“Ölmüş” partizanla evlənib İmişliyə gələn fransız gözəlinin həyat dramı - HEKAYƏT
- Bonjur, madam!
Üzü güldü:
- Bonjur, bonjur…
…Və sanki illərdir tanıdığı, əzizi bildiyi birisi kimi boynumu qucaqlayıb, üzümdən də öpdü.
Bu, Napoleonun vətənindən reportaj deyil. Heç Fransadan gəlmiş qonaqla müsahibə də eləməmişik...
***
Düzdür, o, Fransadan gəlib - amma nə az, nə çox, düz 64 il bundan əvvəl. İkinci Dünya Müharibəsi bitəndən sonra Şəmməd adlı partizanla birgə. Məhz onun xanımı kimi. Düz 64 il bundan əvvəl azərbaycanlı Şəmmədə olan sevgisi onu Avropanın göbəyindən, Parisdən Sovetlər İttifaqının Azərbaycan adlı respublikasının, İmişli adlı rayonunun Murğuzallı kəndinə gətirib çıxardı. Həmin vaxt 19 yaşlı gəncəcik fransız qızı İoanna Bottonun heç ağlına belə gəlməzdi ki, nə vaxtsa Əminə adını daşıyacaq, bir də Sena çayının sahilində əyləşməyəcək, onun qismətinə Qafqazın Arazı düşəcək. Bəlkə elə bunun özü də bir mistika idi. Ayrılıq rəmzi Arazı deyirəm.
Amma bilmək olmaz…
Yazının sonunda da məhz bu məqama qayıdacağıq. Bir azca səbirli olun…
“44-cü ildə Şəmmədin ölüm xəbəri gəldi”
Müharibə başlayanda yaşı çatan bütün sovet insanları kimi İmişli rayonu Murğuzallı kənd sakini Şəmməd Şirməmmədov da cəbhəyə yollanır. Amma çox keçmir ki, əsir düşür. Və onun cəhənnəm əzablı əsirlik həyatı başlayır. Şəmməd də daxil olmaqla, sovet əsirlərini İtaliyaya aparırlar. Həmin vaxt Almaniya ilə müttəfiq olan Mussolini İtaliyasındakı əsir düşərgələrində on minlərlə sovet əsgər və zabiti saxlanırdı. Şəmmədin olduğu əsir düşərgəsində saxlanılanların əksəriyyəti isə azərbaycanlılar və digər Qafqaz millətindən olanlar imiş.
Amma tale Şəmşədin və digər sovet əsirlərinin üzünə gülür. ABŞ qoşunları İtaliya ərazisinə daxil olub oranı nəzarət götürəndə Şəmşəd və onunla birgə yüzlərlə azərbaycanlı əsir düşərgəsindən qaça bilirlər. Onlar günlərlə yol qət etdikdən sonra Fransa ərazisinə keçirlər.
Elə həmin çətin günlərdə İmişliyə qara xəbər gəlir. Şirməmmədovlar ailəsinə gələn qara məktubda bildirilirdi ki, onların oğlu Şəmməd Şirməmmədov qəhrəmanlıqla həlak olub...
İmişlidə yas qurulanda əksəri azərbaycanlılar olan böyük bir dəstə əfsanəvi Şarl de Qollun elə özü qədər əfsanəvi partizan dəstələrindən birinə qoşulur. Tale bu imişlili balasını 20-ci əsr tarixinin ən böyük şəxslərindən biri ilə - Şarl de Qolla rastlaşdırır.
Tezliklə Şəmməd Qollun şəxsi mühafizəçilərindən biri olan Polla dost olur. Və günlərin bir günü Pol Şəmmədi bacısı, gənc İoanna ilə tanış edir. Elə ilk baxışdan Şəmməd İoannaya vurulur.
