Kimsəsiz yolların o başındakı vətən - REPORTAJ
30 iyul 2011 14:24 (UTC +04:00)

Kimsəsiz yolların o başındakı vətən - REPORTAJ

İsti yay günlərində yolumu Ordubaddan, Kiçik Qafqaz sıra dağlarının ətəklərində, Araz çayının sahilində yerləşən, yaşı 7000 ilə yaxın olan bu tarixi məkandan saldım. Əvvəllər Ordubada getməyin ən asan üsulu dəmir yolu idi. Sonuncu dəfə Ordubada qatarla 1991-ci ilin yayında getmişdik. Dövr çox ziddiyyətli idi. Qayıdarkən, bələdçi bütün kupelərdəki sərnişinlərə xitabən “bir azdan Mehridən keçəcəyik, hamı yerə əyilsin” - dedi. Və hamımız onun söylədiyi kimi etdik. Qatar yüksək sürətlə Ermənistan ərazisini arxada qoymağa başladı. İyirmi il ötməsinə baxmayaraq, bu günə qədər qatarın o tükürpədici səsi qulaqlarımdan getməyib. Hamı qorxu və təlaş içində idi. Zəngilan rayonunun Mincivan stansiyasına yetişəndə nənəm əllərini göyə açıb “Şükür, yaxşı ötüşdük” - söylədi. Doğrudan da yaxşı ötüşmüşdük, bizdən sonra gələn qatar daşnaklar tərəfindən saxlanılmışdı. İnsanların taleyi isə...

Qısa müddətdən sonra, blokada şəraitində yaşayan Naxçıvana təyyarə reysləri açıldı. Bu hər kəsin ürəyincə olsa da, qiymətlər gah endi, gah da qalxdı. Məhz qiymətlər üzündən bəzən sanki özümüzü əcnəbi ölkəyə gedirmişik kimi hiss etməyə başladıq. Son illərdə isə, İran dövləti ilə əldə edilən razılığa əsasən Bakı-Naxçıvan marşrutu üzrə avtobus reysləri açıldı. Mən də elə avtobusla getməyi qərara aldım. Maraqlı idi. Qonşu İran ərazisindən keçərək, Naxçıvana daxil olan avtobus səyahətini çox bəyəndim. Bəyənməyimə səbəb həm də o idi ki, yol boyu hər şey mənə uşaqlığımı xatırladırdı. Dəmiryolu relsləri isə tək-tənha qalmışdı, sanki bizi gözləyirdi... Arazın İran hissəsi ilə keçərkən İranlı sürücü ara-sıra sərnişinlərə xitabən “baxın, erməni vəhşilikləridir” -deyirdi. Zəngilan ərazisində, Arazla həmsərhəd olan evlər viran qoyulmuş, damlara, pəncərələrə qədər sökülüb aparılmış, sahələr yandırılmışdı. Həyat doğrudan da buralardan çox-çox uzaqlarda idi...

Beləcə həm kədərli, həm də təbii ki, sevinc dolu bir hisslə Culfa sərhəd keçid məntəqəsindən Naxçıvana daxil olduq, oradan da Ordubada üz tutduq.

...Şəhəri əvvəlcə tanımadım, çünki çox dəyişilmişdi. Quruculuq işləri davam edir. Blokada şəraitində yaşayan bir ərazidə bu qədər işlərin həyata keçirilməsi maraq doğurmaya bilməzdi. Ordubad şəhəri dünya sivilizasiyanın ən qədim insan məskənlərindən biri olaraq tanınmaqdadır. Gəmiqaya, Gilan xərabələri adı ilə məşhur olan kompleks buna əyani sübutdur. Bu gün rayonun əhalisini 43200 nəfər təşkil edir. Ərazisi 972 kvadrat kilometr olan Ordubad rayonu, 50 inzibati kənd vahidinə bölünür. Hər bir kəndin də özünə məxsus xüsusiyyəti var. Yalnız Ermənistanla həmsərhəd olan Kilid kəndi sakinlərdən təmizlənib ki, burada da Azərbaycan Silahlı Qüvvələri düşmənlə burun-buruna dayanıblar. Coğrafi yüksəklik baxımından Ordubad rayonu, Azərbaycan Milli Ordusu üçün əlverişli ərazidir.

Mərkəzi Ordubad şəhəri olan rayon, ərazisinə görə Naxçıvan Muxtar Respublikasının ikinci böyük inzibati vahididir. Ordubad meyvə ağacları, sərin çeşmələri və zəngin mətbəxi ilə hər zaman dünya səyyahlarını özünə cəlb edib. Mən də əslində özümü bir səyyah kimi hiss edirdim, hərçənd ulu köklərim bu torpağa bağlıdır. Ulu nənəm Təbriz darülfünununu bitirmiş ilk qadın din xadimi və bu gün Ordubadda adına küçə verilmiş Axund Ümmü Leyla xanım olub. Səfərimin ilk günündə, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mərkəzi küçənin, daha doğrusu prospektin seyrinə çıxdım. Lap yuxarı hissədən başladım. Küçənin bu hissəsi yaşı orta əsrlərə təsadüf edən Came məscidi və tarixdə Zorxana adı ilə tanınan, bu gün isə Ordubad Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən Qeysəriyyədən başlanır. Came məscidinin tarixi I Şah Abbas Səfəvinin adı ilə bağlıdır. Şah Azərbaycanı dolaşarkən, savaş meydanlarında göstərdikləri igidliklərə, həmçinin görkəmli alim Nəsrəddin Tusi nəslinə bəslədiyi sonsuz ehtiram əlaməti kimi Ordubadı vergilərdən azad etmiş və bu Fərman məscidin qapısı üzərində həkk olunmuşdu. Məscidin arxa tərəfində əvvəlcə Azərbaycan Səfəvilər dövləti, sonralar isə İran Qacarlar sülaləsinin simvoluna çevrilmiş, yumurta sarısından hazırlanmış Şir-Xurşid gerbinə rast gəlirik. Əbəs yerə məscidin arxa hissəsini vurğulamadım. Məhz burada dövri-qədimdən çayxana olub, elə indi də var. Yaşlı və cavan nəslin ünsiyyəti burada bir başqa aləmdir.

Came məscidindən üzüaşağı, asfaltlı, səliqə-sahmanlı küçə ilə addımlayıram, dövlət yol polisinin əməkdaşı nəzakətli şəkildə sürücülərlə ünsiyyətdədir. Şəhərdə ümumiyyətlə işıqfor yoxdur, bununla bağlı bütün nəqliyyat məsələlərini canlı şəkildə xidmət əməkdaşları tənzimləyir. Haqlı olaraq qeyd etməliyəm ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi Ordubada xüsusi diqqətlə yanaşır. Ordubad rayon İcra Hakimiyyəti, Şahmat məktəbi, yeni avtovağzal, Musiqi məktəbi, Mədəniyyət evi, polis idarəsi, prokurorluğa məxsus yeni, müasir görünüşlü binalar göz oxşayır. Şəhərin ən gözəl və səfalı yerlərindən birində yeni səhiyyə ocağı inşa olunmaqdadır. Müasir inşaat prosesində Türk ustalarının üslubuna və həmçinin əməyinə də üstünlük verilir. Son illərdə Ordubad Tarix-Diyarşünaslıq muzeyi klassik üslubda təmir edilib, eksponatlar baxımından zənginləşdirilib. Həmçinin təmir-bərpa işləri aparılan obyektlər sırasında qədim Alban məbədinə də rast gəlmək olar. Bu məbəd Əndəmiş deyilən məhəllənin yaxınlığındadır. Bu yaxınlarda Ordubad ərazisində tapılan Finikiya əlifbası ilə yazılmış daş kitabə, şəhərin yaşının 7000 ilə yaxın olduğunu sübuta yetirir. Şəhərin mərkəzi küçəsi ilə “həmsərhəd” olan tarixi daş divarlar, qədimiliyinin saxlanılması şərtilə bu gün bərpa olunur. Burada hər addımbaşı qədim üslubda düzəldilmiş zibil qutularına rast gəlmək olar. Ümumiyyətlə, küçələr tər-təmiz, abad və genişdir. Ordubad avtovağzalının düz yaxınlığında yeni park salınır. Daha maraqlı bir məqam. Mən bu məqama nəinki küçələrdə, eyni zaman evlərin həyətlərində də rast gəldim. Səkilərə tam şəkildə müxtəlif ölçülü əyri-üyrü daş piltələrlə döşənmişdi və onlar barədə xəbər aldıqda, cavab olaraq “Gilan daşlarıdır” deyirdilər. Ordubadın Gilançay deyilən ərazisində yerləşən dağlıq hissəsindən gətirilən bu daş piltələri nəinki şəhərin küçələrinə, eyni zamanda şəxsi istəklərə uyğun olaraq evlərin həyətlərinə belə döşəmək artıq bir dəb halını alıb.

Ordubadda hər həftənin cümə axşamı, nəfis tərtibatda, rəngli qəzet - “El həyatı” nəşr olunur. Rayon İcra Hakimiyyətinin orqanı olan bu qəzetdə rayonla bağlı müxtəlif aktual məsələlər işıqlandırılır.

