Keçmiş jurnalist: “Soyunmasan da məşhur olmaq olar”
21 iyul 2012 17:13 (UTC +04:00)

Keçmiş jurnalist: “Soyunmasan da məşhur olmaq olar”

Sevinc Akifqınızın Lent.az-a müsahibəsi

- Oxuculara Sevinc Akifqızı haqqında məlumat verərdiniz...

- Sevinc Akifqızı hamı kimi adi vətəndaşdır. Zərdab rayonun Gəlmə kəndində müəllim ailəsində anadan olmuşam. Öz arzum və təkidimlə jurnalistika fakültəsinə daxil oldum. Elə üçüncü kursdan - 1995-ci ildən jurnalist işlədim. 5 il davamlı olaraq çalışdım. 10 il isə imzamın itməməsi üçün qonorarla yazılar yazdım.

- Hesab edirsinizmi bu sahə sizdə uğurlu alınmadı?

- Deməzdim uğursuz alınıb. İmzam kifayət qədər tanınıb. Ancaq uzaqlaşdım, çünki maddi tərəfi məni qane etmirdi. İndi bir çoxları məndən soruşur ki, niyə jurnalistika ilə məşğul olmadın? Axı bu sahədə dolanışıq çox azdır. Ona görə də mən düşündüm ki, ayrılmalıyam. 15 il bu sahədə işləməyimə baxmayaraq, mən heç vaxt təlabatlarımı ödəyə bilmədim. Gücümü şeirlərimə həsr etdim. Mən həm də mahnı bəstələyirəm. 100-ə yaxın şeirim, 20 dən çox mahnım var.

- Düşündünüz ki, şairlərimiz daha yaxşı yaşayır?

- Yox, təbii ki. Bizim o qədər ehtiyac içində yaşayan şairlərimiz var... Mən indi məclislərə tamada kimi gedirəm. Jurnalistikadan çıxandan sonra qəti qərara gəldim ki, bu belə olmaz. Şeirlərimi davamlı olaraq yazdım. Həm də mənim yaxşı danışıq qabiliyyətim olduğu üçün bundan səmərəli istifadə etməyi düşündüm. Ona görə də toy məclislərimizdə aparıcı kimi çıxış etməyə başladım. Gördüm ki, bu, məndə kifayət qədər yaxşı alındı.

- Nə vaxtdan şeir yazırsınız?

- Ədəbiyyata olan marağım anam, xalalarımdandır. Onlar filologiyanı bitiriblər. Gözümü açandan evimizdə poeziya eşitmişəm. Bu, mənim də həyatıma təsirsiz ötüşə bilməzdi.

- Sizi yazmağa nə vadar etdi?

- Şeirlərimin çoxu ana, məhəbbət mövzularındadır. Elə ilk şeirim də anaya həsr olunub. Sinfimizdə Səadət adında qız var idi. Anası yox idi. Hamı ona yetim deyirdi. Mən həmişə onun halına acıyırdım, “Anasız” adlı bir şeir yazdım. Amma tale elə gətirdi ki, bu acını mən özüm 1995-ci ildə tələbə ikən yaşadım. Anamı itirdim. Ona görə də daha çox ana haqqında yazıram. Bizə ruh verən anadır. Məhəbbət mövzularında ilahi sevgi olan analara ünvanlanan sevgidir.

- Toylarda aparıcı olduğunuzu söylədiniz. Toy idarə edən xanımlar çox azdır. Adətən kişilərin yaxşı toy idarə etdikləri bəllidir.

- Elə deyil. Mən həmin insanlara sübut edərəm ki, qadınlar toyu kişilərdən heç də pis idarə etmirlər. Doğrudur, bu işin məsuliyyəti çox böyükdür. Evdə iki adamla insan çətinliklə dil tapdığı halda, məclisdəkiləri başa salmaq asan iş deyil. Ancaq bu da yüksək qabiliyyət və istedaddan aslıdır.

- Neçəyə gedirsiniz toylara?

- Böyük kimi danışmaq çıxmasın. Mən heç vaxt qiymət demirəm. Kimin gücü nəyə çatırsa, onu da verir. Düşünürəm ki, söylədiyim qiymət ola bilər onun imkanına uyğun olmasın. Heç kimin qəlbini qırmaq istəmirəm. Amma deyim toylarım çox olur. Əsasən, rayon yerlərindən dəvət alıram. Kifayət qədər imkanlı, vəzifəli şəxslər öz məclislərinə dəvət edirlər. Əsas odur ki, 15 ildə jurnalistikada qazanmadıqlarımı, 2 il burada qazandım. Əslində mənim arzum müğənni olmaq idi. Həyat yoldaşım icazə vermədi. Çox gözəl səsim də var. Uşaq vaxtı ailəm razı olmadı, rayon yeri, müəllim ailəsi bunu yaxşı qarşılamadı. Amma indi valideynlər görürlər ki, qazanc yeridir. Ömür boyu istək olub içimdə. Muğam dərsi də almışam. İstənilən müğənnidə səhv tuturam. Tanınmış müğənnilərlə bir yerdə oxuyanda da soruşurlar ki, Sevinc xaric oxumadım?

