Uşaqlarımızın həyatı ilə oynamayaq! - ARAŞDIRMA
28 aprel 2011 11:10 (UTC +04:00)

Uşaqlarımızın həyatı ilə oynamayaq! - ARAŞDIRMA

Faciəli statistika
Azərbaycanda baş verən avtomobil qəzaları nəticəsində hər il onlarla uşaq ölür. Lent.az-ın məlumatına görə, yol nəqliyyat hadisələri zamanı azyaşlı piyadalarla yanaşı, xeyli sayda yetkinlik yaşına çatmamış sərnişinlər də xəsarət alır və ya dünyasını dəyişir. Lakin bu kimi hadisələrdən nisbətən sığortalanmaq və ya qaçmaq da olar.
Hərdən heç də təhlükəli olmayan qəza nəticəsində, məsələn, arxadan orta sürətlə gələn maşının öndəkinə çırpılması azyaşlının dünyasını dəyişməsinə səbəb olur. Səbəb isə valideynlərdən, həmin avtomobilin sürücülərinin səhlənkarlığıdır.
Lent.az-ın məlumatına görə, 2010-cu ildə Azərbaycanda 76 uşaq yol nəqliyyat hadisələri nəticəsində ölüb, 270 uşaq isə yaralanıb. Onlardan 26-sı sərnişin, 43-ü piyada kimi (digərləri isə velosipeddə və başqa hallarda) yol qəzalarının qurbanına çevrilib. Maraqlıdır ki, ölən 26 uşaqdan isə 15-in yaşı 7-dən az olub və onların əksəriyyəti hadisə zamanı maşının ön oturacağında oturubmuş.
2011-i ilin ilk üç ayında isə yetkinlik yaşına çatmamış 17 nəfər, yəni 17 ailənin övladı yol qəzalarında ölüb. Bu 17 uşağın 10-u avtomobillərdə olan sərnişindir. Həmçinin, daha 49 nəfər yaralanıb və onlardan 33-ü piyada, 15-i sərnişin, 1-i isə avtomobili idarə edən azyaşlı olub.
Uşaqlarınızın həyatı ilə oynamayın!
Gün ərzində küçələrdə şütüyən yüzlərlə avtomobildə körpələrin ön oturacaqda oturmalarının şahidi oluruq. Bəzən valideynin uşaqlardan birinin qucağında tutaraq, avtomobili idarə etməsini, digər uşaqların isə ön oturacaqda ayaq üstə sağa-sola boylanmalarının görürük. Bu isə potensial təhlükə, hansısa ailənin övlad faciəsi yaşaya biləcəyi deməkdir. Çünki qəza zamanı avtomobilə dəyən hər hansı normal zərbə nəticəsində onun daxilindəki insanların çəkisi təxminən 33 dəfə artır. Məsələn, övladını çox sevən ana maşının ön oturacağında oturub və 10 kiloqram çəkisi olan körpəsini qucağında tutub. Bu zaman maşına arxadan güclü zərbə dəyir. Uşağın çəkisi artıq 330 kiloqramdır və hər hansı insanın onu saxlaya bilməsi daha mümkün deyil. Həmin vaxt isə eyni zamanda hava yastıqları açılır. Daha böyük təhlükə isə bu zaman meydana çıxır.

Çünki avtomobillərdəki hava yastıqları açılarkən çox sərt formada ani olaraq şişir. Zərbənin gücündən isə insan önə itələnir. Bu anda həmin insanın qucağındakı körpə hava yastığı ilə qucağında olduğu şəxsin arasında qalır və zərbədən ölür (ümumiyyətlə hava yastığı açılarkən yetkin insanlar da güclü xəsarətlər alır, dodaqlar partlayır, burun sınır, sifətdə çoxlu göyərti əmələ gəlir).

