Kütləvi yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərində, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına ciddi əməl olunmalıdır.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.
Qərarda o da qeyd olunur ki, qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına da ciddi əməl olunması tələb edilir.Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.
COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.