Nazir müavini: “Əmək müqaviləsi əsasında işləyənlərin sayı çox azdır”
24 iyul 2012 13:56 (UTC +04:00)

Nazir müavini: “Əmək müqaviləsi əsasında işləyənlərin sayı çox azdır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın “Qeyri-leqal məşğulluğun aradan qaldırılması tədbirləri” mövzusunda növbəti iclası keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, iclasa sədrlik edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov qeyd edib ki, məşğul əhalinin sayı ilə müqayisədə əmək müqaviləsi əsasında işləyənlərin sayı xeyli azdır. Bu, onu göstərir ki, bir çox işəgötürən qeyri-leqal əmək münasibətlərinə yol verməkdə, bununla həm işçi hüquqlarını pozmaqda, həm də müvafiq vergini ödəməkdən yayınmaqda davam edir: “Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində ciddi dönüş əldə olunması üçün konkret tədbirlərin görülməsinə artıq başlanılıb. Belə ki, müvafiq qanunvericilikdə təkmilləşdirmələrin aparılması, belə hallara qarşı daha təsirli tədbirlərin görülməsi qərara alınıb. Həmçinin sosial tərəfdaşların təmsil olunduğu Milli Üçtərəfli Sosial Şuranın tərkibində qeyd olunan hallarla bağlı Komissiya yaradılıb”.

Tədbirdə qeyd olunub ki, Əmək Məcəlləsinə əsasən mülki-hüquqi müqavilə üzrə işləri yerinə yetirən şəxslər əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzarət dairəsinə düşmədikləri üçün vergidən də yayınırlar.
Hazırda qanunvericiliyə ediləcək dəyişikliklərlə bağlı təkliflərdən biri də mülki müqavilə bağlanan işçilərin sayının ümumi işçilərin 10 faizindən çox olmamasını nəzərdə tutur. İclasda yaranmış problemin aradan qaldırılması məqsədilə hazırlanan «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanun layihələri Sosial Şuranın müzakirəsinə təqdim olunub, layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1525

Oxşar yazılar