Ölkə naşirləri bir araya gəldi
27 may 2011 10:51 (UTC +04:00)

Ölkə naşirləri bir araya gəldi

Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında respublikada fəaliyyət göstərən nəşriyyat, poliqrafiya müəssisəsi və kitab yayımı təşkilatları rəhbərlərinin görüşü keçirilib.

Lent.az-ın məlumatına görə, 60-a yaxın kitab istehsalçısının bir araya gəldiyi toplantını mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq, müvafiq sahədə gedən proseslərin, uğurların və problemlərin geniş mənzərəsini yaradan məruzə ilə çıxış edib. O, hazırda ölkədə kitab nəşri və yayımı işini müasir dünya standartları səviyyəsində qurmaq üçün böyük imkanlar yarandığını deyib.

Nazir müavini prezident İlham Əliyevin bu sahədə atdığı addımları, latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsini, 150 cildlik dünya ədəbiyyatı seriyasının nəşrini, kitabxana-informasiya məkanının müasir tələblərə müvafiq yenidən qurulmasına dair dövlət proqramının mövcudluğunu, Azərbaycan kitablarının dünyanın nüfuzlu kitab sərgilərində nümayişini, ölkədə iki ildən bir beynəlxalq kitab sərgisinin keçirilməsini müsbət hal kimi vurğulayıb.

Vaqif Əliyev ölkədə mövcud nəşriyyat-poliqrafiya potensialını Azərbaycanın zəruri ehtiyaclarının ödənilməsinə istiqamətləndirmək, xalqın tarixi-mədəni, elmi, ədəbi dəyərlərinin təbliğinə yönəlmiş nəşrlərin həyata keçirilməsini təşviq etmək, ölkədə kitab nəşri işini beynəlxalq standartlara uyğun qurmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsinin, qanunvericiliyə müəyyən əlavə və dəyişikliklərin edilməsinin vacibliyini qeyd edib. O, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən bütün kütləvi çap məhsullarına Respublika Standart Kitab Nömrəsinin verilməsinin və nəşrin Respublika Nəşr Reyestrinə daxil edilməsinin bu sahədə faydalı nəticələr verə biləcəyini bildirib.


Tədbirdə “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov, “Avrasiya press” nəşriyyatının sədri Umud Rəhimoğlu, “Şirvannəşr” nəşriyyatının direktoru Qəşəm İsabəyli, “Kitab Klubu”nun direktoru Elxan Rzayev, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, “Əli və Nino” kitab dükanları şəbəkəsinin direktoru Nigar Köçərli çıxış edərək məsələ ilə bağlı öz fikirlərini bölüşüblər. Onlar Azərbaycan kitabının beynəlxalq aləmə tanıdılması üçün istər xarici ölkələrdə kitab sərgilərində iştirakı, istərsə də ölkəmizdə onun təşkilini təqdirəlayiq hal kimi qiymətləndiriblər, eyni zamanda digər şəxsi mülahizələrini, irad və təkliflərini diqqətə çatdırıblar.

Sonda iştirakçılar tərəfindən ölkə naşirlərinin birliyinin yaradılması məqsədəuyğun sayılaraq, bu istiqamətdə işlər görülməsinin vacibliyi qeyd olunub.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497

Oxşar yazılar