Şəhərin mərkəzi küçəsində çoxlu sayda ərzaq dükanları, ticarət mərkəzləri, bazar fəaliyyət göstərir. İnsanlar hər səhər bu küçəyə axışır. Üz-üzə gəldikdə bir-birinə mehribanlıqla, şirin Təbriz dialektini xatırladan bir tərzdə “Necəsiz? Yaxçısız?” deyə xitab edirlər. Məni heyrətə gətirən məqamlardan biri də bu oldu ki, bu şəhərdə bələd, ya nabələd olan hər kəs bir-birinə salam verir, əhvalını soruşur. Salam Allah salamıdır. Amma bu qədər????!!! Onu da vurğulamalıyam ki, Ordubadın demək olar ki, hər bir məhəlləsində məscid var. Namaz vaxtlarında azan xüsusi səs gücləndiricilərlə bütün ətraf ərazilərə yayılır. Şəhərin ən böyük məscidi Came hesab edilsə də, Sərşəhər, Mingis, Ambaras və digər məscidlərə də üz tutanlar az deyil. Təmir işləri buradan da yan ötmür. Lakin bu məscidlərdə təmir və təminat işləri eyni zamanda xeyriyyəçilərin şəxsi vəsaiti hesabına həyata keçirilir. Deyirlər, Ordubadlıların Allaha öz xitabları varmış. Qədim dövrlərdə ətraf ərazilərdən birinə bəla gəlsəydi, Ordubadlılar dərhal əllərini göyə açaraq, “Ulu Tanrım, bəlanı Ordubadlılara göndər” söyləyərmişlər. Bəla da elə bu diləkdən sonra qonşuları tərk edərmiş.

Qapıcıq zirvəsi, Əcnöhür, Bəlkə, İran ərazisindəki Savalan dağları Ordubada xüsusi yaraşıq verir. Mən şəhər və kənd tandemini fərqli təsəvvür edirdim, amma, Ordubadın Nüsnüs kəndinə doğru qalxdıqca bu ənənəvi müqayisə beynimdə haçalandı. Küçələrin ensizliyi, daş piltələri baxımından müəyyən hissələri İçəri Şəhəri xatırladan Nüsnüsdə müasir evlər, peyk ötürücü antenaları diqqətimi çəkməyə bilməzdi. Nüsnüs, həm də Ordubadlıların bu gün də inam yeri olan piri ilə məşhurdur. Düzünü desəm, vaxt məhdudluğu səbəbindən digər kəndlərə baş çəkə bilmədim, amma buna görə heyfslənmirəm. Çünki Ordubad şəhərində bu günə qədər görmədiyim o qədər maraqlı məqamlar oldu ki, bəzən özüm də məəttəl qaldım və onları bildiyimə görə sevindim. Səfər günlərimin birində, Diyarşünaslıq muzeyinin arxa tərəfindəki körpünün üzərində inşa edilmiş müasir üslublu, amma, şəhərin tarixilik statusuna cavab verən yeni kafeyə baş çəkdik. Ətirli çaydan, ləzzətli şirniyyatdan dadıb, bizə qulluq göstərən oğlana xidmət haqqını uzadırdım ki, oğlan gülümsünərək, “ilk gün olduğu üçün pulsuzdur”. Heç demə, kimsə hansısa xidmət obyekti açırsa, ilk gün pulsuz xidmət göstərirmiş. Hələ onu demirəm ki, Nüsnüs kəndinə aparan avtobus belə bizdən yol haqqı almadı. Sürücü söylədi ki, şəhərin tanınmış insanlarından biri dünyasını dəyişdiyi üçün ehsan verilir. Bu isə Ordubadlıların səxavətindən xəbər verir.

Səfərim yeddi gün sürdü, amma, Ordubad kimi tarixi bir diyar üçün bu azdır. Ordubadlıların dili ilə desək, bu müddət, heç bir məhəllənin belə öyrənilməsinə yetməz. Vətənimizin ayrılmaz parçası olan Ordubadın vəsfini nəzmə çəkənlər, onu “Arazın övladı” kimi qələmə verirlər. Bəlkə də haqlıdırlar, çünki Araz onu doğma balası kimi əzizləyir, sığallayır, saflaşdırır. Saflıq isə Ordubad camaatının üzünə yazılıb.

Və nəhayət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məşhur bir fikrini qeyd etmək və təəssüratlarımı yekunlaşdırmaq, məncə, yerinə düşərdi: “Ordubad Azərbaycanın incisidir!”

Kamran Qasımov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1846

Oxşar yazılar