdur” mesajını belə qəbul etmir.

Bu vəziyyətin bədənə və psixikaya ciddi təsirləri ola bilər. Yuxunun dərin fazaları pozulur, səhərdən bəri stres hormonları (xüsusilə kortizol) yüksəlir, insan gün ərzində yorğun, gərgin və əsəbi olur. Uzunmüddətli halda isə yaddaş zəifləyə, emosional tarazlıq poza bilər”.

Psixoloq bu vərdişdən qurtulmağın yollarını açıqlayıb:

“Bu vərdişdən qurtulmaq üçün ilk növbədə beyni sakitləşdirmək və “geciksəm də, bu dünyanın sonu deyil” mesajını özünə vermək vacibdir. Dərin nəfəs texnikaları, meditasiya və yuxudan əvvəl sakit rutinlər faydalıdır. Yavaş-yavaş zəng sayını azaltmaq, məsələn, təkcə bir zəng qoymaq - beyinə “etibar edə bilərsən” siqnalı verir. Gecə yatmazdan əvvəl sabahkı planı yazmaq, beynə nəzarətin səndə olduğunu xatırladır. Həftə sonları isə özünə “bu gün heç yerə tələsmirəm” deyərək istirahətə icazə vermək, həm psixikaya, həm də bədənə rahatlıq dolu bir mesajdır.

Əgər bu hal dərinləşibsə və gündəlik həyatı narahat edirsə, psixoterapevtik dəstək və yuxu tarazlığı tövsiyə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162

Oxşar yazılar