Bakının içində Bakıdan böyük şəhər
07 iyun 2011 12:30 (UTC +04:00)

Bakının içində Bakıdan böyük şəhər

Layihə: Görməli Bakı


İçərişəhər və ya Qala şəhəri. Kim necə istəyir, elə desin. Amma şəhərin içində şəhərdir - elə, İçərişəhərdir.

Neçə yaşı var? Qocadan da qocadır. Tarixlə həmyaşıddır. Xəzər dənizinin sahillərinə doğru gəlib, burada yağılardan qorunmaq üçün özünə müdafiə divarları inşa edən insanlar heç özləri də bilmirdilər ki, bu hündür divarlar sonradan tarix olacaq böyük şəhəri qoruyacaq. 22 hektar ərazini hasara alan insanlar elə bəlkə də tarixin özünü yazan adamlar olub. Kim bilir?!

Şəhər içində şəhərdə aparılan arxeoloji qazıntılardan aydın olur ki, bu ərazi ta bürünc dövründən yaşayış məskəni olub. Şəhərsalma baxımından örnək olduğunu deyə biləcəyimiz İçərişəhərdə 3 abidə dünya əhəmiyyətlidir.

Qız qalası - Yaşını heç kimin dəqiq deyə bilmədiyi, bu üzdən də hər kəsin fərqli yaşda göstərdiyi qala “İçərişəhərin bəbəyidir” desək, qəbahət etmiş olmarıq. Gözəlliyin doqquzu don olduğu kimi, İçərişəhərin də “doqquzu” “Qız qalası”dır. Qalanın tikilmə tarixini ta Zərdüştlüyə qədər uzadan araşdırmalar belə var ki, bu da “Qız qalası”nın eramızdan əvvələ təsadüf etdiyinə dəlalət edir. Bizim erada tikilməsinə dair araşdırmalara əsasən isə “Qız qalası”nın tikilmə tarixi gah V, gah VI, gah da VII əsrlərə aid edilir. Bir sözlə, İçərişəhərdə qalmaqdan heç kimə qismət olmayan, özünü şəhərin içinə qurban verən “Qız qalası”nın tikilmə tarixi də elə “qız” qalıb. Heç kim onun “bəkarəti”ni ala bilməyib.

Şirvanşahlar Sarayı – Adından bəlli olduğu kimi Şirvan şahlarının sarayı olan bu məkan bu günə qədər öz tarixindən zərrə itirməyib. Bu qədər möhtəşəm bir tarixi abidənin tikilməsinin səbəbi təzadlı olsa da, bir faciədir. Orta əsrlərdə Şamaxıda zəlzələ baş verməsəydi, heç Bakıda Şirvan şahları üçün saray da tikilməzdi. Saray 9 tikilidən ibarətdir: Saray binası, Divanxana, Dərviş türbəsi, Şərq darvazası, Saray məscidi, Key-Qubad məscidi, Saray türbəsi, hamam və ovdan. Sarayın içərilərinə doğru girdikcə, sanki tarixin sınaqlarından keçmiş, üstündə minlərlə baş kəsilmiş, daşında minlərlə insanın qanı qurumuş saray divarlarından isti qan qoxusu gəlir. Sanki, 1500-cü ildə Şah İsmayılın sarayı işğal edib dövlətini elan etdiyi zaman axıtdığı qanlar hələ də qurumayıb. Bəlkə də budur Şirvanşahlar sarayını İçərişəhər üçün bu qədər vazkeçilməz edən. Divarlardan gələn qanın cəlbedici qoxusu. Daha sonralar 1723-cü ildə I Pyotr tərəfindən top atəşinin qurbanına çevrilən saray divarları artıq qana öyrəşdiyi üçün o qədər də çox ürkütmədi ətrafını. Və ta başından bəri İçərişəhərin “Qız” qalasının himayədarı rolunu oynamağa başlayıb. Bəlkə də Şirvan şahlarının sarayı İçərişəhərdə olmasaydı, indi Bakının içində İçərişəhər deyə bir yer də qalmazdı.

Məhəmməd məscidi – Məscid qapısının üzərində yazılana görə, hicri tarixi ilə 471-ci ildə (miladi 1078-1079) ustad rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa edilən bu abidə I Pyotrın Bakıya kəşfiyyat üçün göndərdiyi rus donanmasının göstərişi ilə dənizdən top atəşinə tutulması nəticəsində minarəsinin yuxarı tərəfi dağıldığı üçün “Sınıqqala” adlanır. Məscidin xüsusi memarlıq quruluşu, tikilmə üslubu onun dünyanın tarixi abidələri sırasında öz yerini almasına səbəb olub.

Bu abidələrdən əlavə, İçərişəhərdəki tarixi əhəmiyyətli tikililəri saysaq, çox uzun bir siyahı alınar. Şəhər bir növ abidələr muzeyidir. Əslində, hər daşında, hər küncündə tarix yatan və tarixin qoxusunu daşıyan şəhərdəki bütün hissələr özü-özlüyündə tarixi abidədir. Bu baxımdan, şəhərdə hansısa tikiliyə xüsusi əhəmiyyətli yanaşmaq, doğru deyil.

İçərişəhərdə 5 hamam, 4 böyük karvansaray var. Şəhərin İpək yolu üzərində yerləşməsi bu kiçik Qalada bu qədər karvansarayın olmasına səbəb olub.