Ardını Lent.az-a İoanna nənə danışır:
- Biz əslən Lion şəhərindənik. Lefoye deyilən yerdən. Mənim atam Jan Lionda böyük nüfuz sahibi idi. Qolla yaxınlığı vardı. Atam gizli yollarla partizanlara silah göndərirdi. Bundan başqa, yaralı partizanların gizli şəkildə müalicəsinə də hər cür köməklik göstərirdi. Qardaşım Pol Qollun şəxsi mühafizəçisi olduğundan onun dostluq etdiyi əksər partizanları tanıyırdım. Elə Şəmmədi də…
“Əhmədiyyə bir əfsanə idi”
Bu yerdə onun sözünü kəsirəm:
- Bəs Əhmədiyyə Cəbrayılovu?
- Oooo... O bir əfsanə idi! Qollun dostu idi, bəlkə də fransızlardan daha çox ona etibar edirdi. Əhmədiyyə məni Fransaya aparacaqdı. Amma lənətə gəlsin müharibəni. Qarabağ müharibəsini deyirəm. 90-cı ilin əvvəlləri idi. Şəkiyə gedib onunla görüşdüm. Dedim məni tanıyırsan? Qayıtdı ki, yox! Dedi mən filankəsin həyat yoldaşı, filankəsin isə bacısıyam. Bilirdim ki, qardaşım Polu tanıyır. Durub heyrətlə üzümə baxdı. Donub qaldı. Məni tanımışdı. Və birdən dəli kimi üzərimə atılıb məni qucaqladı. Və göz yaşlarını saxlaya bilmədi. O vaxt, mən Əhmədiyyənin yanına bircə xahişə getmişdim; ondan xahiş edəcəkdim ki, mənim Fransaya getməyimə köməklik etsin. Axı, o, Azərbaycanda məşhur adam idi. Onun sözündən çıxmazdılar. Mən Fransaya gedib ata-anamın, yaxın qohumlarımın qəbrini ziyarət edib, geri qayıtmaq istəyirdim. Fikirləşirdim ki, gedib bir neçə gün qalım, bir az rahatlıq tapım, çünki ömrümün sonuna az qalıb. O, məni bir neçə gün qonaq saxladı. Və söz verdi ki, arzumu yerinə yetirəcək. Mən İmişliyə qayıtdım. Bir neçə gün sonra Şəkidən bəd xəbər gəldi. Əhmədiyyənin polis zabiti olan oğlu Qarabağda həlak olmuşdu. Bundan az sonra isə özü rəhmətə getdi…
“Atam bizə Parisdə təmtəraqlı toy etdi”
Müharibə qurtaranda əksər sovet əsgər və zabitlərinə deyirdilər ki, vətənlərinə qayıtsalar, onları Sibir gözləyir. Amma ortada bir Qoll faktoru da vardı. Və onun sovetlər birliyi ilə münasibətləri pis deyildi. Elə Şəmməd də bunu bilirdi. O, təkidlə Azərbaycana qayıtmaq istəyirdi. Bəs sevgili İoanna? Onda məsələyə Pol qarışır. O, atasından xahiş edir ki, bu azərbaycanlı balası ilə və bacısına toy eləsin. Atası Jan Botto razılaşır. Başqa əlacı da yox idi. Çünki qızı Şəmmədlə Azərbaycana getməyə razı idi, hətta israr edirdi. Beləliklə, 1947-ci ildə Şəmməd və İoannanın Parisdə möhtəşəm toyu olur. Toydan bir ay sonra onlar sovetlər birliyinə üz tuturlar. Azərbaycana, İmişliyə. Özü də Parisdəki sovet konsulluğunun vizası ilə…
“İmişliyə çatanda istidən və ağcaqanadlardan dəhşətə gəldim”
Cütlük düz iki ay yol gəlir. Bütün Avropanı gəzə-gəzə, əvvəl Moskvaya, oradan isə Bakıya.
- Bakıdan çıxıb, bir neçə saat yol getdik. Ora hara idi, bilmirəm, amma düşüb bir arabaya mindik. Hə, mənim kimi fransız gözəlini, İmişliyə arabayla gətirdilər. (Gülür) Şəmmədgilin qapısından içəri girəndə gecə idi. Həyətə girəndə, qohumları bizi görəndə elə bir bağırtı qopdu ki, hər ikimiz az qala havalanacaqdıq. Sən demə, 44-cü ildə Şəmmədin ölüm xəbəri gəlibmiş...
İoannanı Murğuzallıda yaxşı qarşılayırlar. Amma Şəmmədə deyirlər ki, gəlin mütləq adını dəyişməli və islamı qəbul etməlidir. İoanna razılaşır. Onun məşhur seyid Nəsihət ağanın yanına aparırlar. Ağa ona yeni ad verir - Əminə. Beləcə İoanna-Əminənin İmişli həyatı başlayır.
- İlk vaxtlar çox sətin idi. Mən ömrümdə bu qədər isti hava və ağcaqanad görməmişdim. Milçək isə sanki adam yeyirdi. (Gülür) Amma oğlum, inandırım Allaha, heç peşman olmadım. Bir il sonra oğlumuz Rafael dünyaya gəldi. Bundan bir qədər sonra isə Şəmməd rəhmətə getdi. (Kövrəlir)
“Onlara dedim ki, oğlumu burda qoyub Fransaya gedə bilmərəm”
Şəmməddən sonra dul qalan Əminəni ərinin əmisi oğluna ərə verirlər. Yerli adət-ənənəyə hörmətlə yanaşan İoannanın razılaşmaqdan özgə əlacı qalmır. Bundan sonra onların 3 oğlu və üç qızı olacaqdı. İndinin özündə 30 nəvəsi, 22 nəticəsi var. Amma bunlar hələ sonra olacaqdı…
Moskvadan qəfil teleqram
…Günlərin bir günü Murğuzallıya Moskvadan teleqram gəlir. İoannanın anası Fransadan qızının dalınca gəlibmiş...
- Sevincimin həddi-hüdudu yox idi. Neçə vaxtdan sonra anamla görüşəcəkdim. Bizi Bakıda görüşdürdülər. Anam dedi ki, Moskvadakı Fransa səfirliyi artıq mənim ölkəmizə qayıtmağıma imkan yaradıb. Mənə dedi ki, hazırlaş, gedirik Fransaya. Ona dedim ki, mənim oğlum var, onu da aparacam. Bu vaxt məlum oldu ki, Rafaeli apara bilmərəm. Çünki o, artıq sovet vətəndaşı hesab olunurdu. Anam dedi ki, razılaşım, başqa əlac yoxdu, uşağı burda qoymalıyam. Mən qəti şəkildə bunu rədd etdim. Anam dedi ki, sonra peşman olacaqsan. Dedim, olmayacam…
İmişli gəlinini unutmurlar
Beləliklə, İoanna Azərbaycanda qalası olur. Və bundan sonra bir də heç bir yaxınını görə bilmir. Amma Fransada onu unutmurlar. Artıq Hindistanda diplomat işləyən qardaşı Pol, eləcə də başqa yaxın qohumları da, Parisdən ona tez-tez məktublar yazır. Bundan başqa, bayramlarda Murğuzallı kəndinin poçtalyonu da Şirməmmədovlar ailəsinə xaricdən göndərilmiş qutular gətirirmiş. Və bütün kənd əhli fransız gəlinə göndərilmiş əcaib hədiyyələrlə həm maraq, həm də həsədlə baxarmışlar.
Bu yerdə İoanna nənə lap qəşş edir:
“Elə forslanırdım ki, hər “posılka” gələndə”
Amma fransız gəlin özünü yerli qadınlardan fərqləndirməzmiş. Hamı kimi zamanında pambıq yığmağa gedər, alaq edər, necə deyərlər kolxozçuluğu ilə məşğul olarmış. Yaddan çıxmamış deyim - onun ailəsi Qarabağda üç şəhid də verib. Bütün əziyyətlərə qatlaşıb İoanna nənə. Amma bircə an da olsa ailəsindən ayrılmaq istəməyib. Heç ağlından da keçirməyib. Amma həmişə ürəyinin dərinliyində bir istəyi olub: nə vaxtsa bircə günlüyə də olsa, Fransaya getmək, əzizlərinin qəbrini ziyarət etmək. Sonra da ömrünü Azərbaycanda, İmişlidə başa vurmaq.
