Londonda Belçikadan olan bir bərbər oğurlanıb. Quldurlar onu kriptovalyutadan sərvət qazanmış milyarderə oxşadaraq səhvən qaçırıblar.
Lent.az xarici mediaya istinadla bildirir ki, 21 yaşlı Kventin Sepelyak, tanınmış belçikalı futbolçuların bərbəridir və Londona bir qıza görə gedib. O, oğurluqdan əvvəl sosial şəbəkədə 20 yaşlı Davina Raaymakerslə tanış olub və kriptovalyuta ilə uğurlu ticarət etdiyini öyünüb. Davina isə cavabında varlı valideynləri olduğunu deyib və onu Londonun mərkəzindəki dəbdəbəli mənzilində həftəsonunu keçirməyə dəvət edib.
Kventin Sepelyak Londona gələndə, qız onu Şeferds Buş rayonunda kirayə götürülmüş birotaqlı mənzilə aparıb. Orada isə onu gözləyən dəstənin digər üzvləri – 28 yaşlı sevgilisi Adlan Hacı və daha iki nəfər hücum ediblər. Onlar bərbərin boğazına bıçaq dayayıb onu döyüblər və qorxutmaq üçün başqa bir adamın döyüldüyünü göstərən video göstəriblər.
Cinayətkarlar Sepelyakdan onlara 500 min funt sterlinq köçürməsini tələb ediblər. Lakin o, belə bir məbləğin olmadığını bildirib. Onun oğrulara göstərdiyi kriptovalyuta hesabında isə həqiqətən cəmi 6,71 funt sterlinq (təxminən 720 rubl) olub.
Bundan sonra onu Belçikadakı dostuna zəng edərək əlavə pul istəməyə məcbur ediblər. Dostu isə zəngdən sonra dərhal polisə müraciət edib. Nəticədə, oğrular bərbərin üzərindəki 2000 funt sterlini götürüblər, pasportu və telefonunu geri qaytararaq onu vağzala aparıblar. Orada isə onu artıq polis əməkdaşları qarşılayıb.
Sepelyak istintaqçılara onu saxladıqları mənzili göstərib. Cinayətkarları kirayə mənzil üzrə rezervasiya məlumatları və telefon nömrələri vasitəsilə müəyyən etmək mümkün olub. Onların hamısı günahlarını etiraf ediblər. Onları uzunmüddətli həbs cəzaları gözləyir.