- Müğənni olmağa həyat yoldaşınız razı olmadı, bəs necə oldu toy aparmağa icazə verdi?

- Bilirsinizmi, indi müğənnilərə də qəribə bir yanaşma tərzi var. Mən başa düşürəm yoldaşımı. Amma onu da söyləmək olmaz ki, bu sahəndə çalışanların hamısına qeyr-adi gözlə baxmaq lazımdır. Əsla, yox. Toy aparıcısı kimi icazə verdi. Çünki etibarlı adamlarla gedirəm toylara.

- Sərxoşlarla dil tapa bilirsinizmi?

- Hər toyda sərxoşlar olur. Ona görə də mənim yanımda bir kişi köməkçi olur. Çalışırıq ki, dil tapaq.

- Sizin ilham aldığınız şairlər kimlərdir ?

- Zəlimxan Yaqub, Baba Vəziroğlu, Nüsrət Kəsəmənli, bir də Kəlbəcərli Əlövsət adlı şairdən ilham alıram. Məni çox şeirlər qane etmir. İndi şairlərin çoxu gileylənir ki, onların qalaq-qalaq kitabları niyə alınmır? Mən deyirəm ki, gərək mənalı yazsınlar ki, kitablar alınsın. Bəzən görürsən ki, heç bir savadı olmayan da yazmaqla məşğuldur. Bu hal müğənnilər arasında da müşahidə olunur. Səsi olan-olmayan müğənnilik edir. Ona görə də, yazılan şeirlərin heç də hamsına yaxşı şeir demək olmaz. Elə ona görə də, gənclərlə ayaqlaşmaq fikrində deyiləm. Baxmayaraq ki, yaşım çox deyil. Amma elə bilirəm 50 yaşım var. Özümü tanınmış, qocaman şairlərimizlə bir sırada görmək istəyirəm.

- Şairlər hərdəmxəyal olurlar. Sizdə necədir?

- Mən əvvəllər elə idim. Elə ki, həyatı tam dərk etdim, ondan sonra reallıqlarla yaşadım. Amma həddən artıq kövrək insanam. Bir xanım kimi özümü xoşbəxt hiss edirəm. Mən ən çox şeiri çətin anlarımda yazıram. Həyatda yaşadığım çətinliklər məni şair etdi. Elə şeirlərimin bir neçəsini çətin anlarımda yazmışam. Şeirlərimi ən çox gecələr yazıram. Gecə sanki yer kürəsinin hər tərəfində fırlanıram. Hərdəmxəyallıq mənlik deyil. Romantik olmamışam, xülyalarla yaşamamışam. Real həyatla barışıram. Nə varsa odur.

- Mahnılarınızı kimlərin oxumasını istəyərdiniz ?

- Kişi müğənniləri içərisində Cabir Abdullayev və Nadir Qafarzadə xoşuma gəlir. Xanım müğənnilərdən isə Könül Kərimova, Elnarə Abdullayeva , Mətanət İsgəndərlini istəyərdim. Mahnılarımı onlara etibar edərdim.

- Şeirlərinizin müəlliflik hüququnu qoruya bilirsinizmi ?

- Əvvəllər bundan çox əziyyət çəkirdim. İndi “Nə bilirsən, nə çəkirəm” adlı diskim işıq üzü gördü. Diski çıxarmağıma səbəb var idi. Toy məclislərinə qonaq kimi qatılırdım. Baxırdım ki, hansısa bir müğənni mənim şeirimi muğam şəkilində ifa edir. Heç müəllifin adını da çəkmir. Mən də düşündüm ki, niyə müəlliflik hüququm pozulsun. Şeirlərimi disk halına saldım. Bu daha etibarlıdır.

- Gələcək planlarınız barəsində danışardınız ?

- Mən indi ancaq bir şey bilirəm ki, bu işi davam etdirəcəyəm. Mən zaman-zaman hər şeyi özüm əldə etmişəm. Hər zaman özümdə bir şeyi vacib hesab edirəm. Qoy mən sürünərək yaşayım. Ancaq hər şeyi özüm əldə edim. Deyirlər sponsorlarsız irəli çıxmaq mümkün deyil. Bu yanlış fikirdir. Allaha inanıram və jurnalist həmkarlarım sağ olsunlar ki, dəstək olurlar. İnsanları yanlış düşüncələrdən çəkindirmək lazımdır. Hər şey adamın özündən asılıdır. Fikirləşirlər ki, məşhur olmaq üçün ancaq soyunmaq lazımdır. Ancaq, soyunmasam da məşhur olmaq olur.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1805

Oxşar yazılar