“Dedim bu saqqız çeynəyir, çıxaq gedək kəndə”
- Bir dəfə məni Fransanın Bakıdakı konsulluğuna apardılar. İçəri girəndə gördüm birisi saqqız çeynəyə-çeynəyə məndən nə üçün gəldiyimi soruşur. Azərbaycanlı idi, fransız idi, bilmirəm. Amma ona baxıb məni ora gətirən qohumuma dedim ki, getdik İmişliyə. Dedi niyə? Dedim adamın üzünə baxıb saqqız çeynəyən birisi ilə nə söhbət edəcəm? Mənim fikrimcə, bu, mədəniyyətsizlik idi. Çıxdıq, gəldik kəndə.
- Bax, nənə, birdən getdin Fransaya, geri qayıtmadın. Bəs onda nə olsun?
- Ay oğul, orda kimim var ki? Burda isə bax, bir qoşunuq - deyə nəvə və nəticələrini göstərib gülür.
“Anjelikaya oxşayıram?”
Sonra ailə albomunu gətirir.
- Bu şəklə bax, beretkamda sovet ulduzu. “Uzaq sahillərdə”ki Anjelikaya oxşayıram. (Uğunub gedir)
- Oxşayırsan.
- Bax, bu şəkildə başımda şlyapa var. Nəvələrim dinc durmayıb dodaqlarmı qələmlə rəngləyiblər. Təsəvvür elə, bu şlyapada İmişlidə gəzəsən. İndi yox eee, onda. Vay, vay, vay… Amma sən məndən çox, bizim evdən yaz. Sel yuyub pis günə qoyub. Uçur, dağılır. Bir kömək edən də yoxdu. Kəndin icra nümayəndəsinə, icra başçısına özüm demişəm hələ də kömək edən yoxdu. Nə olar, ay bala, Azərbaycanda bircə fransız gəlinbacınız var, özü də 83 yaşında. (Yenə gülür) Bizim evə bir əlac. Bir də... ömrümə az qalıb... Məni Fransaya göndərə bilərsən? (Kövrəlir)
Mən bu qərib qarıya kimisə Fransaya göndərmək səlahiyyətimin olmadığını desəm də, inanmayacaqdı. Bəlkə də incik düşəcəkdi. Amma nədənsə, kiminsə səlahiyyətlərini mənimsəmiş kimi, qeyri-ixtiyari, bir az da qeyri-real inamla:
- Sən Fransaya gedəcəksən, mütləq gedəcəksən – dedim...
Gözləri doldu... Kipriklərini qaldırıb, diqqətlə üzümə baxdı... sanki viza alıbmış kimi, sanki yola çıxıbmış kimi, sanki Parisin mərkəzindəymiş kimi, borcumdan çıxmağa başqa söz tapmadı elə bil... Hansısa bir daxili hissin təsirilə Əminə nənə kimi deyil, gənc fransız gözəli İoanna Botto kimi təşəkkür elədi:
- Mersi...
Ətrafdakılar bir az səksəndi elə bil bu cavabdan. Mən isə kövrəldim…
Yazıya söz ardı
Əminə Şirməmmədova, qızlıq adı və soyadı İoanna Botto Jan. 83 yaşlı bu qadın Azərbaycana gəldiyi 64 ildə ilk dəfə fransızca məhz bizim saytımızın ünvanına fransız dilində qeydlərini etdi. Bəndənizin yazı dəftərçəsində. Bir dəftər vərəqində. Qeydlər Fransanın ölkəmizdəki cənab səfirinə müraciət idi…
Səbuhi Məmmədli
Bakı-İmişli-Murğuzallı-Bakı

1444