Qala divarları arasında yerləşən 15 məscid isə sanki, Azərbaycan xalqının dini tarixinin, köklərinin təcəssümüdür. Bu qədər kiçik ərazidə bu qədər çox məscidin olması Bakı camaatının tarixən islama nə qədər bağlı olduğunu sübut edir. 1850-ci illərdə 15 məscidin arasında inşa edilən Müqəddəs Nikolay kilsəsi isə dini tolerantlığın Bakı camaatı tərəfindən necə qəbul edilməsini göstərir.

İçərişəhərdən danışıb Bazar Meydanından bəhs etməmək qəbahət olardı. Meydanın şəhərdə xüsusi tarixi əhəmiyyəti var. Burada toplanmış orta əsrlərdən qalma yazılı abidələr İçərişəhərin nə qədər dərin bir tarixə sahib olduğunu əks etdirir. Həmçinin, bu abidələrdə və baş daşlarında yazılmış yazılar Azərbaycan xalqının köklərini araşdırmağa, onun qədim adət və inanclarını kəşf etməyə yardımçı olur. Meydan 1964-cü ildə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb. Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması müqəddəs Məkkəni xatırladır. Qazıntılar nəticəsində bu ərazidən 52 tarixi qəbir tapılıb. Buradakı məzarların da maraqlı tarixi hekayəsi var: O zamanki müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirmişlər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda isə meyiti əmanət olaraq yaxın yerlərdə basdırırmışlar. Bazar Meydanındakı qəbirlər də bu cür “əmanət qəbirlər”dir. Meydandakı abidələrdən belə aydın olur ki, bura tarixən müqəddəs ziyarətgah olub. Başqa bir fərziyyəyə görə isə İçərişəhər həm də pravoslav xristianları arasında İsa peyğəmbərin on iki həvarisindən biri olan Varfolomeyin öldüyü yerdir.


İçərişəhər öz tarixi ilə bərabər, həm də o tarixin qoxusu ilə böyüyən, genişlənən, müasir Bakının içində tarixin dərinliyində yaşayan mindən çox ailəyə ev sahibliyi edir. Şəhərdə 6 fərqli adda məhəllə yerləşir. Şəhərin ən inanılmaz və onu dünya üçün də əhəmiyyətli edən xüsusiyyəti isə İçərişəhərin özü qədər fantastikdir. Şəhərin bir girişi yeraltı keçidlərlə digər girişinə birləşdirilib. Şamaxı darvazasından Salyan darvazasına qədər uzanan yeraltı keçid İçərişəhərin sakinlərinin o dövrün imkanları ilə necə böyük iş gördüklərini ortaya qoyur.

1977-ci ildə tarix-memarlıq qoruğu statusu alan İçəri Şəhər 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınıb.

Amma...

Hər şeyin bir “əmma”sı olduğu kimi, İçərişəhərin də bir əmması var. Bu əmmanı da özümüz yaratmışıq. Daha doğrusu, yaradırdıq, qarşısı tez alındı. Nədir o əmma?!

Şəhərin tarixiliyinin zədələnməsi, minillərlə yaşa sahib Qala divarlarının sökülməsi, yüz yaşlı binaların yerində yeni fasadlı binaların ucaldılması az qala ənənəyə çevrilmişdi. Xarici ölkələrin səfirliklərinin və ya şirkətlərin buranın tarixi qoxusunu hiss etməkdən çox, Bakının ən bahalı və özəl hissəsində məskunlaşmaq istəkləri İçərişəhərin tikinti sahəsinə çevrilməsinə gətirib çıxarmışdı. Elə indinin özündə də şəhərdə gözəbatan binaların siyahısına nəzər saldıqda, onların əksəriyyətinin son illərdə inşa edilənlər olduğu görünür.

Nə qədər yaraşıqlı, bər-bəzəkli olsa da, yeni tikilən binalar İçərişəhərin gözəlliyinə xələl gətirir, onu gözən salırdı. Gözələ makiyaj etməyə nə hacət? İçərişəhərin elə köhnə, sınıq-salxaq tikililəri ilə gözəldir.

Ancaq bununla belə, şəhərdə görüləsi bir xeyli işin olduğunu söyləməmək də insafsızlıq olardı. Elə indilərdə də İçərişəhərdə restavrasiya işləri davam edir. Şəhərin kanalizasiya sistemi demək olar ki, tamamilə yenilənir. Çox az hissə qalıb ki, oralarda kanalizasiya sisteminin yenilənməsinə hələ başlanılmayıb. Təkcə, 2009-cu ildə prezident İlham Əliyev İçərişəhər ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün Prezidentin Ehtiyat Fondundan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 3 milyon manat vəsait ayırıb. Eyni zamanda, 2010-cu ildə də İlham Əliyev “İçərişəhər” Dövlət Qoruğunun abadlaşdırılması və uçmaq təhlükəsi olan binaların möhkəmləndirilməsi üçün Ehtiyat Fonddan müəyyən məbləğdə pul ayırıb.

Şəhərin tarixi əhəmiyyəti olan və ya olmayan tikililərinin restavrasiya olunaraq, möhkəmləndirilməsi İçərişəhərin hələ uzun əsrlər Azərbaycanın, Bakının şanlı tarixini bizdən çox sonrakı nəsillərə və dünyaya nümayiş etdirəcəyini deməyə əsas verir.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197

Oxşar yazılar