Uşaqlar üçün xüsusi qurğu olmalıdır
Xarici ölkələrdə istehsal edilmiş avtomobillərdə uşaqların oturdulması üçün xüsusi qurğu olan korset işarəsi var. Lakin həmin işarədə qeyd olunur ki, uşaq korsetdə yalnız avtomobildə hava yastıqları olmadıqda və ya söndürüldükdən sonra oturula bilər. Yəni korset varsa və uşaq oturubsa, hava yastığı təhlükəlidir. Eyni zamanda həmin korset quraşdırıldıqdan sonra xüsusi kəmərlə oturacağa bərkidilir və təhlükəsiz yol başlayır. Sürücülər bunu arxa oturacaqda da edə bilərlər və daha rahat yolçuluğu təmin etmiş olarlar. Ümumiyyətlə, mütəxəssislər korsetlərin daha çox arxa oturacaqlarda quraşdırılmasını və uşaqların arxada oturdulmalarını məsləhət görürlər.
Bu zaman qeyd etməliyik ki, avtomobillərdə daha körpə uşaqlar üçün xüsusi beşiklər də quraşdırmaq mümkündür. Bu beşiklər uşağın yatması və daha rahat şəraitdə yola davam etməsi üçün çox faydalıdır.

“Uşaq bizi ziyana saldı”
Əksər xarici ölkədə azyaşlıların avtomobilin ön oturacağında oturdulması yolverilməzdir. Bu kimi əməllərə görə Avropa ölkələrində, yaxın Türkiyə və Rusiyada ciddi cəza tədbirləri nəzərdə tutulur. Azərbaycanda da qanunvericiliklə uşaqların ön oturacaqda oturdulması qadağandır. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, “Yol Hərəkəti Haqqında” qanuna əsasən, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 12 yaşınadək olanları həmin nəqliyyat vasitələrində daşımaq qadağandır. Buna yol vermiş sürücü inzibati xəta törətmiş hesab olunur: “Həmin sürücüyə qanunvericiliyin tələbinə uyğun olaraq, 20 manatdan 40 manatadək cərimə tətbiq olunur. Həmçinin sürücülük vəsiqəsinə 3 cərimə balı yazılır”.

BDYPİ-nin şöbə rəisi dedi ki, hərdən valideynin ön oturacaqda əyləşib özünü qucağındakı uşaqla birgə təhlükəsizlik kəməri ilə bağlaması halları da baş verir. Daha ciddi təhlükə isə elə bu zaman yarana bilər. Çünki ani zərbə nəticəsində kəmər həmin şəxsi sıxır. Arada qalmış azyaşlı isə ölümcül xəsarət alır və ya dünyasını dəyişir.

Sonuncu ailə faciəsi
K.Əliyev onu da bildirib ki, yol polisi bu kimi halların qarşısını almağa çalışır və oxşar hal baş verdikdə sürücünü saxlayaraq, müvafiq tədbir görür. Lakin problemin həllini polisin üzərinə qoymaq da olmaz. Bu problemin nədən ibarət olduğunu və nə baş verə biləcəyini valideynlər-sürücülər başa düşməlidir.
Bu problem ilk olaraq, insanların təfəkküründə həllini tapılmalıdır. Bu gün məktəb, bağça, parkların yaxınlıqlarında yüzlərlə “uşağını sevən” sürücüyə rast gəlmək olar. Hələ 2 yaşı tamam olmamış körpələri qucaqlarında oturdub sükanı onların əlinə verən valideynləri demirəm. Gəlin, uşaqlarımızı öz əllərimizlə təhlükəyə atmayaq.
Azərbaycanda uşaqların yol qəzasında ölməsi və yaralanması ilə nəticələnən son dəhşətli hadisə aprelin 25-də Neftçalada baş verib. Həmin gün Xıllı qəsəbə sakini, “VAZ 2107” markalı avtomobili ilə hərəkət edərkən “Mercedes”lə toqquşub. Nəticədə sürücünün 5 yaşlı oğlu Əlibəy hadisə yerindəcə öldü, 1 yaşlı oğlu Təbriz isə ağır xəsarətlər aldı. Uşaqların atası isə nisbətən yüngül xəsarətlərlə canını qurtarıb.

Bu kimi hadisələrdən sığortalanmaq da olar.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar