"20 Yanvar"ın daimi sakinləri  - Hər kəs baxır, amma heç kim görmür  - YENİLƏNİB
10 oktyabr 2025 17:39 (UTC +04:00)

"20 Yanvar"ın daimi sakinləri - Hər kəs baxır, amma heç kim görmür - YENİLƏNİB

0

Daxili İşlər Nazirliyi Lent.az-ın "20 Yanvar" metrostansiyası yaxınlığında dilənçilik edən uşaqlarla bağlı yazısına açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-a bildirib ki, qeyd edilən ərazidə polis naryadları tərəfindən hər gün mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

"Həmçinin yetkinlik yaşına çatmayanlar valideynləri ilə birgə müəyyən edilərək daimi yaşayış ünvanlarına göndərilmələri təmin olunur. Bakı şəhərində tufeyli həyat tərzi keçirən, avara və dilənçilik edən istənilən yaş kateqoriyasına aid şəxslərlə xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən profilaktik iş fasiləsiz davam etdirilir".

***
14:10

"20 Yanvar" metrostansiyasında azyaşlı uşaqlar diləndirilirlər. Bəli, dilənmirlər, diləndirilirlər. Metronun köhnə “Azərsu”, yeni adıyla “ADSEA” çıxışında buz kimi pilləkəndə oturan uşaqlar yay, qış, şaxta, boran demədən, 40 dərəcə istidə belə, ya tütək çalır, ya da boynu bükük, dayanıb, sadəcə əl açırlar. Hansı uşaq oyuncaqla oynamaq, gəzmək, isti evdə, yataqda yatmaq yerinə, sübh tezdən durub dilənçilik etməyə gedər?

Lent.az-ın əməkdaşı yolunu həmin məkandan salır. Əvvəlcə onu qeyd edək ki, dəhşətlisi odur ki, gecə saat 11-12-də belə, kiçik qız uşaqları bir saniyə belə, oradan çəkilmirlər. İllərdir eyni uşaqlar eyni yerdədir. “Ana” hər gün qucağında bir uşaqla, 1 aylıq, 40 günlük körpə ilə “iş”ə gəlir. Arada da “iş”dən vaxt tapıb, uşaqlara elə daşın üstündəcə yemək yedirir. Yeməyi də gəlib-gedənlər verirlər.

Gördüyünüz şəkli 2-3 gün öncə axşam saat 10-da çəkmişik. Göründüyü kimi, azyaşlı oğlan sadəcə ayaqqabı qutusunun üzərində oturub.

Bu şəkildəki uşaqlar isə hər gün daş pilləkəndə dururlar. Yaxınlaşıb söz soruşanda, cavab vermirlər.

Hər gün onları görüb keçirik, amma heç nə etmirik.

Əzbərləməyimiz üçün nəzərdə tutulmayan qanunlarda, Ailə Məcəlləsinin 64-cü maddəsində bildirilir ki, uşağı cinayətə, dilənçiliyə, cəlb etmək, onun həyatına və sağlamlığına təhlükə yaratmaq halları valideyn hüquqlarından məhrumetməyə səbəb olur. Həmçinin məcəllənin 72- ci maddəsində bildirilir ki, uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən uşaq akt əsasında valideynlərindən alınaraq uyğun müəssisəyə yerləşdirilir.

Bəs nəticə haradadır? Niyə heç kim o uşaqların  gələcəyini xilas etmək istəmir? Çalışmır? Həyati təhlükənin, dilənçiliyin, uşaq hüquqlarının istismarının, valideynlikdən sui-istifadənin “gözü-qaşı” olur?

Yoldan keçib, gedirik heç birimizi incitmir o uşaqlar, amma vicdanımız varsa, incitməlidir axı. Hər kəsin gördüyü, göz yumduğu bu qədər böyük bir problem mütləq ki, mediada işıqlandırılandan sonra “həll edilməlidir”? Hərçənd ki, 10 illərdir jurnalistlər gördüyü, rastına çıxan dilənçilərdən, qaraçı uşaqlardan yazır, işıqlandırır, amma “köhnə hamam, köhnə tas”.

"20 Yanvar" metrostansiyasının çıxışlarında diləndirilən uşaqlar illərdir oradadır. İllərdir. O azyaşlılar dilənə-dilənə gözümüzün önündə böyüdülər. Lakin nə qədər sağlam böyüdükləri sual altındadır. Nə məktəb üzü, nə xəstəxana qapısı tanımırlar. İşləyirlər deməyə də, adamın dili gəlmir, amma heç işləmək üçün də yaşları çatmır... Dilənmək də, işləmək deyil.

Əlqərəz, o uşaqları kim xilas edəcək? “valideyn”lərin əlindən kim alacaq? Qanunu oxuyub, kim tətbiq edəcək?. Suallar çoxdur, cavab isə qeyri-müəyyən qara dəlikdə gizlənib. Məsələyə "quru münasibət" bildirib, dayanmaqla kifayətlənmək istəməyib, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, qeyd edilən məsələ bağlı aidiyyəti dövlət orqanları daim fəaliyyətdədir. Amma bu bir reallıqdır ki, bəzi qaraçı tayfasına mənsub olan ailələr tərəfindən bu hal sanki ənənə kimi davam etdirilir və əsasən qız uşaqlarına qarşı bu cür addımlar atılır:

"Amma bir daha qeyd edirik ki, uşaqlarla bağlı Dövlət Komitəsinə daxil olan istənilən müraciət araşdırılaraq, uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlarla birgə iş həyata keçirilir. Qanunvericiliyin müvafiq maddələrinı uyğun olaraq, uşaqların ailədən alınması, müəssisəsəyə yerləşdirilməsi, yaxud digər prosedur qaydaları həyata keçirilir"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1346

Oxşar yazılar